Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8468/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həyat və sağlamlığa dəymiş zərərə görə 350.000 AZN (üç yüz əlli min) manat kompensasiya və işlədiyi dövrdə raşot pulu, maddi yardının ödənilməsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 350.000 AZN (üç yüz əlli min) kompensasiya və maddi yardımın ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildə tam sağlam olaraq könüllü surətdə Samux rayonu Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə göndərilmişdir. Hərbi xidmət dövrü xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: sol ağciyərinin aşağı payının kəskin ocaqlı pnevmoniyası yaxşı müalicə olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi həkim Komissiyasının 1612 saylı 06.10. 2017-ci il protokolu Əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş hərbi həkim ekspertiziya haqqında Əsasnamənin 7.2. bəndinin ç. yarımbəndindən görünür ki, iddiaçının ağciyərlərimin ağır xəstəliyi başlanğıc tarixi yuxarıdakı vəziyyətdən başlanıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xəstəliklər haqqında şəhadətnaməsindən də görünür ki, № 17375 - “03” avqust 2021-ci ildə Diaqnoz ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qarışıq fenotip, ağır gedişli, natamam remissiya mərhələsində. Ağciyərlərin enfizeması. Xarici tənəffüs funksiyasının mühüm dərəcədə pozulması ilə. Hərbi Həkim Komissiyasının Qərarı ilə: Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş İnformasiya Sistemindən aldığı xx.xx.2024-cü il tarixli arayışından görsənir ki, Tibbi Sosial Ekspertiziya yerli orqan Samux rayon X1: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi. Ağır gedişli. Tənəffüs çatmamazlığı İİİ dərəcə: Ağciyərlərin enfizeması. Bu da o deməkdir ki, iddiaçının 1998-ci ildə aldığı ağciyər xəstəlikləri ağır olaraq indidə də davam etməkdədir. İddiaçı eyni zamanda bildirir ki, işlədiyi Füzuli rayonu N saylı hərbi hissədən ehtiyyata buraxılarkən raşot olma pulunu və N saylı hərbi hissədə işlədiyi dövr ərzində maddi yardım almamışdır. İddiaçı qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və onlar cavab verməmişdirlər. İddiaçı məcbur olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına müraciət etmişdir. X2 gələn elektron poçt cavablarından vaxtdan çox keçdiyi və müvafiq məsələylə bağlı məhkəməyə müraciət edilə biləcəyi qeyd olunmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı maddi və mənəvi zərərin olmasını sübut edə bilməmişdir. AR MM-nin 21.2-ci maddəsinə əsasən: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” İddiaçının bir neçə ildən sonra mənəvi zərərlə bağlı məhkəməyə müraciət etməsi artıq iddianın əsassız olduğunu sübut edir. Çünki, “mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.” Zərər o halda tələb oluna bilər ki, hərbi qulluqçunun səhhətinə zərər dəyməsi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olsun. Hazırkı işdə belə hal yoxdur. Hərbi-Həkim Komissiyasının qərarından görmək olar ki, ona zəruri tibb xidmət göstərilmişdir, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçının istinad etdiyi AR MM-nin 1117-ci maddəsinin tətbiqinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin norma müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi qaydalarını müəyyən edir. Orada sadalanmış şəxslərə onların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi bilavasitə zərəri vuranın və onun təqsirinin müəyyən edilməsi ilə şərtlənir. İddiaçıya qarşı isə belə hal olmamışdır. İddia tələbinin digər hissəsi ilə bağlı bildirmək lazımdır ki, onun inzibati orqana müraciət etməsi və sonuncunun imtina etməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir ki, cavabdehin bununla bağlı hərəkətsizliyini mübahisələndirə bilsin. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 47.2 maddəsini rəhbər tutaraq, məhkəmədən iddia ərizəsini təmin edilməməsi xahiş edilir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1728 nömrəli Qərarına əsasən Samux RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2017-ci il tarixli 1071 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 11 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasrıamə”nin 7.2. bəndinin ç) yarımbəndi).
6. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 17375 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən (ehtiyatda olan baş leytenant, İddiaçı, xx.xx.1980-ci il təvəllüdlü SHXÇDX-nin Samux rayon bölməsi tərəfindən xx.xx.1997-xx.xx.2007-ci il tarixədək). xx.xx.2018-xx.xx.2018-ci il tarixədək “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi kəskinləşmə mərhələsi, emfizematoz forma, tez-tez kəskinləşən gedişli, aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə əlaqədar. Xroniki tənəffüs çatışmazlığı İİİ (üçüncü) dərəcə”, xx.xx.2018-xx.xx.2018-ci il tarixədək “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, emfizematoz forma, kəskinləşmə mərhələsi, orta-ağır gedişli. Xroniki obstruktiv bronxit. Xroniki ağciyərürək çatışmazlığı İİ (ikinci) mərhələ. Xroniki tənəffüs çatışmazlığı, İİİ (üçüncü) dərəcə”, xx.xx.2018-xx.xx.2018-ci il tarixədək “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, emfizematoz forma, kəskinləşmə mərhələsi, orta-ağır gedişli. Xroniki obstruktiv bronxit. Xroniki ağciyərürək çatışmazlığı, İİ (ikinci) mərhələ. Xroniki tənəffüs çatışmazlığı, İİİ (üçüncü) dərəcə”, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, emfizematoz forma, kəskinləşmə mərhələsi, ağır gedişli. Xroniki obstruktiv bronxit. Xroniki ağciyər-ürək çatışmazlığı, İİ (ikinci) mərhələ. Xroniki tənəffüs çatışmazlığı, İİİ (üçüncü) dərəcə’diaqnozları ilə Gəncə şəhər TTYX-a stasionar müayinə və müalicə olunmuşdur (əsas: çıxarış epikrizlərinin surəti). xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Akademin M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qarışıq fenotip, ağır gedişli, kəskinləşmə mərhələsində. Ağciyər emfizeması. Ağciyər hipertenziyası. Tənəffüs çatışmazlığı, İİİ (üçüncü) dərəcə. Perikardit. Somatik mənşəli nevrozabənzər hal”, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Gəncə şəhəri Kardioloji xəstəxanasında “Ürəyin işemik xəstəliyi. Sol mədəciyin ön divarının yayılmış Q dişli miokard infarktı, yarım kəskin dövr. Aorta və tac damarlarının aterosklerozu. Xroniki bronxit. Ağciyər emfizeması. Tonik qıcolmalar. QDÇ İİ (ikinci) funksional sinif”. Diaqnozları ilə stasionar müayinə və müalicə olunmuşdur (əsas: şıxarış epikrizlərinin surəti). SHXÇDX-in Samux rayon bölməsinin rəisi tərəfindən xəstəliyinin səbəb əlaqəsinin müəyyənləşdirilməsi məqsədi ilə HHK-a göndəriş verilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə SQ BKH-da kardioloq və pulmonoloq tərəfindən konsultasiya olunmuşdur.
7. İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş xx.xx.2007-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli və vaxtında onlara ödənilməmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verildikdə ödənilir. Məsələ 2007-ci ilə aid olmasına baxmayaraq, müraciət 17 il keçdikdən sonra, yəni 2024-cü ildə daxil olmuşdur. Cavabda həmçinin qeyd edilmişdir ki, göstərilənləri və müddətdən 17 ildən çox vaxt keçməsini, eyni zamanda təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitməsini nəzərə alaraq son haqq-hesabın ödənilib-ödənilməməsinin araşdırılması mümkün olmamışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair Arayışa əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aid olduğundan mübahisəyə cavabdehin yerləşdiyi yerin məhkəməsi, yəni Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır (İPM-in 8.1.4-cü maddəsinə uyğun olaraq).
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X3rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X4rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
14. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həyat və sağlamlığa dəymiş zərərə görə 350.000 AZN (üç yüz əlli min) manat kompensasiya və işlədiyi dövrə görə son haqq-hesabın ödənilməsini tələb etmişdir.
15. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki: - İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsində hərbi xidmətdə olmuş, xx.xx.2007-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1728 nömrəli Qərarına əsasən Samux RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: “Sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin xx.xx.2017-ci il tarixli 1071 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 11 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1998-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasrıamə”nin 7.2. bəndinin ç) yarımbəndi).
16. Məhkəmə nəzərə alır ki, hazırkı iddia tələbinin (kompensasiyanın ödənilməsi tələbinin) qaldırılması üçün əsas İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələnməsi, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalında “Sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası” diaqnozu ilə müayinə və müalicə olunmasıdır.
17. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
18. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
19. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
20. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
21. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
22. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
23. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva