Məhkəmə qərarları › İş №2-1(112)-8420/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8420/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8420/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. xx.xx.2007-xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş İdarəsinin Tibbi xidmətinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2009 - xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2011xx.xx.2016-cı illərdə həmin təşkili şöbənin rəisi, xx.xx.2016-xx.xx.2017-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsində baş məsləhətçisi, xx.xx.2017-xx.xx.2022-ci illərdə həmin şöbənin müdir müavini vəzifələrində qulluq keçmişdir. Qeyd edilənlərə əsasən iddiaçının 15 il 3 ay dövlət qulluğu stajı vardır. xx.xx.2013-cü il tarixdə 63 yaşda yaşa görə əmək pensiyasına çıxmışdır. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, dövlət qulluğu stajı 15 ildən az, yəni 10 il 2 ay 27 gün (xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir, iddiaçının xx.xx.2011-xx.xx.2016-cı il tarixlərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi dövr dövlət qulluğu stajına nəzərə alınmır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, işlədiyi müddətdə ona hərbi və xüsusi rütbə verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 noyabr 2022-ci il tarixində daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan aydın olur ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (10 il 2 ay 27 gün (xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 saylı imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. - Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 9-3/2-Q-37-42-154/2023 nömrəli məktubu ilə iddiaçıya xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, dövlət orqanlarında mövcud olan inzibati və yardımçı dövlət qulluğu vəzifələrinin adları Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda əksini tapmışdır. Qeyd edilən Topluda şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-18/2-1291/2023 nömrəli arayışından görünür ki, iddiaçıya işlədiyi müddətdə hərbi və xüsusi rütbə verilməmişdir. - Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışdan görünür ki, iddiaçıya 01 noyabr 2020-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində vəzifə maaşını, qulluq stajına görə əlavəni, ixtisas dərəcəsinə görə əlavəni, hakimiyyət səlahiyyətlərinə görə əlavəni, vəzifə maaşına digər əlavələri, məzuniyyət pulunu, əmək qabiliyyətinin olmamasına görə əlavələri almışdır. - İddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.2007 - xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş idarəsinin Tibbi xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (əmr 611/S, xx.xx.2007), xx.xx.2009 - xx.xx.2011-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (763/Ş №-li, xx.xx.2009-cu il), xx.xx.2011-xx.xx.2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində (1764/Ş, xx.xx.2011-cü il), xx.xx.2016-xx.xx.2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində (1465/Ş №-li, xx.xx.2016-cı il), xx.xx.2017xx.xx.2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəricələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini (1700/Ş, xx.xx.2022-ci il ) vəzifəsində qulluq keçmişdir. xx.xx.2009-cu il tarixdə 2ci dərəcə dövlət qulluqçusu ilkin ixtisas dərəcəsi, xx.xx.2017-ci il tarixdə 1-ci dərəcə dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə Dövlət Qulluğunun müşaviri ixtisas dərəcəsi verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 14. Dövlət qulluqçusu 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. ... Maddə 22. Dövlət məvacibi ... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); ... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1950-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2007 - xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş idarəsinin Tibbi xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi, xx.xx.2009 xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi, xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi, xx.xx.2016-xx.xx.2017-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi, xx.xx.2017xx.xx.2022-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini vəzifələrində qulluq keçmişdir. xx.xx.2009-cu ildə ona 2-ci dərəcə dövlət qulluqçusu ilkin ixtisas dərəcəsi, xx.xx.2017-ci ildə 1-ci dərəcə dövlət qulluqçusu, xx.xx.2020-ci ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması xahiş etmişdir. İşdə olan cavabdehin məktubundan görünür ki, o, iddiaçının qulluq müddətini 10 il 2 ay 27 gün müəyyən edərkən onun xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı qulluq keçdiyi dövrləri qəbul etmişdir. İddiaçı hazırda onun dövlət qulluğunda staj müddətinin 15 ildən çox təşkil etdiyini iddia edərək, onun xx.xx.2011 xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində çalışdığı illərin də qulluq stajına daxil edilməklə dövlət qulluğusu kimi ona əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh isə həmin dövrlərin dövlət qulluğuna daxil olmadığından iddiaçının qulluq stajına daxil edilməsinin mümkünsüz olduğunu bildirir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmayaraq aşagıdakıları qeyd edir. İddiaçının xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasındakı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində müvafiq vəzifələrdə fəaliyyət göstərdiyi dövrlərin onun dövlət qulluğu stajına hesablanması işin mübahisə doğurmayan halıdır. Hazırkı mübahisə iddiaçının xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətlə bağlıdır. DİM-in məktubuna istinadən cavabdeh hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmamalıdır. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində qulluq etmə müddəti aşagıdakılardan ibarətdir: xx.xx.2007 - xx.xx.2009-cu illərdə Təsərrüfat və xidmət sahələri ilə iş Baş İdarəsinin Xidmət sahələri ilə iş İdarəsinin Tibbi xidmətinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində - 1 il 8 ay 7 gün, xx.xx.2009 - xx.xx.2011-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində - 2 il 7 ay 27, xx.xx.2011 - xx.xx.2016-cı illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində - 5 il 9 gün, xx.xx.2016 - xx.xx.2017-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində - 1 ay 11 gün, xx.xx.2017 - xx.xx.2022-ci illərdə Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Xilasetmə işinin təşkili şöbəsinin müdir müavini – 5 il 9 ay 12 gün. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun (1 noyabr 2012-ci il tarixli 718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 5-ci hissə ləğv edilmişdir) V. Keçid müddəalarında göstərilmişdir ki, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında (1-ci və 2-ci kateqoriya dövlət orqanları istisna olmaqla) və onların bölmələrində müvafiq təsnifatlar üzrə mövcud olan baş idarə, idarə, departament və müstəqil şöbə rəisləri — şöbə müdirinə, şöbə rəisləri — sektor müdirinə, baş mütəxəssis vəzifələri baş məsləhətçi və ya böyük məsləhətçi vəzifələrinə, aparıcı mütəxəssis vəzifələri aparıcı məsləhətçi vəzifələrinə, mütəxəssis vəzifələri isə məsləhətçi vəzifələrinə uyğunlaşdırılırdı. Ümumiyyətlə isə qanunvericiliyə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən sonra dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin şəxsin dövlət qulluğu stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1398 saylı Fərmanının 2.1-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasının və şərtlərinin üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Hazırkı tarixədək həmin qayda təsdiq edilməsə də, məhkəmə hesab edir ki, qanunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsini nəzərdə tutan norması hazırda qüvvədədir. Belə olan halda, məhkəmə hesab edir ki, müvafiq qaydanın təsdiq edilməməsi iddiaçının sosial təminatını məhdudlaşdıran hal kimi qəbul edilməməlidir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 15.2-ci maddəsinə görə isə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Hazırki halda Təsnifat Toplusuna istinadən şöbə rəisi vəzifəsi nəzərdə tutulmadığından həmin vəzifədən bir pillə aşagı sayılan şöbə rəisinin müavini vəzifəsində iddiaçının qulluq müddətinin dövlət qulluğunda stajına nəzərə alınması, lakin şöbə rəisi vəzifəsində qulluq müddətinin nəzərə alınmaması iddiaçıya münasibətdə ayrı-seçkilik hesab olunmalıdır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya münasibətdə fərqli rəftarın X5 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Avropa Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X2rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2011-xx.xx.2016-cı illərdə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibb xidməti və psixoloji yardım işinin təşkili şöbəsinin rəisi vəzifəsində işlədiyi illər fövqəladə orqanlarında işlədiyi müddət kimi onun dövlət qulluğu stajına daxil edilərək ona dövlət qulluqçusu kimi əmək pensiyası əmək pensiyası təyin edilməlidir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü ki, cavabdeh inzibati orqanın iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar