Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8421/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əlavə 2380 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi 1107, qeydiyyat tarixi xx.xx.2007-ci il olan çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bundan başqa, AR DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********50-1031, qeydiyyat nömrəsi 111106887, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********26- 1031, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Sadalanan Çıxarışlara əsasən göründüyü kimi, 0,28 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Qeyd edilən 0,28 ha totpaq sahəsi, eləcə də istifadəsində olan 2380 kv. metr həyətyani sahə tərəfindən ümumi hasara alınmışdır. Nəticədə hasar daxilində yerləşən torpaq sahəsi 51,80 sot təşkil edir. Tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi hasar daxilində istifadəsində olan əlavə 2380 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə ********** saylı xx.xx.2022-ci il tarixli məktubla müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh tərəfindən **********03 saylı xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. İmtinanın mahiyyətindən belə başa düşülür ki, istifadəsində olan əlavə 2380 kv. metr torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında olduğu və bir hissəsinin isə ümumi istifadə edilən yolu əhatə etdiyi üçün ərizənin icrası təmin edilməmişdir. Hesab edir ki, mülkiyyətində olan daşınmaz əmlakın həyatyanı torpaq sahəsindən istifadə hüququ qanundan irəli gəldiyindən imtina əsassızdır. Belə ki, 2380 kv. metr torpaq sahəsi mülkiyyətində olan fərdi yaşayış evlərinin həyətyanı sahəsidir və onun faktiki istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ilə bağlı xx.xx.2022-ci il tarixli **********88 №li yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçının istifadəsində olan əlavə 2380 kv. metr torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında olduğu, bir hissəsinin isə ümumi istifadə edilən yolu əhatə etdiyi müəyyən edilmişdir. Bununla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evləri sökülmüşdür və fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Bununla bağlı idarə tərəfindən iddiaçıya **********03 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Torpaq sahəsinin faktiki ölçüsü 5180 kv. metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Elektrik şəbəkələrinin mühafizəsi" qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə- park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai- iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 373 saylı sahədə yerləşən 0,1 ha olan torpaq sahəsi xx.xx.2007-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 6724 nömrəli vərəqində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 371,3 kv. metrdən ibarət fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 16863 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında, xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,57 kv. metr olan fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 21968 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********03 saylı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktubda müraciətçiyə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı ərizəçiyə məxsus fərdi yaşayış evlərinin söküldüyü və ümumi hasar daxilində yerləşən torpaq sahəsinin 5180 kv. metr təşkil etdiyi məlum olmuşdur. İstifadəsində olan əlavə 2380 kv. metr torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında olduğu, bir hissəsinin isə ümumi istifadə edilən yolu əhatə etdiyi müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən əlavə torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evlərinin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı; “X4 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 140 №-li müətəxəssis rəyində qeyd olunmuşdur ki, müraciət ərizəçinin nümayəndəsinin iştirakı ilə təqdim olunan sənədlərə əsasən yerində araşdırıldı. Naturada ərizəçinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə əvvəlcə onun mülkiyyətində olan torpaq sahələrinin koordinatları, sonra isə hasar daxilindəki faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Google Yer proqramının ortofoto görüntüləri üzərinə otuzdurularaq dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ümumilikdə 5180 kv. metr təşkil edir. Bundan 2153 kv. metr artıq istifadə olunan torpaq sahəsidir. RX seriyalı ******* nömrəli çıxrışa əsasən mülkiyyətində olan, Bakı şəhəri Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi 373 saylı sahədə 0,1 ha torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahələri arasında gediş-gəliş yolu kimi dalan olmuşdur ki, bu dalan da sonradan ərizəçinin istifadəsində olan torpaq sahələrinin hasarı daxilinə qatılmışdır. Dalanın ərizəçinin torpaq sahəsinə qatılması digər qonşuların öz torpaq sahələrindən sərbəst istifadəsinə maneçilik törətmir. Bununla yanaşı qeyd olunur ki, ərizəçinin əhatəyə aldığı əlavə torpaq sahəsinin 189 kv. metr hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağında yerləşir. Ərizəçinin xüsusi mülkiyyətində olan torpaq sahələri isə naturada ardıcıl olaraq 1233 kv. metr, 909 kv. metr və 606 kv.metr təşkil edir. "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/02/12- 13/M-633/4655 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrənin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən İddiaçı məxsus, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi 6 kv.-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və qeydiyyata alınmasına etiraz etmirlər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun; - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi,373 saylı sahədə yerləşən 0,1 ha torpaq sahəsi; xx.xx.2011-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq (üzərində sahəsi 371,3 kv. metrdən ibarət fərdi yaşayış evi ilə birgə) və xx.xx.2013-cü il tarixdən xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi (üzərində sahəsi 109,57 kv. metr olan fərdi yaşayış evi ilə birgə) ilə bərabər həmin torpaq sahələrinə bitişik eyni hasar daxilində İstiqlaliyyət küçəsi 373 saylı sahə, ev 7 və ev 23 ünvanında yerləşən əlavə 2380 kv. metr torpaq sahəsi də onun faktiki istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.4-cü maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər Belə ki, İddiaçı istifadəsində olan mübahisəli torpaq sahəsinin bir hissəsinin elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bundan əlavə balanssaxlayıcı "xxxx" ASC tərəfindən mübahisəli torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyi və həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etmədikləri bildirilmişdir. Cavabdehin digər -mübahisəli torpaq sahəsinin bir hissəsinin ümumi istifadə edilən yolu əhatə etməsinə dair dəlilinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin dəlil məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır. Belə ki, iş üzrə verilmiş mütəxəssis rəyindən də göründüyü kimi, mübahisəli torpaq sahəsinin əhatə etdiyi yol, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələri arasında gediş-gəliş yolu kimi dalan olmuşdur ki, bu dalan da sonradan sonuncunun istifadəsində olan torpaq sahələrinin hasarı daxilinə qatılmışdır. Dalanın iddiaçının torpaq sahəsinə qatılması digər qonşuların öz torpaq sahələrindən sərbəst istifadəsinə heç bir maneçilik törətmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq MH seriyalı ******* №-li; MA seriyalı ******* №-li və MA seriyalı ******* №-li çıxarışlara əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2380 kv. metr əlavə torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8421/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8421/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver