Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-843/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı Qurbanov Zakir Əli oğlunun (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işləmir), cavabdehin nümayəndəsi Məmmədova Günay Mustafa qızının (Bakı şəhərində qeydiyyatdadır, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Qurbanov Zakir Əli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Qurbanov Zakir Əli oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının 08.01.1974-cü ildən etibarən 18.07.2003-cü il tarixinədək işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, 08.01.1974-cü ildən 18.07.2003-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir. 18.01.1974-cü ildən 25.04.1975-ci ilədək 3-cü dərəcəli elektrik montyoru işləmiş, 05.05.1975-ci ildən 28.05.1977-ci ilədək Sovet ordusu sıralarında olmuş, 13.07.1977-ci ildən 21.11.1979-cu ilədək 2 nömrəli sexdə presləyici vulkanizatorun şagirdi, 2-ci dərəcəli presləyici vulkanizator işində, şpris maşını köməkçisinin şagirdi, 2-ci dərəcəli şpris maşını köməkçisi işləmişdir. 27.11.1979-cu ildə hazırlıq şöbəsinə dinləyici qəbul edilmiş, 28.07.1980-ci ildə kursa tələbə kimi qəbul olunmuş, 28.06.1985-ci ildə institutu bitirmişdir. 05.08.1985-ci ildən 30.01.1986-ci ilədək nəqliyyat sexində hərəkətli heyyətin təmiri üzrə elektrik işində, 12.02.1986-cı ildən 06.10.1997-ci ilədək qaraj rəisi vəzifəsində, 12.01.2000-ci ildən 18.07.2003-cü ilədək Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzində mühəndistexnoloq vəzifəsində işləmişdir. Pensiya almaq üçün sənədlərilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır.İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 16.03.2021-ci il tarixli məktubunda 18.09.1979-cu ildə tərtib olunmuş əmək kitabçasına, hərbi biletə və əyani təhsil diplomuna əsasən iddiaçının 01.01.2006-cı ilədək sosial sığorta stajının 16 il 10 ay olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçının 01.01.2006-ci ilın yanvar ayına pensiya hüququ yarananadək fərdi hesabın sığorta hissəsində 1179,79 manat pensiya kapitalı mövcuddur. İctimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi ilə, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə pensiya almaq hüququ vardır. Pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının Bərdə "xxxx" TQİ-də işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin 24.02.2021-ci il tarixli, 38 nömrəli arayışına əsasən həmin müəssisədə işlədiyini iddia etdiyi 1986, 1988, 1990, 1992-1995, 1997-ci illərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı hesablanmamış, onun adına müvafiq sosial sığorta ödənişləri aparılmamış, 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq iddiaçının adına rast gəlinməmişdir, 1996cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında formal olaraq qeyd olunmuş fəaliyyət dövrləri sosial sığorta stajına daxil edilə və ona bu əsasla pensiya təyin oluna bilməz. İddiaçınıı işlədiyi qeyd olunan illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığotrta stajına əlavə edilməsi mümkün olmamışdır, bu halda onun cəmi 16 il 10 ay sosial sığorta stajı olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1. –ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı Qurbanov Zakir Əli oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi G.Məmmədova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçının hərbi biletinin surətinə əsasən iddiaçı 05.05.1975-ci ildən 24.05.1977-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1137982 nömrəli diplomun surətinə əsasən iddiaçı Yaroslavsk Politexnik İnstitutunu bitirmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı 08.01.1974-cü ildən 25.04.1975-ci ilə qədər X1, 14.07.1977-ci ildən 21.11.1979-cu ilə qədər və 07.08.1985-ci ildən 01.02.1986-cı ilə qədər Azrezintexnika müəssisəsində, 12.02.1986-cı ildən 01.10.1997-ci ilə qədər "xxxx" TMİ-də işləmişdir.21.02.1998-ci ildən 22.08.1998-ci ilə qədər işsiz kimi qeydiyyatda olmuşdur.26.05.1999-cu ildən 26.11.1999-cu ilə qədər işsizlik müavinəti almışdır.25.10.2000-ci ildən 18.07.2003-cü ilə qədər Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işləmişdir. Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin DSMF-nin tabeliyində Dövlət Sosial Regional Filialına ünvanlanmış 24.02.2021-ci il tarixli məktubuna və məktuba əlavə edilmiş akta əsasən iddiaçı “Bərdə Meliorasiyasutikinti” TQİ –yə 37 nömrəli, 12.02.1986-cı il tarixli əmrlə avtomobil qarajına işə qəbul edilmişdir. 79/ok nömrəli, 10.06.1987-ci il tarixli, 121 nömrəli, 02.08.1988-ci il tarixli əmrlərdə işlədiyi qeyd olunmuşdur. 7/ok nömrəli, 12.01.1989-cu il tarixli əmrdə məzuniyyətə buraxıldığı qeyd olunmuşdur,14.05.1990-cı il tarixli, 33 nömrəli əmrdə əmək məzuniyyətinə buraxıldığı qeyd olunmuşdur, 17 nömrəli, 25.02.1991-ci il tarixli əmrdə işlədiyi qeyd olunmuşdur, 3 nömrəli, 25.01.1993-cü il tarixli əmrdə iddiaçının 01.10.1992-ci ildən ixtisar edildiyi üçün ona 2 aylıq əmək haqqı verilməsi, məşğulluq mərkəzindən arayış təqdim edilərsə üçüncü ayın əmək haqqının ödənilməsi qeyd edilmişdir, 1986,1988,1990,1992,1993,1994,1997-ci illərin əmək haqqı kitablarının Bərdə rayon Dövlət Arxivində olmasına baxmayaraq həmin kitablarda iddiaçının adına rast gəlinməmişdir, 1991-1996-cı illərə dair əmək haqqı kitabları və 1996-1997-ci illərin əmr kitabları Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir, 1994-1995-ci illərə dair əmr kitablarının olmasına baxmayarq həmin kitablarda iddiaçının adına rast gəlinməmişdir, iddiaçının 1987-1989-cu illərdə əmək haqqı aldığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin 15.12.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı “Bərdə Meliorasiyasutikinti” TQİ –yə 37 nömrəli, 12.02.1986-cı il tarixli əmrlə avtomobil qarajına işə qəbul edilmişdir. 79/ok nömrəli, 10.06.1987-ci il tarixli, 121 nömrəli, 02.08.1988-ci il tarixli əmrlərdə iddiaçının işlədiyi qeyd olunmuşdur. 7/ok nömrəli, 12.01.1989-cu il tarixli əmrdə iddiaçının məzuniyyətə buraxıldığı qeyd olunmuşdur,14.05.1990-cı il tarixli, 33 nömrəli əmrdə iddiaçının əmək məzuniyyətinə buraxıldığı qeyd olunmuşdur, 17 nömrəli, 25.02.1991-ci il tarixli əmrdə iddiaçının işlədiyi qeyd olunmuşdur, 3 nömrəli, 25.01.1993-cü il tarixli əmrdə iddiaçının 01.10.1992-ci ildən ixtisar edildiyi üçün ona 2 aylıq əmək haqqı verilməsi, məşğulluq mərkəzindən arayış təqdim edilərsə üçüncü ayın əmək haqqının ödənilməsi qeyd edilmişdir, bundan başqa məktubda qeyd edilmişdir ki, “1986,1988,1990,1992,1993,1994,1997/1991-1996-cı illərə dair əmək haqqı kitabları yoxdur/ bu illərə dair əmək haqqı kitabları olmasına baxmayaraq vətəndaşın adına əmək haqqı yoxdur”, 1994-1995-ci illərə dair əmr kitabları var, lakin vətəndaşın adına rast gəlinməmişdir, 1996-1997-ci illərə aid əmr kitabları təhvil verilməmişdir, iddiaçının 1987-1989-cu illərdə aldığı əmək haqqı məbləğləri göstərilmişdir. Fondun Sosial Sığorta və Fərdi Uçot Mərkəzi Filialının xidməti məktubuna əlavə edilmiş iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatlara əsasən iddiaçının iyul 2018mart - 2021 dövrü üzrə pensiya kapitalı 1667,62 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehin sorğusuna cavab olaraq cavabdehə ünvanlanmış 06.08.2021-ci il tarixli məktubuna əsasən "xxxx" TQİ və Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzi barədə dövlət əmlakının registrinə heç bir məlumat təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddiaçının şəxsi hesab vərəqində əks olunmuş məlumatlara əsasən iddiaçı tərəfindən 2019,2020,2021-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir. Bakı şəhəri X5 üzrə Baş İdarəsinin cavabdehin sorğusuna cavab olaraq ünvanladığı 26.10.2021-ci il tarixli məlumatına əsasən 22.10.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən iddiaçının 26.09.2005-ci il tarixdən vergi uçotuna alınması, fəaliyyətinin 03.05.2006-cı ildən 03.05.2016-cı ilə qədər dayandırması, 07.05.2009-cu ildə bərpa etməsi, 28.12.2012-ci ildən 28.12.2017-ci ilə qədər yenidən fəaliyyətini dayandırması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir, 01.01.2018-ci ildən 20.10.2021-ci ilə qədər şəxsi hesab vərəqəsinə əsasən 1750,0 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin cavabdehin sorğusuna əsasən cavabdehə ünvanlanmış 07.10.2021-ci il tarixli məktubuna əsasən idarədə olan reyestrdə Bərdə "xxxx" TQİ adlı kommersiya qurumu aşkar edilməmişdir,24.10.1997-ci il tarixdə dövlət reyestrin daxil edilmiş Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzi barədə məlumat aşkar edilmiş, qurumun ləğvinə dair məlumat aşkar edilməmişdir. Cavabdehin 16.03.2021-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən tərtib olunmuş əmək kitabçasına, hərbi biletə və əyani təhsil diplomuna əsasən iddiaçının 01.01.2006-cı ilədək sosial sığorta stajı 16 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının 01.01.2006-ci ildən 01.07.2018-ci ilədək fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Bərdə "xxxx" TQİ-də işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin 24.02.2021-ci il tarixli, 38 nömrəli arayışına əsasən 1986, 1988, 1990, 1992- 1995, 1997-ci illərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı yoxdur. 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq iddiaçının adına rast gəlinməmişdir, 1996-cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 04.03.2021-ci il tarixli, 4/472 nömrəli arayışına əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzinin 10.01.2000-ci ildən 18.07.2003-cü ilədək arxiv sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Dövlət Arxivinin Bakı filialına təqdim edilmədiyi üçün həmin dövrləri sosial sığorta stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda iddiaçının 01.01.2006-ci ilın pensiya hüququ yarananadək fərdi hesabın sığorta hissəsində 1179,79 manat pensiya kapitalı tələb olunan minimum pensiya kapitalından (28800 manatdan) azdır. Yaşa görə sosial müavinətin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq etdikdən sonra müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı il təvəllüdlüdür, cavabdehə müraciət edərək 25 ildən artıq sığorta stajının olması və qanunvericilikdə nəzərdə tutulmuş yaşa çatması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlmişdir. Məhkəmə iddiaçının Bərdə "xxxx" TQİ-də və Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzində iş stajı (1987,1989-cu illər istisna olmaqla) ilə bağlı əmək kitabçasında göstərilən məlumatın təsdiqlənmədiyi üçün sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə cavabdehin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının əmək kitabçasında Bərdə "xxxx" TQİ-də 12.02.1986-cı ildən 01.10.1997-ci ilə qədər və Azərbaycan Respublikasının Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində 10.01.2000-ci ildən 18.07.2003-cü ilə qədər işləməsi göstərilsə də bu illərdə həqiqətən də işləməsini və əmək haqqı almasını təsdiq edə biləcək arxiv sənədləri mövcud deyildir. Belə ki, iş materiallarında olan Bərdə rayon Dövlət Arxivinin 24.02.2021-ci il tarixli 38 nömrəli arayışına əsasən Bərdə "xxxx" TQİ-nin 1986, 1988, 1990, 1992-1995, 1997-ci llərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı hesablanması barədə sənədlər aşkar olunmamışdır, 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq həmin əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir, 1996-cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Məhkəmə o halı da qeyd edir ki, arxiv arayışına əsasən iddiaçının 25.01.1993-cü ildən ixtisarla bağlı Bərdə "xxxx" TQİ-dən işdən çıxmağı göstərilsə də əmək kitabçasında həmin müəssisədən işdən çıxması tarixi kimi 01.10.1997-ci il göstərilmişdir ki. qeyd edilən ziddiyyətlər də iddiaçının əmək kitabçasında Bərdə "xxxx" TQİ-də əmək fəaliyyəti ilə bağlı göstərilənləri (1987,1989-cu illər isitsna olmaqla) şübhə altına alır. Habelə cavabdehin imtina məktubundan göründüyü kimi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 04.03.2021-ci il tarixli, 4/472 nömrəli arayışına əsasən cavabdehə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzinin 10.01.2000-ci ildən 18.07.2003-cü ilədək sənədləri arxivə təhvil verilməmişdir. Belə olan halda cavabdeh düzgün olaraq iddiaçının 01.01.2006-cı ilə qədər olan dövrdə sosial sığorta stajının 25 ildən az olması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının 1986,1988,1990-1997-ci illərdə Bərdə "xxxx" TQİ-də və Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzində işləməyi və əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamənin 3-cü bəndinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur Eyni zamanda işin faktiki hallarına əsasən iddiaçı 01.01.2006-cı ildən sonra müəyyən dövrlərdə vergi ödəyicisi kimi fəaliyyət göstərsə də həm həmin dövrdə. Həm də ondan əvvəl topladığı pensiya kapitalının məbləği heç bir halda pensiya təyin edilməsi üçün tələb edilən həcmdə deyildir. Beləliklə, iş materialları məcmu şəklində qiymətləndirildikdən sonra məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının sığorta stajı yalnız hərbi xidmətdə olduğu 05.05.1975- 24.05.1977-ci il dövründən,ali təhsil aldığı 1980-1985-ci il dövründən, əmək kitabçasına əsasən işlədiyi 08.01.1974-cü ildən 25.04.1975-ci ilə qədər,14.07.1977-ci ildən 21.11.1979-cu ilə qədər, 07.08.1985-ci ildən 01.02.1986-cı ilə qədər, işsizlik müavinəti aldığı 21.02.1998-ci ildən 22.08.1998-ci ilə qədər, 26.05.1999-cu ildən 26.11.1999-cu ilə qədər olan müddətlərdən ibarətdir ki, həmin müddətdə 25 ildən az bir dövrü əhatə etdiyinə görə, habelə iddiaçının pensiya təminatı hüququ verən pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qurbanov Zakir Əli oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının 08.01.1974-cü ildən etibarən 18.07.2003-cü il tarixinədək işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pendiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qurbanov Zakir Əli oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının 08.01.1974-cü ildən etibarən 18.07.2003-cü il tarixinədək işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pendiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-843/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-843/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver