Məhkəmə qərarları › İş №2-1(112)-8456/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8456/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8456/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evinə keçirməklə həyətyanı torpaq sahəsi ilə birlikdə vahid çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən, mənzil kimi qeydə alınmış daşınmaz əmlakın fərdi yaşayış evinə keçirilməklə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və bunu təsdiq edən vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bu barədə qeydiyyat vəsiqəsinin surəti hazırki iddia ərizəsinə əlavə edirlər. Həmçinin sözü gedən fərdi yaşayış evinin texniki pasportunda həyətyanı torpaq da müəyyən edilmiş ölçülərdə mövcuddur, onun planı və ölçüsü də həmin evin texniki pasportda əks olunmuşdur. Həmin həyətyanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə iddiaçının qanuni istifadəsində olub, bu gün də qanuni istifasindədir. Bu səbəbədən də xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hüquqi qeydiyyata alınmaqla mülkiyyətinə keçməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina cavabında 2-l(112)-5756/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsas gətirməklə onun müraciətini araşdırmamaqla haqlı olmamışdır. Belə ki, hazırki iddia tələbi mahiyyətcə əvvəlki tələbdən fərqlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin İcraatında olmuş digər iş materiallarından müəyyən edilir ki, iddiaçının eyni məzmunlu, eyni faktiki və hüquqi əsasa söykənən idddiası Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5756/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin olunmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). Məhkəmə iddia ərizəsində qeyd edilən halla bağlı, yəni iddiaçının əvəvlki tələbi ilə hazırkı tələbinin fərqli olması barədə dəlili ilə razılaşmır. Belə ki, hazırkı iddiaçı tələbində iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən, mənzil kimi qeydə alınmış daşınmaz əmlakın fərdi yaşayış evinə keçirilməklə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və bunu təsdiq edən vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5756/2024 nömrəli iş üzrə iddia tələbində iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş edir. Hər iki tələbdə iddia tələbinin predmetini eyni daşınmaz əmlak, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 28a ünvanında yerləşən mənzil təşkil edir. Hər iki tələbində iddiaçı həmin evin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə vahid daşınmaz kimi çıxarışın verilməsinin tələb edir. İddiaçı əvvəlki tələbində həm fərdi yaşayış evinə, həm də həyətyanı torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş etmişdir. Hazırkı tələbində isə, əvvəlki tələbindən fərqli olaraq mənzilin fərdi yaşayış evinə keçirilməklə mənzil kimi qeydə alınmış daşınmaz əmlakın fərdi yaşayış evinə keçirilməklə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və bunu təsdiq edən vahid çıxarışın verilməsini xahiş edir ki, əvvəlki tələbində iddiaçı fərdi yaşayış evinə hüququnun qeydə alınmasını tələb etdiyinə görə, həmin iddia tələbi mahiyyət etibarı ilə hazırkı iddia tələbi ilə eynilik təşkil edir və məhkmə tərəfindən həmin məsələyə qiymət verilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının mülkiyyət hüququ qeydə alınmış daşımnaz əmlakın təyinatə mənzildir. Əvvəlki iddia tələbində iddiaçı mənzil əvəzinə fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vahid əmlak kimi çıxarış istədiyindən, onun əvvəlki iddiası iddia ərizəsində ifadə edilməsə belə, hazırkı iddiası ilə eyni məzmunludur. Belə ki, hər iki iddiada iddiaçının hüquqi marağı mülkiyyətində olan mənzilin fərdi yaşayış evi kim qeydə alınması, həmçinin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi hüququnun qeydə alınmasına yönəlmişdir. Qeyd edilənlərlə bağlı iddiaçının rəsmi poçt ünvanına məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu göndərilmiş və həmin ünvandan qəbul edilməsinə dair poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və mümkünlük məsələsinə münasibət bildirməmişdir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar