Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8424/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- 2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 2900 kv.m torpaq sahəsində inşa edilmiş yaşayış və qeyri-yaşayış obyektlərinin məxsusluq barədə arayışın verilməsi öhdəliyini cabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr topraq sahəsi, Bakı şəhəri İcra Hakimiyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə iddiaçının mərhum atası X2 arasında bağlanmış Stasionar Xidmət Obyektinin təşkili haqqında xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə yoldaşının icarəsinə verilmiş və Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçının atasının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla torpaq sahəsinin atanın adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin iddiaçının atası həmin qətnamə əsasında 2000 kv metr topraq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamış vəfat etmişdir. İddiaçının atası Zahir Heydərov qeyd edilən torpaq sahəsində 200.000 manat dəyərində sahəsi 277 kv metr və 85.000 manat dəyərində sahəsi 27 kv metr olan dəmir məmulatları istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətinin rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 150.000 manat dəyərində 74 kv metr, 55.000 manat dəyərində 21 kv metr olan dəmir məmulatları istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. İddiaçının atası 01 may 2015-ci ildə vəfat etmiş, iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Eyni zamanda Sabunçu rayon məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Cavabdeh qurum Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-1052/2020 saylı qərar ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmamağını əsas gətirərək, imtina məktubunu Nərimanov rayon icra şöbəsinə göndərmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2364/2023 nömrəli Qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” barədə iddia tələbi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2225/2023 nömrəli Qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş? Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2242/2023 nömrəli Qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2225/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında eyni tərəflər (İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) arasında eyni predmetlə (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 2900 kv.m torpaq sahəsində inşa edilmiş yaşayış və qeyri-yaşayış obyektlərinin X1 məxsusluğu barədə arayışın verilməsi) bağlı iddia tələbi olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2364/2023 nömrəli Qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2225/2023 nömrəli Qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2364/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2242/2023 nömrəli Qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2225/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu və məhkəmənin mövqeyi aydın şəkildə ifadə olunduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Həmin qərar qəbul edildikdən sonra tərəflərin münasibətləri üzrə hər hansı vəziyyət dəyişməmişdir.
12. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən qəbul edilən məhkəmə aktı hüquq müəyyənliyi prinsipinə xidmət etdiyindən hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva