Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8423/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayon Binəqədi qəsəbəsi 2ci mədən 73-cü korpusda yerləşən alğı-satqı müqaviləsi əsasında əldə etdiyi 200 m2 torpaq sahəsi, eləcə də qeyd edilən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahilş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Binəqədi qəsəbəsi 2-ci mədən 73-cü korpusda yerləşən torpaq payı üzərində və qeyd edilən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-T-00278/2023 **********53 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə əsassız imtina edilmişdir. Bildiririr ki, Binəqədi Rayonu X1 07 oktyabr 2004-cü il tarixli, 1200 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X3 mülkiyyətinə verilmişdir. Belə ki, bundan sonra X1 sədri X6 ilə X8 arasında “torpaqların alğı-satqısına dair akt” imzalanmış, akt əsasında ünvan 1 ünvanında fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan sonra X3 nümayəndəsi X7 E.Tağıyev adından xx.xx.2018-ci il tarixdə mənə etibarnamə vermiş və həmin etibarnamə ilə, X1 07 oktyabr 2004-cü il tarixli, 1200 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikilməsi üçün E.Tağıyevə verilmiş 600 m2 torpaq sahəsinin 200 m2 hissəsinə dair bütün hərəkətləri həyata keçirməyi ona etibar etmişdir. Əlavə olaraq X8 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, E.Tağıyevin mülkiyyətində olan X1 07 oktyabr 2004-cü il tarixli, 1200 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikilməsi üçün E.Tağıyevə verilmiş 600 m2 torpaq sahəsinin 200 m2 hissəsini 10.500 manat pul ödəməklə satın alıb. 2018-ci il tarixində həmin torpaq sahəsində fərdi yaşayış evi tikərkən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri monitorinq keçirərək tikinti işi aparmağına razılıq verməmişlər. Hazırda onun evi ilə eyni küçədə Ədliyyə Nazirliyinin İnzibati qaydada həbs olunan şəxslərin Müvəqqəti Saxlanılması idarəsi yerləşir. 2019-cu il tarixində “Azəriqaz” İB tərəfindən fərdi yaşayış evinin şəkilləri çəkilərək mənimlə yaşayış evinin qazlaşdırılması haqqında müqavilə bağlanmış və evinə təbii qazın verilməsi həyata keçirilmişdir, qazla təmin edilib və digər işıq, su, telefon xətləri və s. kommunal xidmətlərdə öz adına müqavilə əsasında təmin edilmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏD Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edib. İdarədən ona göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ona məxsus torpaq sahəsinin alğı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır.
3. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina X3 nümayəndəsi kimi İddiaçı göndərilmişdir.
4. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2004-cü il tarixli 1200 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində 600 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.
5. X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsi 1200 nömrəli 07 oktyabr 2004-cü il tarixli Sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə ərazisində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m-dən ibarət 200 kv.m. torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi tərəflərin öhdəlikləridir. Həmin ilkin müqaviləyə əsasən torpaq sahəsinin və üzərində yerləşən tikilinin qiyməti 10500 manat məbləğində müəyyən olunmuş və qiymətin 7500 manat hissəsini notariusun depozit hesabı vasitəsilə, qalan 3000 manatını isə nağd şəkildə xx.xx.2018-ci il tarixə kimi ödəməyi öhdəsinə götürür.
6. Məhkəmənin (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmənin (mümkünlük) iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
13. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair sərəncam X3 adınadır. İddiaçı ilə qeyd edilən şəxs arasında torpaq sahəsi və üzərindəki tikiliyə münasibətdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır.
14. Mülki Məcəllədən: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
15. Məhkəmə həmin ilkin müqavilənin etibarlılığına (hüquqi qüvvəsinə) qiymət vermədən qeyd edir ki, torpaq sahəsinə dair ilkin hüquqmüəyyenedici sənədlər (bələdiyyənin sərəncamı, torpaqların alqı-satqısına dair akt və ödəniş qəbzi) X4 adınadır və qeyd edilən ilkin müqaviləyə əsasən 200 m2 torpaq sahəsi və üzərindəki tikilinin “dəyəri” müəyyənləşdirilmişdir.
16. Odur ki, iddiaçının həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair hüquqlarının qeydə alınmasını tələb etməyə subyektiv hüququ yoxdur.
17. Odur ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
18. Məhkəmə qeyd edir ki, qeyd edilən tələblə iddianı qaldırmağa subyektiv hüquq X5 məxsusdur. İddia uğurlu olduğu və torpaq sahəsi və ev üzərində qeyd edilən şəxsin hüquqları qeydə alındığı təqdirdə, tərəflər arasında gələcəkdə (əsas) alqı-satqı müqaviləsi bağlana bilər.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva