Məhkəmə qərarları › İş №2-1(112)-8435/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8435/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8435/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan üzərinə inzibat aktın qəbul edilməsi (məcburetmə haqqında iddia) və ya hər hansı bir öhdəliyin qoyulması (öhdəliyin icrası haqqında iddia), o cümlədən inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) (mübahisələndirmə) dair iddialar üzrə şəxsin yaşayış yeri və olduğu yerinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu növ yəni mübahisələndirmə, məcburetmə və öhdəldiyi icrası növündə iddialarda 2 hala nəzər yetirilməlidir: 1) inzibati orqanın səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olması; 2) iddiaçının yaşayış yerinin müəyyən edilməsi. Məhkəmə, ilkin olaraq onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən Məcəllənin 8.1.2-ci maddəsinin son cümləsindən də aşkar şəkildə müəyyən edilir ki, mübahisələndirmə növündə iddiada olduğu kimi, həmçinin məcburetmə və öhdəliyin icrası növündə iddia tələbləri üzrə də həmin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu təqdirdə, işə şəxsin yaşayış yeri üzrə inzibati məhkəmə baxmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) İş materiallarında olan iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, iddiaçıların qeydiyyat ünvanı Ağdam rayonu ərazisində yerləşir. Nəzərə alınmalıdır ki, iddiaçıların qeydiyyatda olduğu ünvan həmin vaxt işğal olunmuş rayon hesab olunmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə (ikinci abzasına) nəzər yetirdikdə görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) dedikdə, Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs başa düşülür. Təkzib olunmaz haldır ki, iddiaçılar hazırki mərhələdə məcburi köçkün statusuna malik deyillər və onların faktiki olaraq məskunlaşdığı yer məcburi köçkün vəsiqəsi ilə müəyyən edilmir. Lakin nəzərə alınmalıdır ki, verilmiş izahatdan, eyni zamanda cavabdehin imtina məktubundan görünür ki, həmin şəxslər ünvan 2 ünvanında məskunlaşmışdır ki, cavabdeh imtina məktubunu da həmin ünvana göndərmişdir. Göründüyü kimi iddiaçıların yaşayış yeri üzrə qeydiyyat yeri və məskunlaşdıqları yer Ağdam rayonu ərazisinə düşür ki, həmin hal işə hazırkı məhkəmədə baxılmasını istisna edir. Bu zaman iddiaçıların faktiki olaraq Bakı şəhərində olması da hazırkı məhkəməni işə baxmaqda səlahiyyətli etmir. Doğrudur Ali Məhkəmənin bir sıra qərarlarında (2-1(102)-1207/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarı və s) qeyd edilmişdir ki, məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən edilərkən, onların köçkün kimi rəsmi qeydiyyatda olduqları ərazi vahidi deyil, köçkün kimi faktiki yaşadıqları ərazi vahidi nəzərə alınmalı və belə hallarda ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli Qanunun 1.1-ci və 8.1.2-ci maddələrin edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə 6 oktyabr 2021-ci il tarixdə, yəni İPM-in 8.1.2-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə mindikdən sonra müraciət etmişdir. Bundan başqa həm də nəzərə almaq lazımdır ki, məhkəmələr tərəfindən mübahisələrə həmin vaxt qüvvədə olan prosessual normalar əsasında baxılır. Bundan əlavə, Ali Məhkəmənin son dövrlər formalaşmış hüquqi mövqeyinə görə də hazırkı mübahisəyə analoji mübahisələrə dair məcburi köçkünlərin iddiaları üzrə ərazi aidiyyəti müəyyən olunarkən məhz qeyd edilən qaydanın tətbiqi nəzərdə tutulmuşdur (Ali Məhkəmənin 22 aprel 2022-ci il 2-1(102)- 684/2022 nömrəli Qərarı). Nəzərə almaq lazımdır ki, mübahisənin predmet və ya ərazi aidiyyəti işə baxan məhkəmə tərəfindən xidməti vəzifəsinə görə müəyyən edilməlidir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Həmin mövqenin hazırkı iş üzrə tətbiq edilməli olması baxımından 2 halın mövcudluğu işin aidiyyətlə bağlı nəzərə alınmalıdır. Birinci onunla bağlıdır ki, hazırkı mübahisə məhz iddiaçıların məcburi köçkün statusu verilib-verilməməsi ilə bağlıdır ki, hazırkı iş üzrə iddianın təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan iddiaçıların məcburi köçkün statusuna malik olduğu müəyyən edilmir. Şəxs məcburi köçkün deyildirsə də qeydiyyat yeri onun yaşayış yeri hesab edilməlidir. İkinci məqam odur ki, iddiaçılar məcburi köçkün statusunda olsa belə məskunlaşma yeri Bakı şəhəri yox, məhz Ağdam rayonu Baharlı-1 qəsəbəsidir. Göründüyü kimi, iddiaçıların qeydiyyat yeri ilə məskunlaşdıqları ərazi Ağdam rayonudur. Onların faktiki Bakı şəhərində olması daimi əsaslarla Bakı şəhərində yaşama hesab edilmir. Məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçıların yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Gəncə İnzibati Məhkəməsidir. Belə ki, iddiaçının faktiki yaşadığı yer Abşeron rayonu inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Ağdam və Bərdə rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar