Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8416/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Pirverdi oğlunun iştirakı ilə, İddiaçı Pirverdi oğlunun cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Əmircan qəsəbəsi, Qarayev küçəsi 23 nömrəli evin qarşısında yerləşən 870 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının qərarı əsasında ona fərdi yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsi ayrılsa da, yerləşmə cizgisi verilmədiyindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Halbuki, həmin sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bundan başqa, həmin qərarın Dövlət Arxivinin Bakı filialında aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, qərarın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Torpaq sahəsinin ayrılması barədə qərar əsasən toıpaq sahəsinin iddiaçıya naturada və akt əsasında təhvil verilməsinə rəğmən, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) əlavə etməmişdir. İddiaçı isə, öz tələbinin cavabdeh tərəfindən icrasının əsası kim cavabdehin qərarı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim olunmamışdır. Beləliklə, istər torpaq sahəsi iddiaçıya ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin, istərsə də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından RİH tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman onun ayrıc aktı olmalı və həmin akt qərara əlavə edilməli idi. Yəni iddiaçı həmin ayrıc aktını tələb etməkdə haqlıdır. Plan-cizginin, yəni ayrıc aktının verilməsinin onun səlahiyyətinə aid olmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, icra hakimiyyətləri tərəfindən vətəndaşlara torpaq sahəsi ayrılan zaman cavabdehin də istinad etdiyi qanunvericiliyin tələbləri baxımından torpaq sahəsinin yeri, planı əvvəla icra hakimiyyətləri tərəfindən dəqiq müəyyən edilməli, bundan sonra torpaq sahəsinin ayrılması barədə sərəncama həmin torpaq sahəsinin yerləşmə yerini təsdiq edən ayrıc aktı əlavə edilməlidir.
3. Bakı şəhərinin Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi, 23 nömrəli evin qarşısında 870 kv.m torpaq sahəsi 145-000-1290 nömrəli tipli layihə üzrə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır.
4. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Suraxanı rayon XDS İK-nin (indiki Suraxanı RİH) xx.xx.1991-ci il tarixli 16 saylı qərarı ilə Əmircan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 870,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətin müsbət həlli səlahiyyətlərinin xaricindədir.
5. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Əmircan qəsəbəsi, Qarayev küçəsi, 23 saylı evlə üzbəüz ərazidə yerləşən 870,0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin yerləşmə cizgisini RİH tərəfindəı təsdiqləyərək möhür vurulmasına köməklik göstərilməsi haqqında müraciətə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən 01 yanvar 2001-ci tarixdən etibarən Bakı şəhərində vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperati qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması və bu məqsədlər üçün müvafiq sənədləri verilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrə Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Bakı şəhərini rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatları müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxanşlar vermək surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barəd Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanın əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqan”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqınd Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisinc torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublika İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfinclən həyal keçirildiyindən müraciətin müsbət həlli səlahiyyətlərinin xaricindədir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
7. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı Pirverdi oğlunun cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair icraatınızda olan inzibati işlə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məlumat üçün bildirilmişdir ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respubiikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə ayrıc aktının (plan-sxemin) verilməsi” tələbinə dair iddianın mümkün sayılmamasını qanuna müvafiq hesab edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Pirverdi oğlunun Bakı şəhəri, Əmircan qəsəbəsi, Qarayev küçəsi, 23 saylı evin qarşısında yerləşən 870 kv.m torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, torpaq sahəsi ayrılan vaxtdan onun istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə yoxdur.
10. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdeh iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
21. Bakı şəhərinin Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi, 23 nömrəli evin qarşısında 870 kv.m torpaq sahəsi 145-000-1290 nömrəli tipli layihə üzrə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmışdır.
22. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. Məhkəmə hazırki iş üzrə araşdırmanı X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
24. Məhkəmə hesab edir ki, istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinə iddiaçının “qanuni gözləntisi” vardır. Cizginin verilməsindən imtina onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X2 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
25. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
26. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
27. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
28. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
29. Cavabdeh qurumun sözügedən sahəyə cizginin verilməsindən imtinası Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-cı il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulması ilə əsaslandırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasnın 25 iyun 1999cu il tarixli Qanunu ilə təsdiq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
30. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bəldiyyə, xüsusi.
31. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 870 kv.m. torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. Torpaq sahəsi hazırda Suraxanı rayonunun inzibati ərazi vahidində yerləşir. Bununla bağlı hər hansı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçıya Əmircan qəsəbəsi, Qarayev küçəsi, 23 nömrəli evin qarşısında olan sahədə fərdi ev tikmək üçün 870 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhərinin Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli 16 nömrəli qərarı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır.
32. Torpaq sahəsinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən Əsasnaməyə əsasən: 1.Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.
3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.
4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.
5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.
6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.
33. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
34. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.
35. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).
36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhərinin Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarı qüvvədə olduğundan iddia təmin edilməli, torpaq sahəsi hazırda Suraxanı rayonun inzibati ərazisində yerləşdiyindən Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi 23 nömrəli evin qarşısında olan sahədə yerləşən 870 kv.m torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.
37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Suraxanı Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı Pirverdi oğluna Əmircan qəsəbəsi, Qarayev küçəsi 23 nömrəli evin qarşısında olan sahədə ayrılmış 870 kv.m torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva