Məhkəmə qərarları › İş №2-1(112)-8445/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8445/2025

22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8445/2025 22.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə (uçotuna) götürülmə və kirayə xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ehtiyyata buraxıldığı xx.xx.2024-cü il tarixdən kirayə pulu kompensasiyasının ödənilməsi üçün qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 30 təqvim ili Azərbaycan ordusunda xidmət etmiş, Vətən müharibəsi və digər döyüş fəaliyyətlərinin iştirakçısı, müharibə zamanı aldığı xəsarətlər nəticəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında xəstəliyi ilə əlaqədar ehtiyyata buraxılmış Polkovnik rütbəsində olan Hərbi qulluqçudur. xx.xx.2024-cü il tarixdən əmək pensiyaçısıdır. Hərbi xidmət dövründə daimi mənzillə təmin olunmuşdur. 2018-ci ilin sentyabr ayında Kapital Bank ASC-dən müqavilə əsasında 59927 manat məbləğində 4%-li güzəştli ipoteka krediti götürərək, yaşayış sahəsi 44.8 kv.m olan 3 otaqlı mənzili MİDA-1 Yasamal kompleksindən almışdır. Hazırda mənzil qeyd olunan bankda girovdadır. xx.xx.2024-cü il tarixdə Ordu sıralarından ehtiyyata buraxıldıqdan sonra AR Hərbi Qulluqçuların statusu haqqında qanunun 12.1-ci maddəsinə uyğun olaraq 3 ayadək müddət keçməmiş xx.xx.2025-ci il tarixdə Cavabdehnə güzəştli mənzil növbəsinə əlavə edilməyi və daimi mənzillə təmin olunanadək ailə üzvlərinin sayını və Polkovnik rütbəsində olmağını nəzərə alaraq yaşayış sahəsi geniş olan mənzildə yaşamağı üçün kirayə pul kompensasiyasının ayrılması üçün İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Müraciət edərkən Azərbaycan Respublikası qanunlarını əsas götürmüşdür. Lakin Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən və digər qanunları nəzərə almadan ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim etməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1 ünvanında yerləşən 22 saylı mənzil İddiaçı mülkiyyətində olduğundan Mənzil Məcəlləsinin 55.1.2.-ci maddəsinə əsasən onun güzəştli mənzil növbəsinə əlavə edilməsi mümkün deyildir. Eyni zamanda bildiririk ki, İddiaçı mülkiyyətində mənzil olduğundan o, mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə daxil edilməmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1 ünvanında yerləşən 22 saylı mənzili güzəştli ipoteka yolu ilə əldə etdiyindən, Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsasən ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi mümkün olmadığından onun iddiası əsassızdır, iddianın rədd edilməsi və ya mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünr ki: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1977ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X16 8. ev 1, mənzil 22 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, X4 ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X16 8. ev 1, mənzil 22 ünvanında xx.xx.1977-ci il təvəllüdlü İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Yasamal Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli 255 nömrəli Arayışında göstərilmişdir ki,İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2024-cü ilədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən AR MN-nin 01056 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 70.8 kv.m olan **********69-05301-**********030838 reyestr nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Texniki Pasport xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında yerləşən **********69-05301-**********030838 reyestr nömrəli İddiaçı məxsus mənzil barədə idarənin baş mühəndisi R.Babayev tərəfindən tərtib edilmişdir. Mənzilin texniki ölçülərinə əsasən, mənzil 12 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin ümumi sahəsi 70.8 kv.m, yaşayış sahəsi 44.8 kv.m, təşkil edir. Dəhliz 10.0 kv.m, mətbəx 9.2 kv.m, yaşayış otağı 12.6 kv.m, yaşayış otağı 18.6 kv.m, yaşayış otağı 13.6 kv.m, sanitar qovşaq 3.0 kv.m, sanitar qovşaq 1.8 kv.m, lociya 1.4 kv.m, balkon 0.4 kv.m təşkil edir. -xx.xx.2018-ci il tarixli M/31 nömrəli Kredit Müqaviləsinə əsasən kreditor "xxxx" ASC bu müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 59927.00 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 288 ay müddətinə ipoteka krediti verir. Kredit borcalan İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********7 olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-22249/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında yerləşən ümumi sahəsi 70.8 kv.m olan **********69-05301-093010 reyestr nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2687 nömrəli reyestr kitabının 250338 nömrəli vərəqində qeydiyyata alınmışdır. -“Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında yerləşən ümumi sahəsi 70.8 kv.m, yaşayış sahəsi 43.91 kv.m, yardımçı sahəsi 26.18 kv.m olan 3 otaqlı, **********69-05301-093010 reyestr nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2687 nömrəli reyestr kitabının 250338 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2018-ci il tarixli M/31 nömrəli “Güzəştli mənzilin alqı-satqı və ipoteka” Müqaviləsinə əsasən satıcı "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında yerləşən mənzili alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. -Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 01-07/357 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 11,6 ha torpaq sahəsində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında mənzillərə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyata alınaraq müvafiq sənədlərin verilməsi barədə xx.xx.2017-ci il tarixli 01-07/299 saylı məktubla etdiyimiz müraciətin davamı olaraq Sizdən xahiş edirik ki, tərəfinizdən Bakı şəhəri, Yasamal rayonu, X16 8 ünvanı verilmiş məkanda yerləşən 1 saylı binanın 22 saylı mənzilinə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə sənədlər və ünvan arayışı verilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2025-ci il tarixli 3-25-27/2-2800/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin mənzil fondundan yaşayış sahəsi ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan xx.xx.2024-cü il tarixli 359 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əmrindən Çıxarışda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin (Q3) Əməliyyat İdarəsinin Əməliyyat hazırlığı şöbəsinin rəisi polkovnik İddiaçı, "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 24 dekabr 2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilsin. Polkovnik İddiaçı 2024-cü ilin yanvar-noyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Polkovnik İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 01 nömrəli əmri ilə «Usta məharət dərəcəsi» verilib. Polkovnik İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2024-cü ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-15338 nömrəli məktubunda göstərilmişdir ki, sorğu etdiyiniz xx.xx.1977-ci il təvəllüdlü İddiaçı xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 9A mikrorayon, M.Cəlal küçəsi, ev 45, mənzil 25-də, xx.xx.2019-cu il tarixdən hazıradək Bakı şəhəri, Yasamal rayonu, X16 8. ev 1, mənzil 22 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-15338 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 18/2-15342 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki: 1.xx.xx.2012-ci il təvəllüdlü X7 Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeyiyyatdadır. 2.xx.xx.2011-ci il təvəllüdlü X5 Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeyiyyatdadır. 3.xx.xx.2004-cü il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeyiyyatdadır. 4.xx.xx.2010-cu il təvəllüdlü X8 Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeyiyyatdadır. 5.xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeyiyyatdadır. 6.xx.xx.2005-ci il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, X16 8, ev 1, mənzil 22 ünvanında qeyiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 999 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı və X1 Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-21/2- Ə-66-068/25 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Yasamal rayonu, X16 8, ev 1 ünvanında yerləşən 22 saylı mənzil sizin mülkiyyətinizdə olduğundan Mənzil Məcəlləsinin 53.1.2,-ci maddəsinə əsasən sizin güzəştli mənzil növbəsinə əlavə edilməyiniz mümkün deyildir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 29 ildən çox (təqvim ili üzrə) xidmət etmiş Müdafiə Nazirliyindən ehtiyatına buraxılmış hərbi qulluqçudur. İddiaçı ehtiyatda olan hərbiçi kimi 6 nəfər ailə tərkibində (özü, h/yoldaşı, 4 övladı) yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri Cavabdehnə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində əmlak olduğundan,yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyinə əsaslanaraq müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona xx.xx.2024-cü il tarixdən kirayə pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçının ona hərbi qulluqçu kimi mənzil kirayə haqqının ödənilməsi tələbi ilə çıxış etməklə hüquqi marağı hərbi qulluçu kimi məznil uçotuna alınmaq və mənzil uçotuna götürüldükdən sonra mənzillə təmin edilənə qədər mənzil kirayəə haqqı ilə təmin edilməkdir. Məcbuertmə haqqında idda növündə olan bu iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin sonuncu dəfə verdiyi xx.xx.2025-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuş, beləlikə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, “(....) hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən normaların tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxs olmalı; - hərbi qulluqçunun yaşayış sahəsi olmamalıdır. İş materialları ilə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən AR MN-nin 01056 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması sübut olunur. Hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi və ya ona kirayə pulunun ödənilməsi üçün birinci şərt ödənilir. Lakin iddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmaması iş üzrə müəyyən edilmir. Belə ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. -50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X16, bina 1, mənzil 22 üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyesrindən çıxarış və texniki pasporta əsasən mənzil 3 yaşayış otaqlı olmaqla ümumi sahəsi 70.8 kv.m təşkil edir.. İddiaçı həmin mənzildə özü və 5 ailə üzvü (arvadı X6 və 4 övladı xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X3 (evli), xx.xx.2005-ci il təvəllüdlü X2 yaşadığını bildirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2004-cü il təvəllüdlü X3 evli olmaqla və oğlu xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatmışlardır və onların əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara şamil edilməsi iş materialları ilə müəyyən olunmur. Belə olan halda həmin şəxslər Mənzil Məcəlləsinin 30.1-ci maddəsində (buna müvafiq olaraq MM-in 50-ci maddəsi) nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının arvadı və yetkinlik yaşına çatmayan digər 2 övladı daxil olmaqla 4 nəfər şəxs üçün yaşayış üçün minimal norma 64 kv.m təşkil edir (16kv.m x4) və bu halda iddiaçının mülkiyyətində olan 70.8 kv.m yaşayış sahəsi tələb olunan minimal normadan çoxdur. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının hazırda istifadə etdiyi mənzilin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırda mülkiyyətində olan mənzilin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Nəhayətində qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə. Sadalanan normadan görünür ki, əgər şəxsə yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verilibsə, o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir və buna görə də uçotdan çıxarılır. İş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X16, bina 1, mənzil 22 illik 4 % dərəcəsi ilə, yəni güzəştli ipoteka krediti ilə iddiaçıya verilmişdir. Belə olan halda Mənzil Məcəlləsinin adıçəkilən 55.1.4-cü maddəsinin tələbinə görə iddiaçı güzəştli ipoteka krediti ilə mənzil əldə etmiş olduğundan yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilməz. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: -53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; -53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; -53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia tələbi olan kirayə haqqının ödənilməsi tələbinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda hazırkı iş üzrə iddiaçı mənzil növbəsinə götürülmədiyindən ona kirayə haqqının ödənilməsi tələbi də təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə (uçotuna) götürülmə və kirayə xərcinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar