Məhkəmə qərarları › İş №2-1(112)-8424/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8424/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8424/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuşdur. Hal-hazırda təqaüdə çıxır. Əmək pensiyasının təyin edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı "Dost" Mərkəzinə etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubunu almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, əmək fəaliyyətinə xx.xx.1975-ci il tarixdə başlamış və əmək kitabçasında qeyd olunduğu kimi müxtəlif iş yerlərində, müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin, xx.xx.1976-cı il tarixdən xx.xx.1981-ci il tarixə qədər ali təhsil almışdır. Cavabdeh təşkilat ümumi iş stajını 20 il 10 ay göstərməklə, işlədiyi bəzi dövrlərdə adına əmək haqqı hesablanması barədə məlumatları əldə edə bilmədikləri səbəbi ilə həmin dövrlərin ümumi sığorta stajına hesablanmasından imtina etmişlər. Cavabdeh təşkilatın imtinasını qanunsuz və əsassız hesab edir. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1.fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2. azı 25 il sığorta stajı olduqda. Cavabdeh təşkilat pensiya kapitalının az olmasını hesablayıb bildirsə də, faktiki olaraq 25 ildən yuxarı olan sığorta stajını əsassız mübahisələndirməklə ona əmək pensiyası təyin olunmasından imtina edir. Belə ki, cavabdeh təşkilat 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən, əmək kitabçaında qeyd olunmuş X9 birliyində 1992-ci il tarixində 6 ay, xx.xx.1993cü il tarixindən xx.xx.1995-ci il tarixinədək il ərzində, 1996-cı il tarixində 6 ay, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək il ərzində Salyan rayonu 3 saylı orta məktəbdə xx.xx.2005-ci il tarixindən 01.01 2006-cı il tarixinədək müddətlər ərzində adına əmək haqqı hesablanmadığına əsaslanaraq, ümumi sığorta stajını 20 il 10 ay kimi qeyd etmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun müvafiq müddəasından da, göründüyü kimi, iş dövrləri ümumi sosial sığorta stajının əsaslarından biridir. Əmək kitabçasından da, göründüyü kimi, o, mübahisə edilən dövrlərdə rəsmi qaydada müəssisələrin müvafiq əmrləri ilə işə qəbul edilib, işdən azad edilmişdir. Bunu əmək kitabçasındaki məsul şəxslərin imzaları və müəssisələrin möhürləri təsdiq edir. Hər hansı məsul şəxslərin əmək haqqı cədvəllərini tərtib etməməsi və ya arxiv idarəsinə göndərməməsi və digər hansısa fəaliyyətsizlikləri onun səhvi deyil. İşdə olduğu dövrlərlə bağlı əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edilir. Onun əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisələrinin fəaliyyətinin olması tam sübuta yetirilir. Müəyyən olunur ki, onun işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisələr mövcud olmuş, o, həmin müəssisələrdə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuşdur, o cümlədən əmək haqqı almışdır. Sadəcə olaraq qeyd olunan dövrlərdə müəssisələrin sənədləri arxivə təhvil verilmədiyindən onun həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Onun X9 biliyində 1992-ci il tarixində 6 ay, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək il ərzində, 1996-cı il tarixində 6 ay, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək il ərzində, Salyan rayonu 3 saylı orta məktəbdə isə xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan iş illəri "Əmək Pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər onun sosial sığorta stajı kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-sı xx.xx.2021-ci il tarixli,2-1(102)-410/2021 nömrəli qərarında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentybar 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar,idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il sığorta stajından, pensiya kapitalının isə əmək pensiyasının minimum məbləğindən az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı H.S.Zərbəlivevanın təqdim etdiyi xx.xx.1976-cı il tarixli əmək kitabçasına və təhsil haqqında diplomunun surətinə əsasən sığorta stajı» 20 il 10 ay təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 10 ay sığorta stajına uyqun olaraq 14987,97 manat, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 640,13 manat olmaqla, ümumilikdə 15528,10 təşkil edir ki, bu məbləğ pensiya yasının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, 02,12.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Salyan rayonu X9 birliyində, Salyan rayonu 3 saylı orta məktəbdə işlədiyini iddia etdiyi dövrlər üzrə bəzi aylarda əmək haqqı almadığı tərəflərindən aşkar edilmiş və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlər üzrə 2 saylı Şirvan-Salyan regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Qarşılıqlı yoxlama aktına əsasən iddiaçının 1990-cı ilin bütün ayları üzrə, 1991-ci ilin 5 ayı üzrə, 1992-ci ilin 6 ayı üzrə, 1993, 1994, 1995-ci illərin bütün ayları üzrə, 1996-cı ilin 6 avı üzrə, 1997, 1998, 1999, 2000-ci illərin bütün ayları üzrə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan avlar üzrə əmək haqqı hesablanmayıb. Həmçinin bildirilmişdir ki, iddiaçı H.S.Zərbəlivevanın inzibati orqana müraciəti zamanı adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinət təyin edilməmişdir. Məhz bu səbəblərə görə də, İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı, onun nümayəndəsi və vəkili isə gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2022-ci il tarixli, **********1 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi xx.xx.1976-cı il tarixli əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı dövr) 20 il 10 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 1 ay sığorta stajına uyğun olaraq 14.987,97 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 640,13 manat olmaqla, ümumilikdə 15.528,10 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq xx.xx.1976-cı il tarixində adına tərtib olunmuş əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 2 saylı Şirvan-Salyan regioanl filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş X9 birliyində 1992-ci il tarixində 6 ay, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək il ərzində, 1996-cı il tarixində 6 ay, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixindək il ərzində Salyan rayonu 3 saylı orta məktəbdə xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya mxəsus ЖВ seriyalı, 025038 nömrəli diplomun surətindən görünür ki, X3 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1981-ci ildə həmin institutda elektrik hesablayıcısı maşınları ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçının əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1975-ci ildə ərzaq anbarına fəhlə qəbul edilmiş, xx.xx.1976-cı ildə 12 nömrəli filial köşkünə kiçik satıcı keçirilmiş, xx.xx.1976-cı ildə təhsillə əlaqədar işdən azad edilmiş, xx.xx.1979-cu ildə Azərbaycan SSR MBOM “Paltarın Kimyəvi təmizlənməsi və boyanması” Respublika İstehsalat Birliyinə 2 nömrəli camaşırxanaya 1-ci dərəcəli yuyucu qəbul edilmiş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1981-ci ildə Bakı Radiozavodu 1 nömrəli sexə 8-ci dərəcəli yığma-montajçı qəbul edilmiş, xx.xx.1982-ci ildə OÇK-KB-3-ə mühəndis keçirilmiş, xx.xx.1983-cü ildə 3-cü dərəcəli mühəndis-konstruktor kateqoriyası verilmiş, xx.xx.1983-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1985-ci ildə Neftçala rayon məlumat-hesablama stansiyasında layihəçi-mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə tarixdə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Salyan rayon X5 tikintinin layihələndirilməsi dərnəyinə rəhbər təyin edilmiş, xx.xx.1985-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1985-ci ildə Salyan rayon X11 üzrə böyük inspektor vəzifəsinə qəbul edilmiş xx.xx.1987-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1987-ci ildə Salyan rayon X6 elektron hesablama maşınlarının öyrənilməsi qrupuna rəhbər təyin edilmiş, xx.xx.1989-cu il tarixdə başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə Uşaqların Texniki yaradıclıq mərkəzinə tərbiyəçi şöbə müdiri vəzifəsinə təyin edilmiş xx.xx.2000-ci il tarixdə verdiyi ərizəsinə əsasən işdən azad edilmiş,xx.xx.2002-ci il tarixdən Salyan şəhər R.Rzayev adına 3 saylı orta məktəbə müəllim təyin edilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə kargüzarlıq üzrə ofis meneceri vəzifəsinə təyin edilmişdir. Məhkəmənin sərəncamına əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işi 03 iyun 2022-ci il tarixli, **********4 nömrəli məktubla məhkəməyə təqdim edilmiş, pensiya işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, qərarda göstərilmişdir ki, Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək tələb olunan sığorta stajı və fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından yaşa görə əmək pensiaysı hüququ yaranmır. xx.xx.1990-xx.xx.2000-ci və xx.xx.2002xx.xx.2006-cı illərin əmək stajlarının araşdırmalarının nəticələrinə əsasən əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək sığorta stajı 20 il, 01 ay, 05 gün təşkil edir. PSK 09 ay. Həmçinin pensiya işinə əlavə edilmiş digər sənədlərdən görünür ki, iddiaçının yuxarıda qeyd edilən mübahisəli dövrlərdə iş stajının yoxlanılması zamanı Salyan 13 saylı ƏMHM-nin arxivində saxlanılan əmək haqqı kitablarında əmək haqqı barədə məlumatların tam olmadığı, işə qəbul, işdən azad edilmə, məzuniyyətə getmə və məzuniyyətdən qayıtma ilə bağlı əmrlərin olması öz təsdiqini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 49 nömrəli, 28 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, Zərbəliyeva (Quliyeva) Həqiqət Sarıbala qızı 04 may 1990-cı il tarixdən 30 sentyabr 2000-ci il tarixədək X4 Mərkəzində dərnək rəhbəri vəzifəsində işləmişdir. Məhkəmənin sorğusuna əsasən Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli xx-xx-1362/10 nömrəli məktubla X1 Salyan şəhər 3 saylı tam orta məktəbdə xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrdə əmək haqqı alması barədə arayış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş digər sənədlərə əsasən müəyyən edilmişdir ki, Salyan şəhər 2 saylı tam orta məktəb üzrə 216 saylı, 02 dekabr 2002-ci il tarixli əmrdən çıxarışa əsasən, X3 – ali təhsilli riyaziyyat-informatika müəllimi 02 dekabr 2002-ci ildən Salyan şəhər 3 saylı orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, 26 nömrəli, 02 iyul 2007-ci il tarixdən yaşayış yerini dəyişdiyi üçün məktəbin müəllim kontingentindən xaric edilmişdir. O, həqiqətən 02 dekabr 2002-ci il tarixdən 02 iyul 2007-ci il tarixə kimi Salyan şəhər R.Rzayev adına 3 saylı tam orta məktəbdə ixtisasına uyğun olaraq riyaziyyat-informatika müəllimi kimi işləmişdir. 2005-ci ilin sentyabr ayına qədər əmək haqqı almış, 2005-ci ilin sentyabr ayından 2007-ci ilin iyul ayına qədər xəstəliyi ilə əlaqədar öz hesabına məzuniyyətdə olmuş və əmək haqqı almamışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında”16 mart 2022-ci il tarixli, **********1 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və cavabdehin imtinasının məzmunundan göründüyü kimi, hazırki məhkəmə mübahisəsinin predmetini iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Salyan rayonu X9 Birliyində və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Salyan rayonu 3 saylı orta məktəbdə işlədiyi dövrlər üzrə əmək stajı təşkil edir. Cavabdehin qənaətinə görə iddiaçının həmin dövrlər üzrə əmək haqqı alması öz təsdiqini tapmadığından sözügedən dövrlər onun əmək stajına daxil edilə bilməz. Məhkəmə cavabdehin həmin qənatinə münasibətdə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, belə olan təqdirdə, əmək haqqı cədvəllərinin arxivə verilməməsi əsası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının Salyan rayonu X9 Birliyində və Salyan rayonu 3 saylı orta məktəbdə işlədiyi hazırki iş üzrə mübahisə predmeti olan dövrlər, yəni xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən sentyabr 2005-ci il tarixədək işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməlidir. Eyni zamanda, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. Məhkəmə eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 61 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar