Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8425/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X9, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı “müqavilənin etibarsız hesab edilməsi, kompensasiyanın ödənilməsi, müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaqla bağlı icarəyə verilməsi haqqında” müqavilənin etibarsız sayılması; Binəqədi Bələdiyyəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 43-cü Polis Bölməsinin sahə inpektorları mayor İldrım Şərifov və Fuad Nəftəliyevin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mülkiyyətindəki Binəqədi rayonu, X15, 0.12 ha. torpaq sahəsi olan 845 H saylı bağ sahəsinə aid su, elektrik, kanalizasiya, kommunikasiya sistemlərinin, yolun və uçquna qarşı inşa edilmiş dəmir beton tökmədən ibarət dirəklərin sıradan çıxarılması - məhv edilməsi ilə və iddiaçıya aid keçid sahəsinə yığdığı 20.000 mişar daşının ağır sepli texnika altında tapdalanaraq torpağa basdırılması ilə ona vurulmuş ziyana görə Binəqədi Bələdiyyəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müştərək qaydada cəmi 77.000 (yetmiş yeddi min) manat məbləğində kompensasiyanın, həmçinin mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; cavabdehlərin üzərinə iddiaçının mülkiyyətindəki torpaq sahəsinə aid olan su, elektrik, kommunikasiya, kanalizasiya sisteminin, X2 və İstismarı Birliyinin 13.05.2007-ci il tarixli plan-sxemində nəzərdə tutulmuş yolun bərpa edilməsinə və iddiaçının və ailə üzvlərinin mülkiyyətindəki torpaq sahəsinə daxil olmaqlarına maneə olan hər hansı hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, X15, 0.12 ha. torpaq sahəsi olan 845 H saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 16.04.2007-ci il tarixli 143 saylı Sərəncamı əsasında X2 və İstismarı Birliyi ilə 17.04.2007-ci il tarixli müqavilə ilə iddiaçının istifadəsinə verildikdən sonra X12 kitabında 29.12.2010-cu il tarixli 23545 nömrə ilə adına uçota alınmış və 03.02.2011-ci il tarixdə DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Bağ-torpaq sahəsinin alt hissəsi yarğan (uçurum) olduğundan alt tərəfdə olan qonşulara daş-qalaq tökülməsinin qarşısını almaq üçün, həmçinin əsas dənizkənarı Novxanı-Bilgə yolundan iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolu açmaq üçün hələ 2007-ci ildə bağ-torpaq sahəsinə paralel olaraq 87 metr uzunluğunda, perpendikulyar olaraq yol boyu isə bir tərəfdən eni 60 sm olan cəmi 110 metr, digər tərəfdən isə eni 1 (bir) metr olan 40 metr uzunluğunda mişar daşı və dəmir beton işləri görülmüş hasar çəkmişdir. Torpaq sahəsinə giriş-çıxış yolunu 2007-ci ildə iddiaçıyla torpaq qonşusu ilə razılaşaraq onun torpaq sahəsi hesabına əldə etmişdir. Həmin hissə torpaq sahəsinə aid olan X2 və İstismarı Birliyinin 13.05.2007-ci il tarixli plan-sxemində öz əksini tapmışdır. Mülkiyyətindəki torpaq sahəsini su, elektrik, kommunikasiya, kanalizasiya sistemi ilə təmin etmiş, kanalizasiya lyüklərı düzəltmişdir. Həmin kommunikasiya sistemi dövlət tərəfindən iddiaçının adına müqavilə əsasında sayğaclaşdırılıb və yaxınlıqda yerləşən yaşayış evinə, qızına məxsus olan daşınmaz əmlaka da aiddir. Bağ sahəsində yardımçı tikililər tikmək üçün 20.000 ədəd mişar daşı (kubik) alaraq özünə aid olan keçid sahəyə yığmışdır. Mülkiyyətindəki bağ sahəsi Xəzər sahilboyu zolağında yerləşdiyinə görə çirkab sularının təmizlənməsinin təmin edilməsi üçün “X16” MMC ilə iddiaçı arasında tullantı sularının zərərləşdirilməsinə dair 44 nömrəli, 25.12.2020-ci il tarixli müqavilə də bağlanmışdır. Bütün yuxarıda göstərilənlərə baxmayaraq Binəqədi Bələdiyyəsi iddiaçının mülkiyyətindəki bağtorpaq sahəsinin bir hissəsini və torpaq sahəsinə gələn yolu zəbt edib mənimsəmək üçün əvvəlcə X1 adına “Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaqla bağlı icarəyə verilməsi haqqında” arxa tarixə - 29.08.2006-cı il tarixə bağlanmış saxta sənəd - müqavilə verdikdən sonra AR DİN-in Binəqədi RPİ-nin 43-cü Bölməsinin əməkdaşlarını - sahə müvəkillərini cəlb etməklə polis işçilərinin, X1 iştirakı və icraçılıqları ilə həmin torpağın yarğan (uçurum) olan hissəsini dağıtmış və yol boyu çəkdiyi dəmir-beton hasarı, o cümlədən də mülkiyyətindəki torpaq sahəsinə aid olan su, elektrik, kommunikasiya, kanalizasiya sistemini, tikdiyi lyükü, mülkiyyətindəki torpaq sahəsinə aid olan yolu, dövlətə məxsus kanalizasiya lyükünü dağıdıb-sıradan çıxarmağa, lyüklərı və iddiaçıya aid olan keçid sahəsinə yığdığı 20.000 mişar daşlarını buldozerin altına salaraq əzib ustunü də torpaqla basdırmağa başladılar. Mülkiyyətindəki torpaq sahəsinə getməyə, elektrik, kommunikasiya, kanalizasiya sistemini, lyükləri bərpa etməyə iddiaçıya cavabdehlər tərəfindən imkan yaradılmır. Belə qanunsuz əməllər polis işçilərinin, bələdiyyənin bilavasitə müdafiəsi, göstərişi və nəzarəti altında həyata keçirilir. Qanunsuz qazıntı işləri aparması nəticəsi iddiaçının, ailə üzvlərinin, qonşu sakinlərin həyat və sağlamlığını real təhlükə altında qoyur, eyni zamanda kanalizasiyanın sıradan çıxarılması ətraf mühitin çirklənməsinə - ekoloji tarazlığın pozulma halı ilə sağlamlıqlarına ziyan vurulmasına səbəb olacaq. Mübahisəli ünvandakı ərazi - bağ-torpaq sahəsinə həmin sahəyə aid yol sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin balansında, yəni dövlət mülkiyyətində olmuş və iddiaçının mülkiyyətinə verilmişdir. Binəqədi Bələdiyyəsi hansısa maraqla mülkiyyətində olmadığı bağ-torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə tərtib etmişdir. X3 “Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaqla bağlı icarəyə verilməsi haqqında” arxa tarixə - 29.08.2006-cı il tarixə bağlanmış saxta sənəd - müqaviləyə səlahiyyətli polis orqan tərəfindən hər hansı bir hüquqi qiymət verilməmişdir. Polis işçilərinin qanunsuz əməllərinin - iddiaçının mülkiyyətinə qəsdin yeganə mənbəyi də məhz həmin müqavilədir. Binəqədi Bələdiyyəsi tərəfindən imza və dairəvi möhürlə təsdiq edilmiş, 43-cü Polis Bölməsinin sahə müvəkkili tərəfindən iddiaçıya təqdim olunmuş 29.08.2006-cı il tarixli torpaq icarə müqaviləsi müqavilənin digər tərəfi “icarədar” tərəfindən imza edilməmişdir. Bu müqaviləyə və Binəqədi Bələdiyyəsi ilə iddiaçının qızı X8 arasında bağlanmış 763 nömrəli, 05 iyun 2007-ci il tarixli torpaq icarə müqaviləsinə vizual baxış zamanı aşkar görünür ki, dairəvi möhürlər ölçülərinə və oradakı hərflər arası məsafələr, o cümlədən də sədr N.A.Məmmədov qarşısındakı imzalar fərqlidir. İmzaların xüsusi əlamətlərinin fərqləri vizual aşkar olunur. Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətləri nəticəsiz qalmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri də hadisə yerinə gəlib, iddiaçının mülkiyyətinə aid olan ərazinin təbii relyefini və inkişafını pozaraq yerin təkindən qeyri-qanuni istifadə edilməsi və qazıntı işlərinin aparılması faktını aşkar edərək mülkiyyətinə aid əşyaları dağıtmaq üçün cavabdehlər tərəfindən cəlb edilənlərdən biri olan X7 barəsində də İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə uyğun 11.06.2021-ci il tarixli protokol tərtib etmişlər. X4 və polis işçiləri tərəfindən iddiaçının mülkiyyətindəki bağ-torpaq sahəsinə dair bütün kommunikasiya sistemi sıradan çıxarılaraq, gediş-gəliş yolu dağıdılaraq torpağı mənimsənilmiş, kanalizasiya lyükləri torpaqla doldurulmuş və iddiaçıya aid olan keçid sahəsinə yığdığı 20.000 mişar daşı ağır sepli texnika altında tapdalanaraq torpaqla basdırılmış və 50-60 metrlik ərazidə torpağın relyefinin üst qatını korlayan 5-7 metr dərinliyində qazıntı aparılmışdır. Yuxarıdakı hasarının uçmaq təhlükəsi və torpaq sürüşməsi halları yaranmışdır. Mülkiyyətindəki bağ sahəsinə, daşınmaz və daşınar əmlaklara sahiblik etməkdən və ondan istifadə etməkdən, burada ailə-uşaqlarıyla, nəvələriylə yaşayıb, istirahət etməkdən - mülkiyyət hüquqlarından qanunsuz məhrum edilmişdir. Mülkiyyətindəki torpaq sahəsinə aid olan, sıradan çıxarılmış su, elektrik, kanalizasiya, kommunikasiya sistemlərinin bərpası - məhv olmuş elektrik naqillərinin, su və kanalizasiya turbalarının yenilənməsi və torpaq altına salınması, doldurulmuş lyüklərin və təxminən 65 metr boruların üstünün çuxollanması və içinin təmizlənməsi üçün usta haqqı ilə birlikdə 17.000 manat pul tələb olunur. Doldurulmuş kanalizasiya lyükündən çirkab suları axaraq aşağı tərəf kanalizasiya sisteminin torpaqla dolmuş təxminən 65 metr boruların 40 metr hissəsini 8.000 manat xərclə yeniləmiş, sıradan çıxmış qalan 25 metr hissəsini isə bərpa etməyə iddiaçıya cavabdehlər tərəfindən imkan verilməmişdir. Eyni zamanda kanalizasiyanın dağılması nəticəsində lyükün və eni 60 sm olan dəmir beton hasarın 4 metr enində və 1,5 metr dərinliyində çirkab sularla yuyulduğundan hasarın və lyükün uçma təhlükəsi yaranmışdır. Həmin yerlərin və qalan su, elektrik, kanalizasiya xətlərinin bərpası üçün minimum 9.000 manat xərc tələb olunur. Bundan başqa, mülkiyyətindəki bağ-torpaq sahəsinə aid olan X2 və İstismarı Birliyinin 13.05.2007-ci il tarixli plan-sxemində əks olunmuş “Г” şəkilli yolun bərpası və yarğanın gələcəkdə törədəcəyi uçqunun qarşısını almaq üçün təxminən 50.000 manat vəsait tələb olunur. Çünki sıradan çıxmış 55 metr yolun bərpası və uçqunun qarşısını almaq üçün ən azı hər iki metrdən bir dəmir beton tökmədən ibarət dirəklər 4-5 metr dərinliyə yerləşdirilməli və dirəklərarası dəmir setka ilə bağlanmalı və 60 sm enində dəmir-beton hörgü işləri aparılmalıdır. Daha sonra, iddiaçıya aid olan keçid sahəsinə yığdığı, cavabdehlər tərəfindən ağır sepli texnika altında tapdalanaraq torpaqla basdırılmış 20.000 mişar daşının hazırkı bazar qiyməti cəmi 10.000 manat təşkil edir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş cəmi ziyan məbləği 77.000 (yetmiş yeddi min) manat təşkil edir. Vurduqları mənəvi zərərin əvəzini 50.000 manat qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-8425/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadı ilə X7 inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-8425/2021 saylı, 29.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-8425/2021 saylı, 29.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı ““Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaqla bağlı icarəyə verilməsi haqqında” müqavilənin etibarsız sayılması; Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin və Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, X15, 0.12 ha. torpaq sahəsi olan 845 H saylı bağ sahəsinə aid su, elektrik, kanalizasiya, kommunikasiya sistemlərinin, yolun və uçquna qarşı inşa edilmiş dəmir beton tökmədən ibarət dirəklərin sıradan çıxarılması - məhv edilməsi ilə və iddiaçıya aid keçid sahəsinə yığdığı 20.000 mişar daşının ağır sepli texnika altında tapdalanaraq torpağa basdırılması ilə ona vurulmuş ziyana görə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsindən və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən müştərək qaydada cəmi 77.500 (yetmiş yeddi min beş yüz) manat məbləğində kompensasiyanın, həmçinin mənəvi zərərin əvəzi olaraq 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə; cavabdehlərin üzərinə iddiaçının mülkiyyətindəki torpaq sahəsinə aid olan su, elektrik kommunikasiya, kanalizasiya sisteminin, X2 və İstismarı Birliyinin 13.05.2007-ci il tarixli plan-sxemində nəzərdə tutulmuş yolun bərpa edilməsinə və iddiaçının və ailə üzvlərinin mülkiyyətindəki torpaq sahəsinə daxil olmaqlarına maneə olan hər hansı hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh orqanların iddiaya yazılı etirazları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Binəqədi Rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 17.04.2007-ci il tarixli, 40155 nömrəli müqaviləyə əsasən Birlik Binəqədi rayonunun Novxanı ərazisində 0,12 hektar torpaq sahəsi olan 845 H nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X15, 845 H saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 03.02.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 319682 nömrəli Topaq sahəsinin planı və ölçüsünə əsasən Binəqədi rayonu, X15 İddiaçı adına Bakı şəhər İH-nin 16.04.2007-ci il tarixli 143 saylı Sərəncamı ilə sahəsi 1200 kv.m, təyinatı 845 H saylı bağ evi tikintisi üçün olmaqla X12 kitabında 29.12.2010-cu ildə 23545 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan “İcarəyəverən” adından çıxış edən Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi ilə “İcarəçi” X7 arasında bağlanmış “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında” 29.08.2006-cı il tarixli, d/586 nömrəli müqaviləyə əsasən İcarəyəverən mülkiyyətindəki torpaq sahəsini, bundan belə «Bağ» deyiləcək Binəqədi rayonu, X15ndə, 845 H saylı bağ sahəsinə bitişik bağ-torpaq sahəsi, 1200 kv.m ölçüdə sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırmaq məqsədilə İcarəçiyə təklif edir. İcarəçi yuxarıda sadalanan işləri öz vəsaiti hesabına görməklə Bağı qəbul edir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən bu müqavilə «29» avqust 2006-cı ildən «29» avqust 2105-ci il müddətə bağlanır. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin verdiyi 23.08.2021-ci il tarixli, BRB/d-340 nömrəli məktubda bildirilmişdir ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 29 avqust 2006-cı il tarixli, d/586 nömrəli müqavilə və torpaq sahəsinin situasiya planının təsdiq edilmiş surətləri göndərilir. Eyni zamanda bildirilir ki, həmin müqavilənin bağlanmasına əsas olmuş bələdiyyə qərarı arxivdə aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının verdiyi 26.08.2021-ci il tarixli, BA-03890-2021 nömrəli məktubda bildirilmişdir ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 29.08.2006-cı il tarixli, d/586 saylı müqavilə və həmin müqavilənin bağlanmasına əsas olmuş qərar Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 20.08.2021-ci il tarixli, 09/3-143 nömrəli məktubundan görünür ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 29.08.2006-cı il tarixli, d/586 nömrəli müqavilənin və həmin müqavilənin bağlanmasına əsas olmuş qərar X5 aşkar edilməmişdir. Beləliklə, iddia tələbindən görünür ki, iddiaçı Bələdiyyə orqanının üçüncü şəxs X7 ilə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” bağladığı müqavilənin etibarsız sayılması, ona vurulmuş ziyana görə Binəqədi Bələdiyyəsindən və Binəqədi Rayon Polis İdarəsindən müştərək qaydada cəmi 77.500 manat məbləğində kompensasiyanın, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin tutulması və cavabdehlərin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının: -2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. -3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. -4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. -5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -5.2-ci bəndinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. -6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə sadalanan normalara və Plenum Qərarındakı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, bələdiyyələrin torpaq sahələrinin fiziki və hüquqi şəxslərin istifadə, icarə və ya mülkiyyətinə ayrılması barədə qərarları inzibati akt hesab olunmaqla inzibati məhkəmə icraatının predmeti kimi çıxış edir. Bələdiyyənin fiziki və ya hüquqi şəxslərlə bağladığı müqavilə isə öz hüquqi təbiətinə görə inzibati akt hesab olunmur və bu cür müqavilələr mülki hüquqi akt olmaqla onun etibarsızlığının və ya ləğvinin əsasları mülki hüquq qanunvericiliyi əsasında mülki məhkəmə icraatında mübahisələndirilməklə qiymətləndirilə bilir. Hazırkı iş üzrə də müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi bələdiyyə ilə üçüncü şəxs arasında olan icarə müqaviləsinin bağlanması üçün əsas olan inzibati akt bələdiyyə qərarı mövcud deyildir. Belə ki, nə mübahisələndirilən icarə müqaviləsinin özündə torpaq sahəsinin bələdiyyə qərarına əsasən ayrılmasına istinad edilmiş, nə də məhkəmənin sorğuları əsasında həmin müqavilənin bağlanmasına əsas olmuş bələdiyyə qərarı arxivdə aşkar olunmamışdır. Beləliklə, mübahisələndirilən “torpaq sahəsinin icarəyə verilməsi” barədə müqavilə hər hansı inzibati akt əsasında bağlanılmadığından və müqavilə özlüyündə mülki hüquqi akt olduğundan həmin müqavilə inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə və bununla əlaqədar yaranmış mübahisə də inzibati mübahisə hesab edilə bilməz. Bu əsasdan hazırkı iddia inzibati məhkəmə icraatında baxılması mümkün olan iddia deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, hazırkı iş üzrə müqavilənin etibarsızlığı ilə bağlı mübahisə publik hüquq sahəsi ilə tənzimlənmir, mübahisə mülki hüquq xarakterli olduğundan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi və Binəqədi Rayon Polis İdarəsi tərəfindən onun mülkiyyətinə qəsd edildiyini və bununla da ona maddi və mənəvi zərər dəydiyini iddia edərək həmin zərərin ödənilməsini hazırkı məhkəmə icraatında mübahisələndirsə də məhkəmə iddianın həmin hissələrdə də mümkünsüzlüyü nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, nə qədər ki, bələdiyyə orqanının üçüncü şəxslə bağladığı müqavilənin etibarsızlığının inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir, həmin müqavilənin icrasının nəticəsi olaraq dəymiş ziyanın ödənilməsi üçün kompensasiyanın tələb edilməsi də hazırkı məhkəmə icraatında mümkün deyildir. Digər tərəfdən, bələdiyyə və polis orqanının öz inzibati hakimiyyət səlahiyyətindən istifadə edərək iddiaçıya zərər vurduğu iddia edilirsə, bu növ iddialar inzibati məhkəmə icraatında vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddia növünə uyğun gəlir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi kompensasiyanın ödənilməsi haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İş materiallarından və iddia ərizəsinə qoşma olaraq təqdim edilmiş sənədlərdən iddiaçının iddiasındakı iddia etdiyi kompensasiyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə müvafiq ərizə ilə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə və Binəqədi Rayon Polis İdarəsinə müraciət etməsi müəyyən olunmur. İddiaçı məhkəmə icraatında kompensasiyanın ödənilməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirsə də, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı qeyd edilən ərizəni Binəqədi Rayon Polis İdarəsinə çatdırılması üçün 10.11.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmişdir. Beləliklə, göründüyü kimi iddiaçı məhkəmə icraatı gedişində, bilavasitə məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh Polis İdarəsinə müraciət etmiş və hazırkı halda cavabdeh Binəqədi Rayon Polis İdarəsində 10.11.2021-ci il tarixli ərizə ilə bağlı inzibati icraat aparılmamış, cavabdeh orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı münasibət bildirilməmişdir. Halbuki, inzibati orqanda inzibati icraat məhkəməyə qədər başa çatmalı idi və inzibati məhkəmə məhz inzibati orqanın başa çatmış inzibati icraatını və ya qanunla nəzərdə tutulmuş müddətdə cavab verilmədiyi halda hərəkətsizliyini yoxlaya bilərdi. Beləliklə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan ilkin müraciətə dair mümkünlük şərti də ödənilmədiyindən iddia kompensasiyanın ödənilməsi hissəsində mümkünsüz sayılmalıdır. İddia tələbinin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə aid olan su, elektrik kommunikasiya, kanalizasiya sisteminin, X2 və İstismarı Birliyinin 13.05.2007-ci il tarixli plan-sxemində nəzərdə tutulmuş yolun bərpa edilməsinə və iddiaçının, ailə üzvlərinin mülkiyyətindəki torpaq sahəsinə daxil olmaqlarına maneə olan hər hansı hərəkətləri etməkdən çəkinmək vəzifəsi ilə bağlı tələbi hazırkı iş üzrə üçüncü şəxsə yönələ biləcək tələb olmaqla inzibati məhkəmə icraatının predmetinə aid deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci bəndində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kompensasiyanın ödənilməsi, müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8425/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8425/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver