Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-843/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağ massivində yerləşən “44E/17” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, inventarlaşdırma işləri aparılan zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunduğu məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciəti mövcuddur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı toraq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə X3 ayrılmışdır. X6 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bakı şəhəri 24 saylı Notariat Ofisində bu torpaqla bağlı vərəsəlik işi açılmışdır. Mərhum həyat yoldaşının adına ayrılmış torpaq sahəsinin harada yerləşdiyi ona məlumdur. Həmin bağa dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müvafiq sənədlərlə müraciət etmişdir. Lakin ona imtina verilmişdir. Cavabdehin imtinası qanunsuzdur, çünki o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, inventarlaşdırma işləri aparılan zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunduğu məlum olmuşdur və göstərilən torpaq sahəsinə digər fiziki şəxs (X7) tərəfindən müraciəti daxil olmuşdur. Bundan başqa, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 nömrəli qərarından görünür ki, X4 Şüvəlan massivində 190 saylı bağ tikinti kooperativinin tərkibindən bağ sahəsi ayrılmışdır. Həmçinin Çöl-Şüvəlan bağlar sahəsindəki 190 saylı Bağ-Tikinti Kooperativinin b/s saylı orderindən görünür ki, X4 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 44E/17 saylı bağ sahəsi ayrılmışdır. AZ-İİ seriyalı, 071828 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində stenokardiyanın digər formaları səbəbindən ölmüşdür. Ədliyyə Nazirliyinin Bakı şəhəri 24 saylı Notariat ofisinin 1088 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı oğlunun müraciəti əsasında xx.xx.2020-ci ildə vəfat etmiş X2 adına Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Çöl-Şüvəlan bağ massivi 44E/17 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.12 ha, faktiki olaraq 0.1231 ha, 31 kv.m artıqdır, mühafizə çıxılandan sonra 793 kv.m sahə qalır. Bağ sahəsi qonşu bağla ümumi hasar daxilində yerləşir, ara sərhəd 2 sıra mişar daşı düzülərək ayrılmışdır. Qonşu bağa dair sənəd təqdim edilməmişdir. Tikili yoxdur. Kənarda göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Nümayəndənin iddiasına əsasən ümumi hasarlanmış ərazinin şərq hissəsində 0.12 ha sahə onların bağının yeridir. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Sözü gedən sahəyə digər fiziki şəxs 44D/16 saylı bağ sənədi ilə iddia edir. Yol tərəfdən bağ sahəsindən 0.3 – 1.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir – 110kV. Mühafizə çıxıldıqdan sonra 793 kv.m sahə qalır. İddiaçı hazırda bu sənədlərə istinadən 44E/17 saylı bağ sahəsinə vəfat etmiş əri X2 mülkiyyət hüququnun yarandığını iddia edərək, həmin bağ sahəsinə mülkiyyət hüququnun X.Ələkbərova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən babasına bağ sahəsinin ayrılması ilə bağlı qərarı və orderi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, X.Ələkbərova 190 saylı BTK tərkibində bağ sahəsinin ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənəd mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən:
1. göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunması və müraciət daxil olmasına;
2. torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçı ilə yanaşı üçüncü şəxs X1 müraciət etmiş, hüquqmüəyyənedici sənəd qismində Çöl-Şüvəlan bağlar sahəsindəki 190 saylı Bağ-Tikinti Kooperativi tərəfindən verilmiş b/s saylı orderi təqdim etmişdir. Həmin orderdən görünür ki, X8 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən ona Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 44D/16 saylı bağ sahəsi ayrılmışdır. İşdən görünür ki, cavabdeh G.Fətəliyevanın bu müraciətini təmin etməkdən imtina etmiş və bu zaman ona istinad etmişdir ki, şərti olaraq göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin yerinə uyğun gəlir. Həmçinin işdə olan cavabdehin **********94 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir. Ara sərhəd 2 sıra mişar daşı düzülərək ayrılmışdır. Faktiki sahəsi 0.1231 ha təşkil edir. Həmçinin yol tərəfdən torpaq sahəsindən 0.3-0.1 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir (Elektrik xəttinin mühafizəsindən çıxdıqdan sonra yerdə qalan sahə 793.0 kv.m təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazi təqribi “44E” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı ilə yanaşı digər şəxsin müraciəti olsa da, cavabdeh həmin bağ sahəsinin 44D saylı deyil, 44E saylı bağ sahəsinə, yəni mərhum X.Ələkbərova ayrılmış bağ sahəsinə uyğun gəldiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mərhum ərinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi ünvanında yerləşən 44E/17 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova