Məhkəmə qərarları › İş №2-1(112)-847/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-847/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-847/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X3” QSC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın nəticələrinin ləğv edilməsi və onun əsasında hesablanmış əsassız 5142,98 manat borcun silinməsi barədə qərar qəbul edilməsii xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4156/2020 saylı, 13.10.2020-ci il tarixli qərardadı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” əsl cavabdeh “Cavabdeh ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-4156/2020 saylı 13.10.2020-ci il tarixli qərardadı ilə “X3” QSC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o adına olan VÖEN-nin (**********) bağlanması üçün 2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmiş və kassa aparatını aktla təhvil vermişdir. Həmçinin, ona məxsus qeyri-yaşayış sahəsini 16.02.2017-ci il tarixdə 5 illik müqavilə əsasında X2 icarəyə vermişdir. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən cərimə olunduğu məlum olmuşdur. Bu məsələni araşdırdıqda ona məlum olmuşdur ki, güya o X3 QSC ilə ticarət əlaqələrində olmuş və aralarında ticarət dövriyyəsi olmuşdur. Bundan sonra o X3 QSC-yə rəsmi müracət etmiş və ona verdikləri cavab məktubunda güya onunla həmin şirkət arasında 01.01.2017-ci il tarixdən 31.12.2017-ci ilədək olan dövr ərzində 71.318.70 manat, 01.01,2018-ci il tarixdən 31.12.2018-ci ilədək olan dövr ərzində 41.686,20 manat, ümumi 113.004,90 manat ticarət dövriyyələri olmuşdur. Halbuki, həmin dövrlərdə onun VÖEN -ni (**********) bağlı olmuş və həmin müəssisə ilə heç bir ticarət əlaqələri olmamış və rəsmi heç bir sənədə, heç bir qaiməyə imza etməmiş, hər hansı mal sifariş etməmişdir. Bununla bağlı o Vergilər Nazirliyinə müracət etsə də ona araşdırma aparılması üçün zəruri sənədlərin təqdim edilməsi üçün ərizəsinə baxılma müddətinin dayandırılması haqqında bildiriş göndərilmişdir. Halbuki, onda hər hansı sənəd yoxdur. O ümumiyyətlə həmin dövrdə fəaliyyət göstərməmiş və keçirilmiş vergi yoxlaması və tərtib olunmuş akt və ya digər sənədlərdən ümumiyyətlə məlumatı olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində 01.01.2017-ci il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisi tərəfindən əldə edilmiş elektron qaiməfakturalar üzrə 77536,45 manat dəyərində malların alındığı müəyyən edilməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğinin cəmi 9586,55 manat olduğu və 2017-ci ilin sonuna mal qalığının göstərilmədiyi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda aparılmış araşdırma nəticəsində 01.01.2018-ci il tarixdən 31.12.2018-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisi tərəfindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə 52784,9 manat dəyərində malların alındığı və kommunal xərclərin çəkildiyi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğinin və 2018-ci ilin sonuna mal qalığının göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" 01.07.2019-cu il tarixli **********426600 nömrəli, 07.08.2019-cu il tarixli **********322100 nömrəli məktublar göndərilərək müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamələrinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin 4-cü, 2018-ci ilin 2-ci və 4-cü rübləri üzrə ümumilikdə 4841,98 əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə 09.08.2019-cu il tarixli **********338200 nömrəli, 07.10.2019-cu il tarixli **********804700 və **********686300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 25.12.2020-ci il tarixdə daxil olmuş vəsatətdə iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən vergi borcunun yaranmasına əsas olan inzibati aktın mübahisələndirilmədiyini, həmçinin qeyd edilən borc məbləğinin iddiaçı tərəfindən ödənildiyini qeyd edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının tələbi onun barəsində hesablanmış vergi borcunun silinməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, qeyd edilən vergi borcu kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar (inzibati akt) əsasında hesablanmışdır. Həmçinin, hazırda vergi ödəyicisi tərəfindən qeyd edilən vergi borcu ödənilmişdir. Odur ki, İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkəmə tərəfindən məhkəmə iclaslarında iştirak edən iddiaçının hüquqi marağı qiymətləndirilərək. ona hüquqi yardım göstərilmiş, tələbin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə verilməmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, iddiaçı iddiada qeyd etdiyi borcun birbaşa silinməsini deyil, həmin borcun yaranmasına səbəb olan inzibati aktı mübahisələndirə bilər. Eyni zamanda iddiaçı artıq qeyd edilən vergi borcunu ödədiyindən, inzibati aktın mübahisələndirilməsilə yanaşı, həmin məbləğin şəxsi hesab vərəqədə bərpasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inziabti məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar