Məhkəmə qərarları › İş №2-1(112)-8431/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8431/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8431/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “aktın təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Badamdar qəsəbəsi İ yaşayış massivi 286 saylı ünvanda yerləşən torpaq sahəsinə dair “Torpaqların alqı-satıqısına dair Akt”ın təsdiqlənməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2005-ci il tarixdə Badamdar qəsəbəsi İ yaşayış massivi 286 saylı ünvanda torpaq sahəsi almışdır. Lakin ödənişi etdikdən sonra torpaq sahəsi onun istifadəsinə verilsə də, uzun müddət bələdiyyə torpağın alqı-satqısına dair sənədləri ona təqdim etməmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2013-cü il tarixli qərarı ilə alqı-satqı müqaviləsinin bağlanması Səbail rayonu Badamdar Bələdiyyəsinə həvalə edilmişdir. Lakin indi ona məlum olur ki, Badamdar Bələdiyyəsi "Torpaq alqı-satqısına dair Akt" ona versə də, X3 və Xəritəçəkmə Komitəsinin nümayəndəsi tərəfindən imzalanmamışdır. O, bununla bağlı 16.05.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olaraq, "Torpaq alqı-satqısına dair Akt" xahiş etmişdir. Lakin öhdəliyin icrasından imtina edilmişdir.Torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları"nın 8-ci bəndinə uyğun olaraq torpaqların alqı-satqısına dair aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalamalı və o, möhürlə təsdiq edilməlidir.Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Göründüyü kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respubikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə çevrilmişdir.Göründüyü kimi, cavabdeh inzibati orqan onun müraciətini hərtərəfli, tam və obyektiv araşdırmağa borclu idi. Lakin cavab məktubundan aydın görmək olar ki, cavabdeh inzibati orqan ümumiyyətlə müraciətin nədən ibarət olmasını müəyyən edə bilməmişdir. Belə ki, vəkilinin müraciətində Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.10.2013-cü il tarixli qərarının icrası və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi "Torpaq alqı-satqısına dair Akt"imzalanması barədə müraciət edilsə də, cavabdeh inzibati orqan imtinasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarıdır. Müraciətin məğzi isə hüquq varisliyindən irəli gələn öhdəliyin icrasıdır. Cavabdeh inzibati orqan öhdəliyinin icrasından birbaşa yayınmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 13 avqust 2021-ci il tarixli **********69 nömrəli məktubunda iddiada qaldırılan məsələnin hüquqların qeydiyyata alınması ilə bağlı olduğunu nəzərə alaraq bildirmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən həyata keçirilir.Göstərilənlərə əsasən iş üzrə cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş olunmuşdur. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbi üzrə dəqiqləşmənin aparılmasının zəruriliyini bildirmiş, iddiaçıya izah olunmuşdur ki, cavabdeh inzibati orqana müraciət ərizəsi və onun göndərilməsinə dair poçt qəbzinin surəti təqdim olunmalıdır. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə iclası 14 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı Badamdar qəsəbəsi İ yaşayış massivi 286 saylı ünvanda yerləşən torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair” Akt”ın təsdiqlənməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin iddiaçı məhkəmə iclasında iştirak edərək, cavabdeh inzibati orqana müraciət ərizəsini və (və ya) müraciətə imtina məktubunu təqdim etməmiş, həmçinin “hüquqi yardım” məktubunda qeyd edildiyi kimi həmin sənədləri məhkəməyə ünvanlamamışdır. Həmçinin iş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 iyun 2021-ci il tarixli **********82 nömrəli məktubundan görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ yaşayış massivi 286 ünvanındakı torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı müraciət etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətini qeyd etmişdir. İşlərə inzibati məhkəmə icraatı qaydasında baxılmasına dair digər mühüm bir müddəa İPM-in 2.1-ci maddəsində əks olunmuşdur. Buna görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinə əsasən bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar