Məhkəmə qərarları › İş №2-1(112)-8425/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8425/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8425/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mərhum atası X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Sabunçu rayonu Zabrat Bələdiyyəsi inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 1350 kv.metr topraq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən mərhum atası X4 icarəyə verilmiş, atası Zahir Heydərov qeyd edilən torpaq sahəsində 555 kv.metr dəmir məmulatları istehsal edən qeyri-yaşayış obyekti tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyata dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Atası 01 may 2015-ci ildə vəfat etmiş, iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Vərəsəlik işi ilə bağlı Notarius tərəfindən cavabdehə sorğu verilsə də, cavabdeh qurum cavab verməkdən imtina etmişdir. İddiaçı Cavabdeh quruma hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə 15 aprel 2019-cu il tarixində müraciət ünvanlanmışdır. Cavabdeh qurum 22 may 2019-cu il tarixində icrası mümkün olmayan ərizə ilə imtina məktubu tərtib etmişdir. Hal-hazırda Cavabdehin arayış verməməsi nəticəsində iddiaçı sözügedən qeyri-yaşayış obyektinə dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, qeyriyaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan əlavə, icarə müqaviləsinin müddəti bitmişdir. İddiaçının müvafiq ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyatına dair tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2364/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(103)-2225/2023 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)2242/2023 saylı, 3108.2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Göründüyü kimi, qanunverici 2013-cü il yanvarın 1-nə qədər və həmin tarixdən sonra tikilmiş qeyri-yaşayış sahələrinə münasibətdə hüququn qeydə alınması üçün hansı sənədlərin təqdim edilməsinin zəruri olduğunu müəyyən etmiş, iddiaçı bu sənədlərdən heç birini məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 399 nömrəli, xx.xx.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, “icarəyəverən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 iyun tarixli 106 nömrəli qərarına əsasən Zabrat Bələdiyyəsinin 2002-ci il 28 iyun tarixli, 33 saylı qərar əsasında Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4a-nın yanında yerləşən ümumi sahəsi 1350 kv.metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün X4 icarəyə verilmişdir. Baki Şəhəri Zabrat Bələdiyyəsinin 41/İ/M nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 03 sentyabr 2007-ci il tarixdə Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yanında yerləşən 1350m2 torpaq sahəsi ilə bağlı, ticarət məqsədi ilə mərhum X5 ilə Zabrat Bələdiyyəsi arasında (10 illik) 399 saylı icarə müqaviləsi bağlanmışdır. 03 sentyabr 2017-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmişdir və müqavilənin müddətinin uzadılması üçün heç bir hüquqi akt icra olunmamışdır. Həmçinin işdə olan Baki İnzibati Məhkəməsinin 2-1(112)-2821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m. torpaq sahəsinin iddiaçının mərhum əri X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “...torpaq sahəsinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunan icarə müqaviləsindən görünür ki, icarə müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, № 399 saylı müqavilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv. m. torpaq sahəsinin iddiaçının mərhum əri X4 məxsus olmasına dair arayışın verilməsi üçün əsas hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmənin müvafiq araşdırması zamanı müəyyən olunmuşdur ki, Zabrat Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 399 saylı icarə müqaviləsinin xx.xx.2017-ci il tarixdə icarə müddəti bitdiyi üçün öz qüvvəsini itirmişdir eləcə də, iddiaçı X1 (mərhum ərinin) Zabrat qəsəbəsi ərazisində yerləşən daşınmaz əmlakına dair Zabrat Bələdiyyəsində heç bir məlumat yoxdur.” Göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsi ilə bağlı yeganə hüquqmüəyyənedici sənəd kimi onun yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsini təqdim etmişdir, hansı ki, həmin müqavilənin müddəti bitdiyindən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçının torpağa hüququ qeydə alınmamışdır. Həmin məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı üçün qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar