Məhkəmə qərarları › İş №2-1(112)-8419/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8419/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8419/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 3-17-1/2-İ-54725/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, əmək kitabçası, hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla) 17 il 6 ay 15 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu, yəni, əmək kitabçasında xx.xx.2004-cü il tarixində işdən azad olma zamanı möhür vurulmadığından xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğundan iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxıla bilər. Bu imtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hərəkətlərinin qanunsuz sayılması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və iddia tələbinin dəqiqləşdirilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1975-ci il oktyabr ayından başlamış, müxtəlif tarixlərdə əmək fəaliyyətini fərqli yerlərdə davam etdirmişdir. xx.xx.1993-cü il tarixdən etibarən “AzinterOil” şirkətində işləməyə başlamış, xx.xx.2004-cü il tarixdə həmin şirkətdən işdən azad olmuşdur. İddiaçının DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizəsinə xx.xx.2023-cü il tarixli cavabına əsasən əsassız olaraq ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda buna səbəb kimi göstərilmişdir ki, əmək fəaliyyəti dövründə 25 illik iş stajı olmamışdır. Lakin iddiaçının iş stajı cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və göstərmişdir ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2023-cü ilin fevral ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdən görünür ki, iddiaçı xx.xx.1958-cı ildə doğulmuş, 65 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. İşdən görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi xx.xx.2023-cü ildə artıq 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İkinci şərtə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 17 il 6 ay 15 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı əmək kitabçasında xx.xx.2004-cü il tarixində işdən azad olma zamanı əmək kitabçasına vurulan möhür olmadığından onun xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək iddiaçının 17 il 6 ay 15 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği - (17+(6+15/30gün)/12ay) x306=5367,75 manat təşkil edir. Həmin kapitalın xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 16246,15 manat təşkil edir. İddiaçı X1 Sisteminin Pensiya altsistemində olan məlumata əsasən xx.xx.2006cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda aydın olur ki, tələb olunan pensiya kapitalı 23040 manat, iddiaçının topladığı pensiya kapitalı isə 16246,15 manat olduğundan, sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 055100 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilədək Tədris-istehsalat kombinatında, xx.xx.1975-xx.xx.1976-cı illərdə SSRİ X3 Bakı Elektron Maşınqayırma Zavodunun 11 saylı qabaritli elektrik mühərrikləri sexində dəlikaçan çilingər vəzifəsində işləmiş, xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildə Sovet Ordusundan təxris olunaraq 11 nömrəli nəzarətölçü cihazları sexinin mexaniki emalatxanasına 2-ci dərəcə ilə nəzarət-ölçü cihazları üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1988-xx.xx.1989-cu illərdə “Məişət təmir tikinti” İdarəsinin 8-ci trestinin Xüsusi Təsərrüfat Təmir-tikinti İdarəsində anbardar, xx.xx.1989-xx.xx.1990-cı illərdə “Dizayn” Yaradıcılıq Birliyinin 8 nömrəli Təmir- tikinti-quraşdırma İdarəsinin Maddi-texniki təminat şöbəsinin rəisi, xx.xx.1990-xx.xx.1990-cı illərdə “Təmirtikintidizayn” Trestinin İstehsalat- Texnoloji Komplektləşdirmə İdarəsində rəis müavini, xx.xx.1990-xx.xx.1991-ci illərdə Təminat İdarəsinin rəis müavini, xx.xx.1991-xx.xx.1992-ci illərdə 2 nömrəli İstehsalatkomplektləşdirmə sahəsinin rəisi, xx.xx.1992-xx.xx.1992-ci illərdə Azərbaycan Respublikası Elmlər X2 “Geoeko” Kiçik dövlət müəssisəsində baş mexanik, xx.xx.1992xx.xx.1993-cü illərdə Bakı şəhər İH Əhaliyə xidmət, bağçılıq və fərdi evlərin tikintisi Baş İstehsalat İdarəsinin Mexanikləşdirmə və nəqliyyat idarəsində baş mühəndis, xx.xx.1993xx.xx.1993-cü illərdə Səbal Yeyinti Ticarət İdarəsinin 43 nömrəli mağazasında 1-ci dərəcəli satıcı, xx.xx.1993-xx.xx.2004-cü illərdə “Azinteroyl” Birgə müəssisəsinin Nəqliyyat şöbəsində rəis vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının əmək stajını təsdiq edən yuxarıdakı sənədlərə əsasən onun 28 il 10 ay 2 gün əmək stajı mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının qeyd edilən işlədiyi dövrlərdən cəmi 17 il 6 ay 15 gün sığorta stajını qəbul edərək, mübahisələndirməsə də, xx.xx.2004-cü il tarixində işdən azad olma zamanı əmək kitabçasına vurulan möhür olmadığından onun xx.xx.1993cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək stajını qəbul etmir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericilik, şəxsin iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasını nəzərdə tuturdu. İşdən görünür ki, cavabdeh bu normaların tələblərini nəzərə almamış, iddiaçının “Azinteroyl” Birgə müəssisəsində işlədiyi xx.xx.1993 - xx.xx.2004-cü illərdəki dövrü onun sığorta stajına daxil etməməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Belə ki, cavabdeh bu zaman işdən azad olma zamanı əmək kitabçasına möhür vurulmadığına istinad etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasından görünür ki, kitabça xx.xx.2004-cü il tarixdə doldurulmuş, bu zaman əmək kitabçasının giriş hissəsinə möhür vurulmuşdur, lakin sonradan xx.xx.2004-cü ildə iddiaçının öz xahişi ilə işdən çıxması barədə qeyd aparılsa da, həmin qeyd müəssisənin möhrü ilə təsdiq olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən: -bənd 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. - bənd 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. - bənd 5.1. Əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində “___” seriyalı “___” nömrəli içlik açılmışdır”, qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Məhkəmə hesab edir ki, əgər cavabdeh müvafiq qeydin möhürlə təsdiqinə istinadən qeydin mötəbər olmasını qəbul edirsə, onda iddiaçıya məxsus əmək kitabçasının əlavə içliyinin doldurulması yuxarıda göstərilən qaydaya uyğun olduğundan və xx.xx.2004-cü il tarixli doldurulma qeydi müəssisənin möhrü ilə təsdiq edildiyindən, ən azından iddiaçının xx.xx.2004-cü il tarixə kimi işlədiyi dövrü qəbul etməli idi, hansı ki, belə olan halda iddiaçının 25 ildən artıq, 27 il 11 ay 16 gün iş stajı olurdu. Lakin cavabdeh ümumilikdə, iddiaçının “Azinteroyl” Birgə müəssisəsində işlədiyi dövrü qəbul etməmişdir. Bundan başqa, hazırkı halda iddiaçının işdən çıxma barədə qeydinin məsul şəxsin imzası ilə təsdiq edilsə də, təşkilatın möhürü ilə təsdiq edilməməsi iddiaçının məsuliyyətində deyil və bu hal, hələ həmin qeydin qanunsuz olması qənaətinə gəlmə üçün kifayət deyil. İddiaçının işlədiyi müəssisənin mövcud olduğu, 2004-cü ildə fəaliyyət göstərdiyi məhkəmə tərəfindən verilmiş sorğularla təsdiq olunur. Əgər cavabdeh həmin qeydin şübhəli olduğunu iddia edirsə, bu halı sübut etməlidir. Belə ki, bununla bağlı formalaşmış praktikasından istifadə etməklə müəssisə ilə sənədlərin yerində qarşılıqlı yoxlanmasını həyata keçirə, iddiaçının müəssisədə işləyib-işləməməsini müəyyən edə bilərdi. Lakin işin hallarından görünür ki, cavabdeh bu imkanlarından istifadə etməmişdir, yalnız formal əsaslara istinadən iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)- 45/2021 nömrəli qərarları). Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1993-xx.xx.2004-cü illərdə “Azinteroyl” Birgə müəssisəsində işlədiyi dövrlər də onun sığorta stajına daxil edilməlidir. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə onun 25 ildən artıq iş stajı mövcuddur və bu səbəbdən ona yaşa görə əmək pensiyası təyin edilməlidir. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar