Məhkəmə qərarları › İş №2-1(112)-8444/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8444/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8444/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 02.05.2021-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) onun əmək pensiyasının buna hüququ yarandığı 55 yaşının tamam olduğu 30.06.2014-cü il tarixdən təyin edilməsi və pensiyasının “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması, ödənilməmiş müddətlər üçün pensiyasının birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X1 haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə kişilər üçün 57 yaş müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının buna hüququ yarandığı 55 yaşının tamam olduğu 30.06.2014-cü il tarixdən təyin edilməsi və həmin pensiyanın “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Orta məktəbi 1976-cı ildə bitirdikdən sonra əmək fəalyyətinə başlamışdır. Onun işlədiyi işlərin hamısı Nazirlər Kabinetinin 2 saylı siyahısına uyğun olaraq ağır işlər sırasına daxildir və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdir. Məhz bu səbəbdən, 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən etibarən ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin pensiya təyin edilkərkən kobud qanun pozuntusuna yol verilmiş, ona pensiya 2006-cı ilin yanvarın 1-dən qüvvədə olan “X1 haqqında” Qanunun müdəalarına müvafiq surətdə təyin edilməli olduğu halda, 2006-cı ilin yanvarın 1-dən qüvvədə olan “Əmək pensiyaları haqqında“ Qanunun müdəalarına müvafiq təyin edilmişdir. İşin hallarından müəyyən olunur ki, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunun əmək stajını, yəni 12 il 6 ay (xüsusi ilə agır işlər üzrə iş stajı) və 25 il ümumi stajını o, 01 yanvar 2006-cı il tarixə qədər əldə etmişdir. Həmçinin “X1 Haqqında” Qanunun 17-ci maddəsinə əsasən - yaşa görə əmək pensiyası üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi, bu qanun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 65 faiz məbləğində təyin edilir. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “B” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, “X1 haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “b” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə kişilər üçün 57 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 55 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Əlavə olaraq bildiririk ki, əmək pensiyasının məbləğinin əmək haqqına uyğun hesablanması qaydası 2010-cu il tarixdən sonra qanunvericilikdən çıxarılmışdır. 01.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki sosial təminat hüquqlarının pozulduğunu güman edən iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ vardır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdehə müraciət etmişdir. İddia tələbinin mahiyyətinə gəldikdə iddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1. onun əmək pensiyasının 55 yaşının tamam olduğu 30.06.2014-cü il tarixdən təyin edilməsi; 2. əmək pensiyanın “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması. İddiaçının tələbinin ilk hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 01.09.1976-18.02.1978-ci illərdə təhsil almış, 22.03.1978-ci ildə çilingər qəbul edilmiş, 20.04.1978-ci ildə işdən azad olunmuş, 02.05.1978-08.05.1980-cı illərdə hərbi xidmətdə olmuş, 26.06.1980-cı ildə Bakı Lokomotiv Deposunda elektrovoz təmiri üzrə çilingər qəbul edilmiş, 04.12.1980-cı ildə elektrovoz maşinisti köməkçisinin dublyoru, 12.12.1980-cı ildə elektrovoz maşinisti köməkçisi, 25.04.1984-cü ildə elektrovoz maşinisti keçirilmiş, 01.11.1994-cü ildə işdən azad edilmişdir. 03.11.1994-cü ildə 28 May NQCİ-nə daxili yanma mühərriki maşinisti qəbul edilmiş, 02.01.1996-cı il tarixdə qaztrubin maşinisti keçirilmiş, 01.12.1998-ci ildə daxili yanma mühərriki maşinisti keçirilmiş, 28.11.2016-cı il tarixdə də həmin vəzifədə işləmişdir. İddiaçı 12.12.2016-cı il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnın təyin edilməsini xahiş etmiş, DSMF-nin Xəzər rayon şöbəsinin 27.08.2017-ci il tarixli qərarı ilə iddiaçıya 30.06.2016-cı il tarixdən (57 yaşdan) ömürlük pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi 12.12.2016-cı il tarixdə qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş X1nı tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçı hazırda cavabdehin ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə razılaşmayaraq ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalardan görünür ki, “X1 haqqında” Azərbaycan Respublikası Qanunu 01.08.1997-ci il tarixədək 2 nömrəli siyahısı üzrə azı 25 il iş stajı olan və bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışan 55 yaşına çatmış kişilərin güzəştli şərtlərlə pensiya hüququnu təsbit edirdi. Buna görə də iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün onun 01.08.1997-ci il tarixə azı 25 il iş stajı olmalı və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmalıdı. Lakin işdə olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun təhsil və hərbi xidmət dövrü də nəzərə alındıqda 01.08.1997-ci il tarixdə cəmi 20 il 8 ay ümumi iş stajı olmuşdur. Həmçinin o da qeyd edilməlidir ki, ƏPQ-nin 9.8-ci maddəsi əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa və staja görə tələbləri nəzərdə tutarkən həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 01.01.2006-cı il tarixədək qüvvədə olan qanundan bəhs edir ki, bu da “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 31.12.2005-ci il tarixə qüvvədə olan redaksiyası deməkdir, hansı ki, orada 2 nömrəli siyahıda nəzərdə tutulmuş işlərdə işləyən şəxslərin 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması təsbit olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. İddiaçının tələbinin ikinci hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, ƏPQ-nin 9.8-ci maddəsi həmin Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajı olan şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliyin yalnız yaşa və staja dair tələbləri nəzərə alınmaqla təyin edilməsini nəzərdə tutmuş, pensiyanın məbləğinin hesablanması ilə bağlı əvvəllər qüvvədə olan qanunun tətbiqini müəyyən etməmişdir. Digər tərəfdən, ƏPQ-nin 10.2-ci maddəsinin və 27-ci maddəsinin 01.01.2010-cu il tarixədək qüvvədə olan redaksiyasında göstərilirdi ki: “10.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.” Lakin 27.10.2009-cu il tarixdə ƏPQ-yə dəyişiklik edildi və ƏPQ-nin 10.2-ci maddəsi və 27-ci maddəsi yeni, aşağıda göstərilən redaksiyada verildi: “10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.” Qanunvericiliyə edilmiş və 01.01.2010-cu il tarixdə qüvvəyə minmiş bu dəyişikliklə ƏPQ qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi, bununla da həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat kapitalın hesablanması müəyyən edilmiş, beləliklə də, əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqının nəzərə alınması ilə bağlı müddəa qanunvericilikdən çıxarılmışdır. İddiaçıya 57 yaşının tamam olduğu 30.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyindən məhkəmə hesab edir ki, 01.01.2010-cu il tarixədək qüvvədə olmuş normalar iddiaçıya tətbiq edilə və onun əmək pensiyasının “X1 haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq surətdə orta əmək haqqının 90 faizi həcmində hesablanması barədə tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar