Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8436/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 52 saylı notariat ofisinin Xüsusi notariusu tərəfindən təsdiq edilmiş 07 fevral 2025-ci il tarixli №1358376 saylı “Daşınmaz ənmlakın alqı-satqı müqaviləsinə” əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,1 kvm. olan paylı mülkiyyəti X6 (1/2 hissə) və X2 (1/2 hissə) dəyərini tam olaraq ödəməklə almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ********** sayllı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı”na əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,1 kvm. olan mənzil mənim adıma rəsmiləşməklə, xüsusi mülkiyyətimdə olması təsdiq olunmuşdur. “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” 8-ci maddəsində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsi bağlanıb, mənzil adıma rəsmiləşdikdən sonra məlum olmuşdur ki, xüsusi mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,1 kvm. olan mənzildə digər vətəndaşlar- Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 da qeydiyyatdadırlar. Mənzilin satıcısı X3 bu barədə soruşduqda bildirmişdir ki, qeydiyyatda olan şəxslər heç bir vaxt mənzildə yaşamamış, onların mənzildən sahiblik, istifadə və mülkiyyətlə heç bir bağlılıqları yoxdur, formal olaraq mənzilə qeydiyyata salınmışlar və hazırda da ayrı-ayrı ünvanlarda yaşayırlar. Göstərilən şəxslər mənzilimdə formal olaraq qeydiyyatda olmaqla, faktiki olaraq yaşamırlar və mənzildən istifadə hüquları olmasa da, onların qeydiyyatda olmaları kommunal xərclərin ödənilməsində, mənzillə bağlı hüquqularımın həyata keçirilməsində maneçiliklər yaradır. Buna görə də iddiaçı üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi xx.xx.2025-ci il tarixli, 3-13-521/2-M-7868/25 saylı məktubla Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 passport qeydiyyatından çıxarmaqdan imtina etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq Maraqlı şəxs1rMustafayev Asima İmani qızını, Maraqlı şəxs1-oğlunu, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunur.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (atası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdeh Nizami Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda məhkəmə tərəfindən qəbul edilən yekun məhkəmə aktının icraya yönəldikdən sonra cavabdeh tərəfindən icra olunacağı bildirilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdir.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışa əsasən Maraqlı şəxs1 (xx.xx.1988-ci il təvəllüdlü), Maraqlı şəxs2 (xx.xx.1989-cu il təvəllüdlü), Maraqlı şəxs3 (xx.xx.2014-cü il təvəllüdlü), Maraqlı şəxs4 (xx.xx.1954-cü il təvəllüdlü), Maraqlı şəxs5 (xx.xx.2016-cı il təvəllüdlü), Maraqlı şəxs6 (xx.xx.2017-ci il təvəllüdlü) ünvan 1 (Yeni qaydalarla: AZ1119, ünvan 4 ünvanında qeydiyyatdadır.
12. Reyestrdə 4Ə-190 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcılar X6 və X5 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 29, 51 saylı mənzili (Yeni qaydalarla: AZ1119, ünvan 4 alıcı İddiaçı mülkiyyətinə vermişdir.
13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 (AZ1119, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
15. 10 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq harada yaşadıqları məlum deyil.
16. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 287/2015 saylı iş üzrə qəbul etdiyi qətnamə sorğuda qeyd edilən tarixdə deyil, 18 mart 2015-ci il tarixdə qəbul edilmiş və xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru Əkrəm Əliyev tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
IV. Məhkəmənin mövqeyi
17. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, bu ünvandakı qeydiyyatları hazırda formal xarakter daşıyır, cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 ünvan 1 (Yeni qaydalarla: AZ1119, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 ünvan 1 (Yeni qaydalarla: AZ1119, ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva