Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8416/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “məsələnin yenidən araşdırılması və müvafiq tədbirlərin görülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mümkün qısa zaman ərzində yenidən araşdırılma aparılması və hüquqi müstəvidə müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024 cü il, saat 23:00 tarixində Səməd Vurğun prospektinin Bəşir Səfəroğlu küçəsinin kəsişməsində avtomobil qəzası keçirmişdir. Belə ki, **-EE-*** dövlət qeydiyyat nişanlı, Kia Forte markalı avtomobil ilə Səməd Vurğun prospekti, Bakı Ağır Cinayətlər məhkəməsinin qarşısından üzü Sahil metrosu istiqamətinə düşərkən, sağ yoldan yəni Bəşir Səfəroğlu küçəsindən (yaşayış ərazisindən) hərəkətdə olan **-EP-*** dövlət qeydiyyat nişanlı, Toyota Carolla markalı nəqliyyat vasitəsinin sürücüsü sərxoş halda yola çıxaraq iddiaçının avtomobilini sağdan vurmuş və iddiaçı idarəetməni itirərək sol istiqamətə yıxılmış və salonun içində başı tavana dəyərək xəsarət almışdır. Hadisə yerinə yaxınlaşan YP-314 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən YPX əməkdaşı polis mayor İlkin bəy nə iddiaçını, nə də qarşı tərəfi sərxoşluqla bağlı yoxlanışa aparmadan, hadisəni tam ətraflı və obyektiv araşdırmadan protokol tərtib etmiş və bununla da iddiaçının sürücülük hüquqlarını pozmuşdur. Belə ki, polis əməkdaşı qarşı tərəfi sərxoşluq testinə aparıbsa belə iddiaçıya bununla bağlı heç bir sənəd göstərməmiş və xəsarət almağı ilə bağlı heç bir sual soruşmamışdır. İddiaçı qeyd edir ki, həmin kəsişmədə yol hərəkət qaydasını nizamlamaq üçün heç bir nizamlayıcı nişan yoxdur. Bu həmin ərazidə olan ilk qəza hadisəsi də deyil. Həmin ərazidə nizamlayıcı nişan olmadığı üçün eyni qəzalar digər sürücülərin də başına gəlib. İddiaçı yola birinci daxil olmuşdur və orada digər sürücünün yola daxil olub-olmadığını görmək iddiaçı tərəfimdən mümkün deyil. İddiaçı hesab edir ki, yolayırıcının tənzimlənməsinə ehtiyac vardır. Əlavə olaraq, X5 hadisə yerinə gələn zaman iddiaçını və qarşı tərəfi ilk növbədə sərxoşluq testindən keçirməli idi, lakin bu baş tutmadı və xəsarətlə bağlı heç bir məlumat almadı. Eyni zamanda, iddiaçıya əsassız olaraq cərimə və bal yazılmışdır. Qeyd edilən hala görə cərimə iddiaçıya yazıldığı üçün sığorta şirkəti iddiaçının xərclərini qarşılamır və bu vəziyyət iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Baş X8 idarəsinin binasında 5-ci otağına yaxınlaşaraq məlumat almaq istədikdə isə əməkdaşın “Qarşı tərəf sərxoşdursa, onun sizə heç bir adiyyatı yoxdur deyərək" göndərməsini düzgün hesab etmir. İddiaçı qeyd edir ki, hadisə zamanı videoçəkiliş və şəhər kameralarında qeydlər, həmçinin hal şahidləri də var. Hadisədən sonra polis mayoru Nicat Cəlilov iddiaçını çağıraraq təqsiri üzərinə götürməyi və izahatda qərarla razılaşmağı və imza çəkməyi bildirsə də, iddiaçı qərarla razı deyil. İddiaçı hesab edir ki, polis əməkdaşı ona qarşı qeyri-peşəkarçasına yanaşmışdır. Belə ki, vətəndaşlar qəza anında polisi çağırırsa, polis təkidlə test keçirməli idi. Həmin qəzada isə sərxoşluq testi ümumiyyətlə keçirilməmişdir. Sözügedən məsələ ilə bağlı iddiaçı həm BDYPİ, həm də AR DİN BDYPİnin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə yazılı müraciət etsə də, iddiaçıya BDYPİ tərəfindən həqiqətə uyğun olmayan cavab verilmişdir. X1 Layihə İstehsalat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-Ə-212201/11 /2024 saylı məktubla bildirilmişdir ki, həmin məsələyə AYNA baxır. Buna görə də iddiaçı yenidən müraciəti AYNA-ya ünvanlamalı olmuşdur. AYNA məsələ ilə bağlı qərar layihəsi hazırlandığını və çətinliyin aradan qaldıracağını bildirsə də, cavab yenə qeyri-müəyyən olmuşdur. Bütün bu səbəblərə görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər BPİ DYPİ-nin YNH üzrə şöbəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:06-da Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində iddiaçının idarə etdiyi «Kia Forte» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 idarə etdiyi «Toyota Corolla» markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq maddi ziyanla nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı Şəhər BPİ DYPİ YNHÜŞ-nin baş inspektoru, polis mayoru X3 tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikasının «Yol hərəkəti haqqında» Qanununun 77-ci maddəsində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarının pozulmasına görə iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş, 100 manat məbləğində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli, 2/66145 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, X4 ayıq vəziyyətdə olmuşdur.
4. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
5. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi aydın şəkildə ifadə edilməmişdir, qeyrimüəyyəndir. Belə ki, iddiaçı ləğv edilməsini tələb etdiyi qərarın nömrəsini və tarixini qeyd etməmişdir.
6. Digər tərəfdən məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
7. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
8. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
9. İnzibati Xətalar Məcəlləsindən: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görəqırx manat məbləğində cərimə edilir. 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 327.1-2. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. 327.3. Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görəyüz manat məbləğində cərimə edilir. 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görəyüz əlli manat məbləğində cərimə edilir. 327.5. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə yüz manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görəyüz manat məbləğində cərimə edilir. 327.7. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır.
10. Beləliklə, iddia ərizəsinin məzmunundan aydın olur ki, konkret halda tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, hazırda iddiaçı məhz inzibati xətanın (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş) törədilməsinə dair inzibati xəta haqqında qərarı və həmin qərar əsasında tətbiq olunmuş inzibati cəriməni mübahisələndirir. Odur ki, inzibati orqanın qeyd edilən hərəkətləri inzibati xətalara dair qanunvericiliklə tənzimləndiyindən tələb inzibati məhkəmə araşdırmasının predmeti deyil.
11. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
12. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunur.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva