Məhkəmə qərarları › İş №2-1(112)-8419/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8419/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8419/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamı ilə iddiaçıya ünvan 1 ünvanındə fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu isə torpaq sahəsinin yerləşmə sxeminin olmadığı üçün ona çıxarışın verilməsinin imkanları xaricində olduğu bildirmişdir. İddiaçı yerləşmə sxeminin alınması barədə cavabdehə müraciət etmiş, onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamında iddiaçının adı “Baxçəli” kimi qeyd olunmuşdur, lakin məhkəmə sənədlərində isə “Baxcəli” kimi qeyd olunmuşdur. Hazırkı məhkəmə təcrübəsində ad, soyad və ya ata adında hərf səhvləri və sair kimi hallar mövcud olan sənədlər rayon məhkəmələrində xüsusi icraat qaydasında ərizələr verilməklə, qeyd olunan şəxslərə məxsus olub-olmaması faktının təsdiqlənməsi zəruri hesab olunur. Hazırki vəziyyətdə subyektiv hüququn kimə məxsus olması qeyrimüəyyəndir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” X1 istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) və xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Əlavə olaraq, iddiaçı cavabdehə müraciət etdikdən sonra cavabdeh orqanın əməkdaşları həmin torpaq sahəsinə baxış keçirmişdir. Əldə olunan fotolardan da görünür ki, sözügedən torpaq sahəsində bugünkü gün belə hər hansı tikili başa çatdırılmamış və sərəncamın verilməsindən artıq 23 il müddət ötmüş və vətəndaş həmin vaxt tikilini vaxtında yerinə yetirmədiyi üçün həmin sərəncamın qüvvəsi itmişdir. Hüquqi qüvvəsini itirmiş inzibati aktın icrası və həmin akta dair hər hansı prosessual hərəkətlərin edilməsi mümkün deyil. Həmin akt 3 il müddətində tikintinin başa çatdırılmaması nəticəsində öz hüquqi qüvvəsini itirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə Tovuz rayonu, Çatax kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İşə iddiaçının cavabdehə müraciətini təsdiq edən xx.xx.2025-ci il tarixli qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 aprel 2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış torpaq sahəsindən 600 kv.metr torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. İddia ərizəsinə “Əmlak Ekspert Mərkəzi”nin xx.xx.2025-ci il tarixli “X2” proqramına əsasən ərazinin döngə nöqtəsinin koordinatları və xəritə üzrə yerləşmə əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 19 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, WGS 84/UTM zona 39N koordinatlar sistemində məktubda qeyd edilən koordinatlarda olan həmin 430 kv.metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün “SOCAR”-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz borcu kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0,06 hektar təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunub. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazi vahidində yerləşir. Torpaq sahəsinin çox hissəsi “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin digər torpaq sahələri ilə üst-üstə düşməsi bazada müşahidə edilmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdə olan qəbzdən müəyyən edilir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh hərəkətsizlik göstərərək müraciətə cavab verməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən qanunsuz hərəkətsizlik göstərilmişdir. Cavabdeh isə məhkəməyə iddia tələbinə etirazla müraciət edərək iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsasını 4 hal təşkil edir: 1) İddiaçının sərəncamda adının “Baxçəli” kimi, lakin digər sənədlərdə “Baxcəli” kimi qeyd olunması səbəbindən subyektiv hüququnun qeyri-müəyyənliyi; 2) Müvafiq mütəxəssis rəyinin alınması; 3) İddia edilən fəaliyyətin cavabdehin səlahiyyətlərinə aid olmaması; 4) Torpaq sahəsində tikinti işlərinin 3 il müddətində başa çatdırılmamasına görə öz hüquqi qüvvəsini itirməsi; Məhkəmə etirazda qeyd edilən hallara münasibət bildirməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, cavabdehin etirazda subyektiv hüquqla bağlı qeyd etdiyi hallar formal xarakterə malikdir və iddiaçıya torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsinə maneçilik yaratmır. Belə ki, iddiaçının adı “Baxcəli”dir, lakin sərəncamda “Baxçəli” olaraq qeyd edilmişdir. Bununla yanaşı iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvan Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamında göstərilən ünvanla eyniyyat təşkil edir. Göründüyü kimi iddiaçının adındakı sərəncamda “Baxçəli” kimi göstərilməsi yalnız texniki yanlışlıqdır və həmin sərəncamla məhz iddiaçıya torpaq sahəsinin ayrılması hər hansı şübhə doğurmur. Eyni zamanda iş üzrə müvafiq mütəxəssis rəyinin alınması üçün məhkəmə tərəfindən sorğu göndərilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyini məhkəmə təqdim etmişdir. Həmin mütəxəssis rəyində də torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq 0,06 ha təşkil etməsi, dövlət mülkiyyəti torpağı olması, sahənin digər torpaq sahələri ilə üst-üstə düşməməsi, hər hansı və sair hallar öz əksini tapmışdır. Cavabdeh iddia edilən fəaliyyətin cavabdehin səlahiyyətinə aid olmadığını bildirsə də, yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsul inzibati orqandır. Cavabdeh sözügedən torpaq sahəsində hər hansı bir tikilinin aparılmadığını, sərəncamın verilməsindən 23 il müddət ötdüyünü və iddiaçı hər hansı bir tikinti işi aparmadığı üçün sərəncamın hüquqi qüvvəsini itirdiyini qeyd edir. “İnzibati İcraat haqqında” Qanuna əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər (68.2.2). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi şəxsin inzibati aktda göstərilən müddət daxilində verilən imtiyazlardan imtina etməməsi halında qanunvericilik, aktı qəbul etmiş orqanın həmin aktı ləğv etməsini imperativ norma kimi qeyd etməmişdir. Eyni zamanda Bakı şəhəri Cavabdeh başçısınınxx.xx.1992-ci il tarixli, 168 saylı Sərəncamı cavabdeh tərəfindən ləğv edilməmişdir. Sərəncamda ayrılmı torpaq sahəsində 3 il müddətində tikinti işlərinin aparılması nəzərdə tutulsa da, həmin müddət ərzində tikinti işləri aparılmadığı halda sərəncamın qüvvədən düşəcəyi və ya ləğv ediləcəyi barədə hər hansı qeyd aparılmamışdır. Göründüyü kimi Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli 168 saylı Sərəncamı ləğv edilməmişdir və qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1992-ci il tarixli, 168 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar