Məhkəmə qərarları › İş №2-1(112)-8451/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8451/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8451/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi “9” saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evinə (bağ evi) dair hüquqların layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi “9” saylı bağ sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Evin ölçüləri qanunvericiliklə nəzərdə tutulmuş məlumatlandırma icraatına aiddir. Bununla bağlı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Daha sonra fərdi yaşayış evinə dair çıxarışın alınması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin müraciət əsasında iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. İmtina məktubuna əsasən qeyd olunur ki, tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. İddiaçi cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia ilə bağlı məhkəməyə təqdimi etdiyi 10.09.2021-ci il tarixli etiraz məktubunda bildirilir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, zirzəmidə və 1-ci mərtəbədə layihədə göstərilən sütunlar inşa edilmişdir. Həmçinin, həyətyanı sahədə 3 ədəd köməkçi tikililər layihədə öz əksini tapmamışdır. Bağ evinin aşırımlarının uzunluğu 6 metrdən çox olduğundan sənədlər məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində gəstərilənləri təsdiqləyərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “9” saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışla 0.177ha və Seriya RX ******* saylı çıxarışla 0.084ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Sözugedən torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına dair X2 layihəsi təsdiq edilmişdir. - İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar tikinti barədə məlumatlandırılmalı olan orqana (qurum) tikinti barədə məlumat verilməsi iş materiallarında olan ərizə ilə öz təsdiqini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş layihə ilə faktiki vəzyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, zirzəmidə və 1-ci mərtəbədə layihədə göstərilən sütunlar inşa edilmişdir. Həmçinin, həyətyanı sahədə 3 ədəd köməkçi tikililər layihədə öz əksini tapmamışdır. Bağ evinin aşırımlarının uzunluğu 6 metrdən çox olduğundan sənədlər məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Bu səbəbdən iddiaçının müraciətinin müsbət həllindən imtina olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “9” saylı bağ sahəsinə aid torpaq üzərində hazırda razılaşdırılmış layihə əsasında inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini tələb edir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, AR Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatına üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daçınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daçınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə görə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Göründüyü kimi, mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Məhkəmə icraatı zamanı iş üzrə araşdırma aparılması məqsədi ilə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, eskpert qarşısına müvafiq suallar qoyulmuşdur: - İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “9” saylı bağ sahəsində yerləşən fərdi yaşayış evi (bağ evi) razılaşdırılmış eskiz layihəyə uyğun olaraq inşa edilib-edilmədiyi, eskiz layihəsi ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluqlar aşkar olunarsa, bu uyğunsuzluqların nədən ibarət olunmasının ətraflı olaraq göstərilməsi. - İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9 saylı bağ sahəsində fərdi yaşayış evindən əlavə hər hansı bir digər tikili mövcuddurmu? Əlavə tikili olduğu halda, sözügedən tikili eskiz layihəsində əks olunmuşdurmu? - İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin (bağ evi) hündürlüyü, aşırımlarının uzunluğu və mərtəbə sayı, həmçinin daşınmaz əmlakın məlumatlandırma icraatı yoxsa tikintisinə icazə tələb olunan tikinti obyekti olmasının müəyyən edilməsi. Məhkəmə qərardadında qoyulmuş sualların icrası ilə əlaqədar ekspert tərəfindən fərdi yaşayış evinə yerli baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Bunun müqabilində məhkəməyə rəy təqdim olunmuşdur. Həmin rəydən məlum olur ki: - İddiaçılunu mülkiyyətində olan Bakı Şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evi (bağ evi) razılaşdırılmış eskiz layihəyə uyğun inşa edilmişdir. - İddiaçılunu mülkiyyətində olan Bakı Şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9 saylı bağ sahəsində fərdi yaşayış evindən əlavə köməkçi qaraj, gözətçi evi və anbar tikililəri inşa edilmiş və həmin köməkçi tikililər təsdiq edilmiş memarlıq planlaşdırma layihəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı həmin tikililərin inşa edilməsinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən icazə tələb olunmur. - AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən İddiaçılunu mülkiyyətində olan Bakı Şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 9 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinin (bağ evi) faktiki bir (1) mərtəbə olduğunu, mərtəbənin hündürlüyünün 3.4 metr, aşırımlarının uzunluğunun 4.7- 5.6 metr arasında dəyişdiyini nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasında inşası nəzərdə tutulan tikililərə aid olduğu müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqana təqdim edilmiş daşınmaz əmlakın iddiaçının mülkiyyətində olmasını təsdiq edən çıxarış, inşa edilmiş fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar tikinti barədə məlumatlandırılmalı olan orqana (qurum) tikinti barədə məlumat verilməsi ilə bağlı ərizə və sözu gedən torpaq sahəsində fərdi yaşayış evinin inşa olunmasına dair təsdiq edilmiş X2 layihəsi o cümlədən də, məhkəmə icraatı zamanı əldə olunmuş ekspert rəyi iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi “9” saylı bağ sahəsi üzərində inşa etdirdiyi fərdi yaşayış evi (bağ evi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edildiyindən, cavabdeh tərəfindən verilmiş imtina qanunazidd hesab olunur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “9” saylı bağ sahəsində tikilmiş fərdi yaşayış evinin (bağ evi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar