Məhkəmə qərarları › İş №2-1(112)-8441/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8441/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8441/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə onun icra hakimiyyətinə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə müsbət cavab olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi Parkın arxasında 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. O, faktiki olaraq 1998-ci ildən ona ayrılmış torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişdir. 28 (iyirmi səkkiz) ildir ki, ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşasa da, fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi olan çıxarışı mövcud deyil. Fərdi yaşayış evinə dair çıxarışın alınması üçün qanunvericiliyin tələblərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ilkin olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin plan-cizgisi olmalıdır. Lakin ayrılmış torpaq sahəsinin plancizgisi olmadığından o, torpağa dair çıxarış ala bilmir. Bu səbəbdən ilkin olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair arxiv plan-cizginin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına rəsmi müraciət etmişdir, arxiv idarəsi müraciətinə cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamının ksero surətini ona təqdim etmiş, lakin torpaq sahəsinin ayrılması ilə bağlı plan-cizginin olmaması barədə xx.xx.2020-ci il tarixli C- 169 №-li məktubla rəsmi məlumat vermişdir. Daha sonra o, cavabdehə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə səlahiyyəti xaricində olması əsası ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli 328 №-li Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, vət. İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi parkının arxa tərəfindəki sahədə, 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli C-169 nömrəli məktubundan görünür ki, İddiaçı torpaq sahəsi ayrılması barədə Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 328 saylı sərəncamına akt və cizgi əlavə edilməmişdir; Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, RİH-nin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, iddiaçının müraciətinin müsbət həlli səlahiyyətləri xaricindədir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 1/1321 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 nömrəli Taksi parkının arxasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin plan-cizgisi həmin dövrdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 328 saylı Sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Rayon İcra Hakimiyyətinin ötən illərə dair sənədləri, o cümlədən 1998-ci il də daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı 29 iyun 2022-ci il tarixli BA- 03920-2022 nömrəli məktubla İddiaçı barədə Suraxanı Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 328 saylı sərəncamın təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin həmin məktubda göstərilmişdir ki, qeyd olunan sərəncamın qüvvədən düşməsi barədə heç bir məlumat yoxdur. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli 328 №-li Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi parkının arxa tərəfindəki sahədə, 600 kv/metr torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı qeyd olunan sərəncam ilə ona ayrılmış 600 kv/metr torpaq sahəsinin plan-cizgisinin təsdiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırkı iş üzrə qeyd edilməlidir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 18 mart 1998-ci il tarixli 328 nömrəli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 №-li Taksi parkının arxa tərəfindəki sahədə ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar