Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8435/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı İnzibati Məhkəməsinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbi irəli sürülməklə iddia ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı X6 1 yanvar 1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı artıq 30 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. İddiaçıya ilk dəfə 5 dekabr 2003-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 01477331 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər saxlanma müddəti (5 il) bitməsi ilə bağlı məhv edildiyindən, həmin sənədlərə baxış keçirilməsi mümkün olmamışdır. Bununla yanaşı AZE 01477331 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasına əsasən qeyd olunan vəsiqənin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhər VVAQ şöbəsi tərəfindən ona verilmiş 9 oktyabr 2003-cü il tarixli l-BD 719140 nömrəli doğum haqqında şəhadatnamə əsasında verildiyi və vəsiqədəki anket məlumatlarının həmin şəhadətnaməyə uyğun qeyd olunduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi BCAİ-nin 26 avqust 2019-cu il tarixli sorğusu əsasında RF Dağıstan Respublikası Dərbənd Şəhər Polis Şöbəsi tərəfindən dövlətlərarası axtarışa elan edilmiş İddiaçı vətəndaşlıq mənsubiyyəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılmış və onun Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilmişdir. Bundan başqa, İddiaçı məhkəməyə “hüquqi faktın müəyyən olunması barədə” ərizə ilə müraciət etmiş və onun 1 yanvar 1968-ci il tarixdə doğum yerinin Bakı şəhəri olması faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 24 may 2016-cı il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respubliikasının vətəndaşlığını almasının qanuniliyinin yoxlanılması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Müraciətlə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 16 oktyabr 2020-ci il tarixli arayışında bildirilir ki. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 719 nömrəli Fərmanına əsasən «Azərbaycan Respublikası vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq vətəndaşlıqla bağlı məsələlər AR Dövlət Miqrasiya Xidmətinin səlahiyyəti çərçivəsindədir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq İddiaçı vətəndaşlıq mənsubiyyəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılmış və 30 avqust 2019-cu il tarixli arayışa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olduğu bildirilmişdir. Lakin AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli arayışından görünür ki, 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə baxılaraq, onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsəsən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilməsi barədə əsassız qərar verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixdə müraciəti olmamışdır. Sözügedən müraciətin kim tərəfindən verilməsinin müəyyən edilməsi üçün vəkil tərəfindən həmin İdarəyə sorğu göndərilmişdir. Hesab edilir ki, AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28, 52, 53-cü maddələrinə, «Azərbaycan Respublikası vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5, 6.1, 11-ci maddələrinə, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1, 4.1.1-ci yarımbəndlərinə əsaslanaraq, AR Dövlət Miqrasiya Xidmətinin 29 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı AR Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbinə dair iddiasına etiraz edilir və hesab olunur ki, iddianın heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 iyun 2021-ci il tarixli sorğusu əsasında İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı yenidən araşdırılma aparılmış və «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmişdir (Azərbaycan Respublikasının vətəndaşı olmadığına dair 29 iyun 2021-ci il tarixli ******* nömrəli arayış tərtib edilərək şəxsə məxsus şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun fəaliyyətsizləşdirilməsi İlə əlaqədar DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə məktub göndərilmişdir). 1 yanvar 1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq sorğulara baxılarkən ona verilmiş şəxsiyyət vəsiqələrində doğum yeri Azərbaycan Respublikası göstərildiyindən, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olduğu qənaətinə gəlinmişdir. Lakin əldə edilmiş məlumatlara əsasən şəxsin doğum yerinin Rusiya Federasiyasının Dərbənd rayonunun Padar kəndi olduğu müəyyən edilmişdir, bu barədə 5 iyul 1968-ci il tarixdə X4 X1 37 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, həmin doğum haqqında akt qeydinin həqiqətən mövcud olması Rusiya Federasiyası Dağıstan Respublikası Ədliyyə Nazirliyinin 29 aprel 2021-ci il tarixli 19-08-3529/21 saylı məktubu ilə müəyyən olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli qətnaməsində və Bakı Apellyasiya Məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərardadında bununla bağlı qeyd edilmişdir. Bundan əlavə, Dərbənd rayonu X10 tərəfindən 9 oktyabr 1985-ci il tarixdə şəxsə verilmiş Yİ-BD seriyalı 709529 saylı pasportda (həmçinin 9 oktyabr 2003-cü il tarixədək şəxsə aid Rusiya Federasiyasının pasportlarında) da şəxsin Padar şəhərində doğulduğu barədə qeyd əks olunmuşdur. Bu barədə pasportun dəyişdirilməsi üçün təqdim olunan ərizənin surəti etiraza əlavə olunur. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, şəxs 9 oktyabr 2003-cü il tarixədək olan dövr üzrə Rusiya Federasiyasının pasportlarını əldə etmək üçün etdiyi müraciətlərdə doğum yerinin Padar şəhəri olmasını göstərmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Ə.Əfəndiyev adına 2 saylı şəhər X2 Sitarə Kuliyevnaya ünvanlanmış 15 sentyabr 2015-ci il tarixli 120 saylı arayışından da görünür ki, ona aid 1968-ci il (həmin ildə xəstəxana S.Şaumyan adına 2 saylı Şəhər Klinik xəstəxana adlandırılmışdır) arxiv sənədləri tapılmamışdır. Bu hal yuxarıda qeyd olunan məhkəmə aktlarında təsdiqini tapır. İşin hallarından göründüyü kimi, şəxsin Bakı şəhərində doğulması ilə bağlı doğum aktı mövcud deyildir. Belə olan halda, şəxs məhkəmə prosesi zamanı təqdim etmiş olduğu doğum haqqında şəhadətnamədə yol verilmiş səhvin düzəldilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan RF Dərbənd rayonu Padar kənd sovetliyinə müraciət etməlidir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığında olmasının digər meyarı kimi onun yuxarıda qeyd olunan Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, İddiaçı (şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə əsasən) 1992-ci ildə Rusiya Federasiyasının pasportu ilə əcnəbi şəxs kimi ölkə ərazisinə daxil olduğundan, yaşayış yeri üzrə qeydiyyatda olması məsələsi iddiaçıya münasibətdə tətbiq olunmur. Belə ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində və «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndində sözügedən qeydiyyatda olma məsələsi Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş şəxslərə aid edilir. 29 iyun 2021-ci il tarixli ******* nömrəli arayışda müraciət edən şəxs qismində iddiaçının özünün qeyd olunması məsələsi ilə bağlı bildirilir ki, qəbul edilmiş inzibati aktda olan yazı səhvləri «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq düzəldilmiş, inzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin imzası ilə təsdiq olunmuşdur (29 iyun 2021-ci il tarixli ******* nömrəli arayışa düzəliş edilməsinə dair arayış etiraza əlavə olunur). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallaarında olan Dərbəd rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin 5 iyul 1968-ci il tarixli 37 nömrəli akt qeydinin surətindən görünür ki, həmn sənəddə 1 yanvar 1968-ci il tarixdə doğulmuş İddiaçı doğum yeri “Padar kəndi” göstərilmişdir. İş materiallarında olan Dağıstan Respublikası Dərbənd RDİŞ-ə təqdim olunmuş “Pasport alınması üçün ərizə”nin surətindən görünür ki, həmin ərizədə İddiaçı doöum yeri “Padar kəndi” göstərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (Vətəndaşlıq Məsələləri Baş İdarəsinin) “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticələrinə dair” ******* nömrəli 29 iyun 2021-ci il tarixli arayışda aşğıdakılar bildirilir: - xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı 105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə baxılaraq, onun «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1968-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (Vətəndaşlıq Məsələləri Baş İdarəsinin) 30 avqust 2021-ci il tarixli “29 iyun 2021-ci il tarixli ******* nömrəli arayışa düzəliş edilməsinə dair” arayışında aşağıdakılar göstərilmişdir: - xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı barədə tərtib edilmiş 29 iyun 2021-ci il tarixli ******* nömrəli arayışda “105767/m nömrəli 29 iyun 2021-ci il tarixli müraciətinə” sözləri “barədə daxil olmuş 21.06.2021-ci il tarixli 14/1-88Ş-21 nömrəli müraciətə” sözləri ilə əvəz edilsin. İş materiallarında olan RF Dağıstan Respublikası Ədliyyə Nazirliyi VVAQ İdarəsinin Dərbənd rayonunda Cənub-ərazi dairəsi üzrə VVAQ şöbəsinin 162 nömrəli “Doğum haqqında arayış”ının surətindən görünür ki, sənəddə İddiaçı barədə aşağıdakılar əks olunmuşdur: - Doğulduğu tarix: xx xxxxxx 1968-ci il, doğulduğu yer: Azərbycan SSR, Bakı şəhəri, valideynləri: atası X7, anası İdrisova Sitarə, doğum haqqında akt qeydi: 37 nömrəli, 5 iyul 1968-ci il tarixli (Tərtib etdi: DSSR, Dərbənd rayonu Padarski k/s). İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4030/2016 saylı iş üzrə 24 may 2016-cı il tarixli qətnaməsi ilə 1 yanvar 1968-ci il təvəllüdlü İddiaçı doğum yerinin Bakı şəhəri olması hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi qət edilmişdir. İş materiallarından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5186/2021 saylı iş üzrə 9 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4030/2016 saylı iş üzrə 24 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası qərardadda vurğulamışdır ki, ərizəçinin (İddiaçı) doğumu ilə bağlı məlumatlar Dərbənd rayonu Padar kənd sovetliyi tərəfindən aparıldığı, ərizəçinin qeydiyyatın düzgün aparılmaması ilə bağlı həmin orqana müraciət etmək hüququ olduğu halda, o, məhkəmə qaydasında baxılmalı olmayan hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırkı məhkəmə icraatında İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuş və cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilərək bu barədə 29 iyun 2021-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir (müraciət edən barədə arayışda yol verilmiş yanlışlıq sonradan aradan qaldırılmışdır). Cavabdeh inzibati orqan öz qərarını onunla əsaslandırır ki, iddiaçının doğum yerinin Rusiya Federasiyasının Dağıstan Respublikası Dərbənd rayonunun Padar kəndi olduğu müəyyən edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq tibb müəssisəsinin məlumatına əsasən onun doğumu ilə bağlı arxiv sənədləri tapılmamışdır, iddiaçı 1992-ci ilədək Azərbaycan Respublikasında qeydiyyatda olmamışdır. İddiaçı hazırda cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin dəlilləri ilə razılaşmadan imtinasını mübahisələndirir və onun Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin tanınmasını tələb edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli 527-İQ nömrəli Qanununun 5-ci maddəsinin birinci hissəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun, 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar, 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Həmin maddənin dördüncü hissəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: - (2.2.1) «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; - (2.2.2) Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); Həmin Qaydanın 3.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. Həmin Qaydanın 3.11-ci bəndinə görə Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: - (4.1.1) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda. Həmin Qaydanın 4.3-cü bəndinə görəbu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Həmin Qaydanın 5.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasların dairəsini konkret müəyyən etmişdir və onun Azərbaycan Respublikasının ərazisində doğulması, Azərbaycan Respublikasının vətəndaşının «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaq şərtilə Azərbaycan Respublikasının vətəndaşlığında olması bu əsaslar sırasına daxildir. Hazırkı işin halları üzrə İddiaçı doğum yeri ilə bağlı bir-birini təkzib edən xüsusatlar mövcud olsa da, məhkəmə onun doğum yerinin Bakı şəhəri olmaması, yəni Dağıstan Respublikası, Padar kəndi olması ilə bağlı sənədləri daha mötəbər qiymətləndirir. Məhkəmənin bu qənaətinə əsas aşağıdakılardır: - iddiaçının doğumu haqqında akt qeydinin Azərbaycan Respublikası deyil, məhz Dağıstan Respublikasının VVAQ orqanında aparılması; - iddiaçının pasport qeydiyyatı ilə bağlı Dağıstan Respublikasının DİO-na vaxtilə təqdim edilmiş müvafiq ərizədə “doğum yeri Padar kəndi” göstərilməsi; - iddiaçının Bakı şəhərində doğulması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq tibb müəssisəsinin arxiv sənədlərində məlumat aşkar olunmaması; - iddiaçının doğum yerinin “Bakı şəhəri” olmasının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi ilə bağlı 2016-cı ildə məhkəməyə müraciət etməsi (yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən, iş üzrə müəyyən edilmiş hallar diqqətə çəkilmir). Bu hal doğum yerinin “Bakı şəhəri” olması barədə iddiaçının özünün də mötəbər sənədlərə malik olmadığını təsdiqləyir; - iddiaçıya sonradan Azərbaycan Respublikası DİO (tabeliyindəki müvafiq RPİ) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” verilsə də, bu sənədin verilməsinə əsas olmuş sənədlərin hər hansı səbəbdən (o cümlədən, saxlanma müddətinin bitməsi ilə bağlı məhv edilməsi) yoxlanılmasının mümkün olmaması, həmin şəxsiyyət vəsiqəsinin iddiaçının doğum yerinin və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsində mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Yuxarıdakılara əsaslanaraq və İPM-in 68-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, İddiaçı tələbi üzrə “onun doğum yerinin Bakı şəhəri olması” ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. İddiaçının «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması ilə əlaqədar məhkəmə qeyd edir ki, bu halla bağlı inzibati icraat çərçivəsində iddiaçı tərəfindən hər hansı mötəbər sənəd təqdim olunmamış, cavabdeh inzibati orqan da apardığı inzibati icraatda bu barədə sübut əldə edə bilməmişdir. Odur ki, iddiaçının 7 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması formal mülahizələrə söykənən hal qismində qiymətləndirilir. Bununla da, hazırkı məhkəmə icraatında AR Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2-ci bəndinin 2.2.1 və 2.2.2-ci yarımbəndlərində göstərilən halların İddiaçı münasibətdə mövcud olmaması öz təsdiqini tapır. Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş digər hallar isə, hazırkı mübahisə üzrə tərəflərin dəlilləri ilə uzlaşmadığından, məhkəmə həmin xüsusatlara toxunulmasına zəruri saymır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan AR Dövlət Miqrasiya Xidmətinin İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 29 iyun 2021-ci il tarixli ******* nömrəli qərarı (arayışı) qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın ləğv edilməsi və iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-8435/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8435/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver