Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8449/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə (üçüncü şəxs: X8) qarşı “torpaq sahəsinin sənədləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbəsi inzibati ərazisində X4 281 saylı, 14 mart 2007-ci il tarixli sərəncamına əsasən vətəndaş X5 adına rəsmiləşdirilmiş 500 kv.metr torpaq sahəsinin onun adına sənədləşməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə X1 adına rəsmiləşdirərək X4 281 saylı 14 mart 2007-ci il tarixli sərəncamına əsasən mülkiyyətinə ayrılmış 500 m2 torpaq sahəsinin 43 saylı notariat ofisinin AR-№:380868 saylı mülki etibarnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçirilməsi Binəqədi qəsəbə Bələdiyyəsinə həvalə olunmuşdur. Ayrılmış torpaq sahəsinin eskiz-cizgisi, X4 büdcəsinə köçürülmüş maliyyə vəsaitinin qəbzi, Binəqədi qəsəbə Bələdiyyəsi ilə bağlanmış alqı-satqıya dair Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş arxiv materiallarında ayrılmış torpaq sahəsinin sənədlərinin qorunması barədə arayış onun tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə təqdim edilərək torpaq sahəsinin adına sənədləşdirilməsini xahiş etsə də, X4 01-13/H-152 saylı 14 aprel 2022-ci il tarixli məktubu ilə ona qeyd olunan sənədləşmənin mümkünsüzlüyü izah edilərək məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə istinad olunanlar nəzərə alınmaqla idia tələbinin mümkünlüyünü yoxlayaraq qeyd edir ki, işdən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X4 2151 nömrəli, 26 dekabr 2006-ci il tarixli sərəncamına əsasən X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X6 və X7 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 500 kv.metr torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X7 adına keçirilmişdir. Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2007-ci il tarixli 281 saylı sərəncamından görünür ki, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X7 və X5 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 500 kv.metr torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X5 adına keçirilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixli sərəncama əsasən X2 və istifadəsinə verilmiş 500 kv.metr torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, 14 aprel 2022-ci il tarixli məktubunda bildirmişdir ki, vətəndaşlara torpaq sahələrinin alqı-satqı qaydasında sənədləşdirilməsi və ya sahiblik hüququnun dəyişdirilməsi müvafiq qanunvericiliklərə əsasən yerli icra orqanlarına və yerli bələdiyyələrə müvəqqəti olaraq qadağan edildiyindən, X4 281 saylı 14 mart 2007-ci il tarixli sərəncamına əsasən vətəndaş X5 adına rəsmiləşdirilmiş 500 kv.m torpaq sahəsinin vətəndaşın razılığı ilə onun adına sənədləşdirilməsi imkan xaricindədir. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək həmin torpaq sahəsinin öz adına sənədləşdirilməsini, yəni torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir. Lakin işdən görünür ki, üçüncü şəxs B.Mustafayevə torpaq sahəsinin ayrılması barədə xx.xx.2007-ci il tarixli 281 saylı sərəncam inzibati orqan tərəfindən ləğv edilməmişdir və hazırda qüvvədədir. Deməli, mübahisəli torpaq sahəsi hazırda bələdiyyənin deyil, üçüncü şəxs B.Mustafayevin istifadəsindədir və torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə inzibati akt ləğv olunmamış iddiaçı həmin torpaq sahəsinin ona ayrılması barədə iddia ilə çıxış edə bilməz. Məhkəmə onu da qeyd edir ki, qüvvədə olan qanunvericilik bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydasını dəqiq tənzimləmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 11.11-ci maddəsinə görə icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Göründüyü kimi, istinad olunan normalara əsasən torpaq sahənin addan ada keçirilməsi formasında bələdiyyə torpaqlarının ayırılması qaydası da qanunvericiliklə nəzərdə tutulmamışdır, bələdiyyəyə belə bir səlahiyyət verilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbi mümkün sayıla bilməz. İddia ərizəsində istinad olunan B.Mustafayev tərəfindən 500 kv.metr torpaq sahəsi ilə bağlı müvafiq hərəkətlərin edilməsinin iddiaçıya etibar edilməsinə dair xx.xx.2021-ci il tarixli etibarnaməyə gəldikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8449/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8449/2022
19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver