Məhkəmə qərarları › İş №2-1(112)-8442/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8442/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8442/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında göstərilən ümumi və güzəştli iş stajı nəzərə alınmaqla ona pensiya hüququnun yarandığı tarixdən güzəştli əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə doğulmuşdur. xx.xx.1979-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ildən 1983-cü ilədək Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. Təhsil aldığı müddətdə əmək fəaliyyətinə başlamışdır və 1983-cü ildən 2014-cü ilədək Azərbaycan Dəmir Yollarında çilingər və maşinist köməkçisi peşələrində işləmişdir. Ona məxsus olan HT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, onun 30 ildən çox iş stajı var. İşlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq heab edir ki, onun güzəştli pensiya almaq hüququ yaranmışdır. Bu səbəblə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və ona xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubu göndərmişdir. İmtina məktubunda göstərmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 45360,00 manat (minimum əmək pensiyası məbləğinin artımı ilə əlaqədar) hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 31156,70 manat təşkil edir. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, onun 25 il sığorta stajı olduğuna görə cavabdeh orqan tərəfindən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalını tələb etməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. DSMF Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixdə iş üzrə icraata xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh inzibati orqan tərəfindən tələbinin məhkəmədən kənar həll olunduğu üçün hazırkı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh DSMF Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəməyə təqdim etdikləri ərizədə qeyd olunanları müdafiə edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 saylı məktubuna əlavə olunmuş pensiya təyinatı alt sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı yaşa görə pensiya təyin olunması ilə bağlı sərəncam qəbul olunmuşdur. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar