Məhkəmə qərarları › İş №2-1(112)-8432/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8432/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8432/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər tərəfindən dəymiş zərərin yeni qiymətlə, bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, 17500 (on yeddi min beş yüz) manat (3500 səhm x 5 manat) məbləğində kompensasiyanın 25%-ni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yəni indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesabına, 75%-ni Azərbaycan Respublikası Dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika X2 əmlakının özəlləşdirilməsinin Dövlət Proqramına uyğun 07 fevral 2006-cı ildə keçirilmiş ixtisaslaşdırılmış çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququmdan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi-11 ünvanında yerləşən "xxxx" ASC-nin səhmdarı olmuşdur. Lakin xəbəri olmadan 2007-ci ildə "xxxx" ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmişdir. "xxxx" ASC qanunvericilikdə nəzərdə tutulan qaydada ləğv olunmalıdır. Bu halda, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda, bu nəzərə alınmamış və iddiaçı ilə hər hansı haqq hesab aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) 243-5-ci maddəsi, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin icraatında olmuş 474/1-177 saylı iş materialları məhkəmə iclası zamanı tədqiq edilmiş və aşağıdakılar müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 474/1-177 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli, 140 nömrəli sərəncamı etibarsız hesab edilmiş, "xxxx" ASC-nin qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv edilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılması, ARDNŞ-nin mülkiyyət hüquqlarını, “Azərneftyağ” Neft Emalı zavodunun isə sahiblik, istifadə və sərəncam hüququnu bərpa edərək "xxxx" ASC-ni xx.xx.2006-cı il tarixli 000123 saylı şəhadətnamədə göstərilən ünvan 3 ünvanında yerləşən qarajın yerləşdiyi 11728,8 kv.m olan torpaq sahəsi və xx.xx.2006-cıl il tarixli ******* saylı çıxarışda göstərilən ünvan 4 ünvanında olan 0.09807 ha torpaq sahəsində yerləşən 818,2 kv.m ümumi, 475,6 kv.m əsas, 342,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi istisna olmaqla əmlakı ilə birgə “Azərneftyağ” X3ytarılması qət edilmişdir. İddiaçı səhmdarı olduğu cəmiyyətin ləğvindən həmin ərəfədə məlumatlı olmalı idi. Çünki, “Mülkiyyət” qəzetinin xx.xx.2007-ci il buraxılışında xx.xx.2007-ci il tarixdə keçiriləcək "xxxx" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının elanı verilmişdir. Həmin iclas tarixində cəmiyyətin ləğvinə dair qətnamə artıq qəbul edilmiş olsa da, qanuni qüvvəsini almamışdır. Bundan əlavə, iddiaçının təkcə "xxxx" ASC-nin deyil, başqa cəmiyyətlərin də səhmdarı olması, həmçinin səhmdarı olduğu cəmiyyətlərdən dividen alması nəzərə alındıqda, ağlabatan mühakimə əsasında iddiaçının 10 ildən çox müddətdə səhmdarı olduğu cəmiyyətin ləğvindən məlumatsız olması qənaətinə gəlmək mümkün deyildir. O cümlədən bu sahədə təcrübəsi olan şəxs kimi bu müddət ərzində heç bir iclasının keçirilmədiyi və dividend almadığı cəmiyyətlə maraqlanmaması inandırıcı deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırkı tələbi ilə bağlı cavabdehlərin hərəkətini mübahisələndirmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar