Məhkəmə qərarları › İş №2-1(112)-8457/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8457/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8457/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Şəfərxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bələdiyyə qərarları əsasında ona vergi borcu hesablanmışdır. Həmin qərarlar əsasında da icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin qərarlar maddi və prosessual baxımından qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Lökbatan bələdiyyəsinə olan torpaq və əmlak vergisi borcu onun təqdim etdiyi xx.xx.2020-ci il tarixli çıxarış sənədlər əsasında dəqiqləşdirilərək müəyyən edildi ki, onun 2024-cü il daxil olmaqla Lökbatan bələdiyyəsinə 850 (səkkiz yüz əlli) manat torpaq və əmlak vergisi borcu vardır. Əlavə olaraq bildirilir ki, İddiaçı borcundan 850 (səkkiz yüz əlli) manat borcunun 100 (bir yüz) manatını Lökbatan bələdiyyəsinin hesabına ödəyib. Hal-hazırki günə onun Lökbatan bələdiyyəsinə 750 (yeddi yüz əlli) manat borcu vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakına dair son beş il (2020- 2024-cü illər üzrə) olmaqla 750 (yeddi yüz əlli) manat torpaq və əmlak vergilərini ödəməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 430,7 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8-ci maddəsinə, 8.1.2-ci maddəsinə, 196-202-ci və 203-208-ci maddələrinə, Yerli (Bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergilərini məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 101 №-li qərarına, İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 82.1-ci, 81.1-ci, 81.5-ci maddələrinə, «06» «02» 2024-cü il tarixli tədiyyə bildirişinə və «15» «08» 2024-cü il tarixli xəbərdarlığa əsasən ünvan 3 ünvanında yaşayan borclu İddiaçı 1707 (bir min yeddi yüz yeddi ) manat torpaq və əmlak vergisi borcunun alınması üçün “Pul tələbinin məcburi ödənilməsinə dair qərarın qəbul edilməsi qərara alınmışdır. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ünvan 4 ünvanında yaşayan borclu İddiaçı 10 gün ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada 2024-cü il daxil olmaqla 1707 (bir min yeddi yüz yeddi) manat məbləğində torpaq və əmlak vergisinin bələdiyyə büdcəsinə ödənilməsinin təmin olunması barədə məktub göndərilməsi qərara alınmışdır. Tədiyə bildirişindən görünür ki, iddiaçıya əmlak və torpaq vergisinə görə 1498,3 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Bələdiyyələtin statusu haqqında” Qanunun: 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: -3.1.1.yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2.yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.3.bələdiyyə tərəfindən inzibati icraat başlanılmadan, vergi yoxlamasına dair reyestrdə heç bir qeydiyyat aparılmadan (buna dair iş materialında heç bir məlumat yoxdur) bələdiyyə əməkdaşları sadəcə olaraq MMC-nin ərazisində maşınları kamera ilə qeydə alaraq və ərazidən çıxan maşınları sayaraq bu barədə aktlar tərtib etmişdir. Həmin aktlardan başqa hesablamaya dair iş materialında heç bir sənəd yoxdur. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir.

196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən qərarlar yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə mübahisələndirilən qərarların (inzibati aktların) təsdiq edilmiş surətinin, həmçinin qərarların qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişin; bildirişin və qərarların iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən həmin hallarla bağlı hər hansı sənəd təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən halların sübut edilməsi cavabdehin vəzifəsidir. Cavabdeh isə iddianın təminini istisna edən hər hansı halı sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktlar əsasında ona ümumilikdə 1707 manat məbləğində torpaq və əmlak vergisinin hesablandığı görünməkdədir. Lakin iş materiallarının təhlili nəticəsində müəyyən olunur ki, cavabdeh tərəfindən təqdim edilmiş məktubla inzibati aktların məzmunu arasında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, baxmayaraq ki, inzibati aktlarda iddiaçıya 1707 manat məbləğində vergi borcu müəyyən edilmişdir, cavabdeh məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi rəsmi məktubda iddiaçının vergi borcunun 850 manat olduğunu, həmin borcdan 100 manat ödənildiyi və indiki borcunun 750 manat olduğunu bildirmişdir. Bununla belə, həmin 850 manatın hansı dövrə aid olduğu, torpaq və əmlak vergisinin hansı qaydada hesablandığı, 850 manatdan hansının torpaq, hansının isə əmlak vergisinə aid olduğu, 100 manat ödənişin hansı vergidən olduğu barədə nə cavabdehin məktubunda, nə qəbul edilmiş inzibati aktlarda, nə də təqdim olunmuş tədiyə bildirişlərində konkret və əsaslandırılmış məlumat yer almamışdır. Bundan əlavə, tədiyə bildirişinin təqdim edilməməsindən əlavə həmin bildirişdə göstərilən rəqəmlərlə inzibati aktda göstərilən rəqəmlərin və cavabdehin məhkəməyə ünvanladığı məktubda göstərilən rəqəmlərin uyğunsuz olduğu aşkardır. Qeyd olunmalıdır ki, tədiyə bildirişinin təqdimedilmə məqsədi vergi borcunun düzgün hesablanmasında iddiaçının iştirakına da aiddir. Hətta, göstərilən tədiyə bildirişi təqdim edilsə belə, cavabdehin qeyd etdiyi rəqəmlərlə uyğunsuzluq inzibati icraatın prosessual baxımından düzgün aparılmadığını təsdiq edir. Göstərilən bu hal cavabdehin təqdim etdiyi inzibati aktların maddi və prosessual baxımdan yetərincə əsaslandırılmadığını, vergi borcunun məbləği və dövrü ilə bağlı dəqiqlik təmin edilmədiyini göstərir. Eyni zamanda, bu, vergi öhdəliyinin hüquqi mahiyyətini və onun iddiaçıya aydın şəkildə izah edilməli olduğu tələbinin pozulmasına səbəb olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi məhkəmə qərarında olduğu kimi inzibati aktın qəbulu zamanı da, həll edilən məsələnin dəqiq göstərilməsi, aydın və anlaşılan olması, əsaslandırılmalı olması, əsaslandırma zamanı faktiki və hüquqi halları, bununla bağlı sübutların qiymətləndirilməsi mütləq şərt kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati icraat haqqında qanunvericiliklə inzibati aktın əsaslandırılmasına inzibati orqanın borclu olmaması kimi ayrıca müddəada nəzərdə tutulsa da, hazırkı növ işlər üzrə hesablamanın həmin şərtlər daxilində olması istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, necə ki, məhkəməyə daxil olan iddia ərizəsinin mahiyyətinə qiymət verilən zaman, eləcə də iddia rədd edilən zaman, rədd edilmənin əsaslandırılması məhkəmə tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri əsas götürülməklə həyata keçirilir, inzibati orqan tərəfindən də inzibati icraat haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırma olmalıdır. Necə ki, heç bir əsaslandırma olmadan iddia tələbi rədd edilsin, çünki belə hesab edirəm formasında birinci instansiya məhkəməsinin yekun qərarı yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti düzgün olsa belə ləğv üçün əsasdır, eləcə də cavabdehin heç bir əsaslandırma olmayan əmlak və torpaq vergisinin hesablanması barədə qərarları mahiyyət baxımından gəlinən nəticə düzgün olsa belə prosessual baxımından ləğv edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktda hüquq-müdafiə imkanları barədə məlumat verilsə də, həmin məlumatın məzmunu “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq yanlış göstərilmişdir. Belə ki, iddiaçıya həmin inzibati aktın məzmununa qarşı qanunla müəyyən olunmuş 30 günlük müddətdə mübahisələndirmək hüququ verildiyi halda, cavabdeh tərəfindən bu müddət əsassız şəkildə 10 gün olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, hazırkı hüquqi mübahisə İnzibati Prosessual Məcəllənin 2.2.1-ci və 32-ci maddələrinin tələblərinə uyğun olaraq, inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlıdır və bu növ iddialara münasibətdə Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən olunmuş iddia müddəti tətbiq edilir. Həmin müddət isə inzibati aktın təqdim (və ya elan) olunduğu tarixdən, əgər əvvəlcədən şikayət instansiyasına müraciət edilmişdirsə, həmin şikayət üzrə qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlayaraq 30 gün təşkil edir. Belə olan halda, cavabdehin hüquq-müdafiə müddətini 10 gün kimi göstərməsi, bir tərəfdən, vətəndaşın real hüquqlarını məhdudlaşdırmış, digər tərəfdən isə inzibati icraatın prinsiplərinə zidd olaraq prosessual pozuntuya səbəb olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1451/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh hər hansı inzibati icraat aparmadan yalnız nəticəni, yəni hesablanmış vergi məbləğini müəyyən etmişdir. Bələdiyyə tərəfindən inzibati icraat başlanılmadan, vergi yoxlamasına dair reyestrdə heç bir qeydiyyat aparılmadan (buna dair iş materialında heç bir məlumat yoxdur) bələdiyyə əməkdaşları sadəcə olaraq MMC-nin ərazisində maşınları kamera ilə qeydə alaraq və ərazidən çıxan maşınları sayaraq bu barədə aktlar tərtib etmişdir. Həmin aktlardan başqa hesablamaya dair iş materialında heç bir sənəd yoxdur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərarlar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar