Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8455/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı3 MMC-nin, İddiaçı4 MMC-nin, İddiaçı5 MMC-nin, İddiaçı1 MMCnin və İddiaçı2 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cərimə və digər borcların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı3 MMC, İddiaçı4 MMC, İddiaçı5 MMC, İddiaçı1 MMC və İddiaçı2 MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı3 MMC, İddiaçı4 MMC, İddiaçı5 MMC, İddiaçı1 MMC və İddiaçı2 MMC barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılmış cərimə və digər borcların ləğv edilməsi, silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən X2 təsisçisi və direktoru olduğu MMC-ləri etibarnamə ilə X8 idarə etməsi üçün vermişdir. Həmin şəxs X2 etibarından isdifadə edərək qanunsuzluğa yol vermişdir və bunun nəticəsində təsisçisi olduğu MMC-lərin ünvanına borc yazmışdır. Halbuki, həmin borcla bağlı onun heç bir xəbəri və təqsiri olmamışdır və hesab edir ki, cavabdeh tərəfindən yazılmış borclar onun tərəfindən etibarnamə ilə səlahiyyətlər verdiyi şəxsə yazılmalıdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində borc onun ünvanına gəlmişdir, ancaq o hesab edir ki, həmin borclar etibarnamə üzrə səlahiyyətlər verdiyi borcların səbəbkarı X5 adına yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, X2 iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33-cü maddəsinin müddəalarına istinad edərək, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın qəbul edilməsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb etmişdir. Lakin iddia tələbində hər hansı inzibati aktın qəbul edilməsindən cavabdeh orqan tərəfindən imtina barədə və ya cavabdeh orqanın hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi halları özündə ehtiva edən əsas mövcud olmamışdır. Eyni zamanda iddia tələbinə nəzər saldıqda onun “tətbiq edilmiş cərimələrin və borcların silinməsindən” ibarət olduğu görünür. Ancaq burada qeyd olunan cərimələrin və borcların hansı qərarlar əsasında hesablandığı iddiaçı tərəfindən aydın ifadə edilməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır. İnzibati Prosesual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd olunanlardan göründüyü kimi iddiaçının hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş hansı inzibati aktın mübahisələndirilməsi barədə hər hansı sübut öz əksini tapmamışdır. Həmçinin məlumat üçün bildirilir ki, uçot baza məlumatlarına əsasən X4 İddiaçı3 MMC-yə (VÖEN: **********), İddiaçı4 MMC-yə (VÖEN: **********), İddiaçı5 MMC-yə (VÖEN: **********), İddiaçı1 MMC-yə (VÖEN: **********), İddiaçı2 MMC-yə (VÖEN: **********) qanuni təmsilçisi (rəhbəri) və eyni zamanda təkbaşına təsisçisi qismində çıxış edir. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosesual Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. X1 iddia ərizəsində Dövlət Vergi Xidmətinin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində inzibati aktın qəbul olunmamasına dair əsaslar gətirilməmiş və ya sübutlar təqdim edilməmişdir. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində inzibati aktın qəbul edilməsindən imtina etmiş inzibati orqan seçildikdə iddiaçı həmin inzibati aktın qəbul edilməməsi əsaslarının nədən ibarət olmasını aydın ifadə etməli, həmin inzibati aktın qəbul edilməməsinə dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Həmçinin qeyd edilir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9cu bəndində qeyd edilmişdir ki, “məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır". Odur ki, yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 35-ci və 47.2-ci maddələrinin tələblərini rəhbər tutaraq iddiaçı X2 iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə hazırkı iddianın subyekt və predmet baxımından mümkünlüyünün qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, əvvəla iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı qismində İddiaçı3 MMC, İddiaçı4 MMC, İddiaçı5 MMC, İddiaçı1 MMC və İddiaçı2 MMC olmaqla 5 fərqli hüquqi şəxs göstərilmişdir. Məhkəmə qeyd edir ki, uçot baza məlumatlarına əsasən X2 İddiaçı3 MMC-nin (VÖEN: **********), İddiaçı4 MMC-nin (VÖEN: **********), İddiaçı5 MMC-nin (VÖEN: **********), İddiaçı1 MMC-nin (VÖEN: **********), İddiaçı2 MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi (rəhbəri) və eyni zamanda təkbaşına təsisçisi olsa da bu hüquqi şəxslərlə bağlı onların adlarından vergi orqanına qarşı bir iddiada iddia qaldırılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 25.0.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslər inzibati məhkəmə icraatında iştirak etmək hüququna malikdirlər. Həmin Məcəllənin 27.0-cı maddəsinə görə aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Eyni Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olduqlarını bildirsinlər. Prosessual həmiştirakçılığa yol verilməsi üçün həlledici meyar həmin tələblərə birlikdə baxılması və buna dair birgə qərarın qəbulunun məqsədəuyğun olmasıdır. Hazırkı iş üzrə 5 fərqli hüquqi şəxs vergi orqanı tərəfindən onlara hesablanmış vergi borcunun silinməsini tələb etsələr də, lakin hər bir hüquqi şəxs uçota alınmış vergi ödəyicisi olmaqla vergi orqanı qarşısında müstəqil vergi öhdəliyi daşıyır. Bu baxımdan vergi orqanı ilə onların hər biri arasında müstəqil vergi hüquq münasibəti yaranır və vergi öhdəliyi münasibətlərində vergi orqanı bu hüquqi şəxslərin hər birinə münasibətdə ayrıca inzibati icraatı həyata keçirir. Belə olan halda 5 müstəqil hüquqi şəxsin vergi borcları müxtəlif olmaqla, onlar eyni hüquqi və faktiki əsaslara söykənən hüquq və vəzifələrə malik olmadıqlarından birgə iddiaçı qismində prosessual həmiştirakçılıqları yolverilməzdir. Bundan əlavə, iddia tələbinin yönəldiyi cavabdeh orqana münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə Dövlət Vergi Xidmətinin konkret olaraq hansı inzibati aktı, hərəkət və ya hərəkətsizliyinin nəticəsində hüquqlarının pozulduğu və bu əsasdan cavabdeh orqan qismində çıxış etməli olması ilə bağlı müvafiq sübutlar iddia tələbində ifadə edilməmiş, bu barədə sübutlar iddia ərizəsinə təqdim edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, vergi ödəyiciləri olan hazırkı iddiaçı hüquqi şəxslərdən “Kasina" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində, digər iddiaçılar İddiaçı4 MMC, “Asorit" MMC, İddiaçı1 MMC və İddiaçı2 MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində vergi uçotundadırlar. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçılar “tətbiq edilmiş cərimələrin və borcların silinməsini tələb etsələr də bu cərimə və borcların Dövlət Vergi Xidmətinin və yaxud Xidmətin vergi borclarının bilavasitə hesablanması, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsini təmin etməkdə səlahiyyətli olan müstəqil inzibati orqan statusuna malik idarələri (məsələn, Bakı şəhəri X10 üzrə Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və s.) tərəfindən hesablandığı və tələb edildiyi barədə sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən əsl cavabdehin hansı qurumlar olması müəyyən olunmur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıların tələbi tətbiq edilmiş cərimələrin və borcların silinməsi olsa da bu növ iddia inzibati məhkəmə icraatında mübahisələndirmə haqqında iddiaya uyğundur. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən vergi borcu vergi orqanının keçirdiyi vergi yoxlamaları nəticəsində vergilərin hesablanması barədə və ya vergi məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərarlarında öz əksini tapmaqla vergi ödəyicisindən tələb edilir. Vergi ödəyicisinin isə vergi öhdəliyini müəyyən edən vergi orqanının qərarını Vergi Məcəlləsinin 62-ci, İnzibati Prosessual Məcəllənin 32ci maddələrini əsas götürməklə yuxarı vergi orqanında və yaxud inzibati məhkəmə icraatında mübahisələndirmək hüququ vardır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göründüyü kimi vergi ödəyicilərinin vergi borcunun silinməsi barədə tələbləri üçün ilk növbədə həmin borcun hansı inzibati aktlar əsasında hesablandığı müəyyən olunmalı, məhz həmin inzibati aktlar inzibati məhkəmə icraatında mübahisələndirilməklə iddiaçıların hüquqi marağına uyğun iddia tələbi qoyula bilər. Lakin hazırkı iş üzrə iddiaçıların mübahisələndirdikləri cərimə və borcların vergi orqanının hansı qərarları əsasında hesablandığı nə iddia ərizəsindən, nə də ona əlavə edilmiş sənədlərdən müəyyən olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 16.2-ci bəndində göstərilmişdir ki, iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə görə isə həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə hazırkı iddia üzrə iddiaçıların birgə prosessual həmiştirakçı qismində çıxış etməsinin mümkün olmamasını, cavabdeh qismində cəlb ediləcək orqanın dəqiqləşdirilməsini, iddia tələbinin predmeti olaraq vergi orqanının inzibati aktların mübahisələndirilməsinin zəruri olmasını nəzərə alaraq və iddia ərizəsi ilə bağlı bütün bu qeyd edilən nöqsanların aradan qaldırılmasının hazırkı inzibati məhkəmə icraatında mümkün olmamasını rəhbər tutaraq iddia ərizəsinin qeyd edilən tələblərə uyğunlaşdırması ilə bağlı hüquqi yardım göstərilməsinə, ağlabatan müddətin təyin edilməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, ağlabatan müddət təyin edilməsi ilə bağlı hüquqi yardım yalnız iddia ərizəsi ilə bağlı müvafiq çatışmazlıqlar aradan qaldırıldıqda inzibati məhkəmə icraatında davam edə bilən, baxılması yolverilən iddialara münasibətdə keçərlidir. Lakin hazırkı iddia ərizəsi üzrə iddiaçının, cavabdehin və predmetin dəyişdirilməsi tələb olunur ki, bu cür nöqsanların aradan qaldırılması iddia tələbinin dəqiqləşdirilməsinə deyil, artıq yeni inzibati iddia tələbinə gətirib çıxarır ki, bu da inzibati məhkəmə icraatında yolverilməzdir. Beləliklə, hazırkı iddia inzibati məhkəmə icraatında mümkünlük şərtlərinə cavab vermədiyindən mümkünsüz sayılmalıdır. Bununla yanaşı iddiaçılara izah edilir ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla yenidən inzibati məhkəmədə iddia qaldırmaq hüquqları saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçılar İddiaçı3 MMC-nin, İddiaçı4 MMC-nin, İddiaçı5 MMC-nin, İddiaçı1 MMCnin və İddiaçı2 MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı İddiaçı3 MMC, İddiaçı4 MMC, İddiaçı5 MMC, İddiaçı1 MMC və İddiaçı2 MMC barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılmış cərimə və digər borcların ləğv edilməsi, silinməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8455/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8455/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver