Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8471/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli **********2281 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X3 tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli **********2281 nömrəli Qərara əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021-ci il tarixli DVX seriyalı 006019 nömrəli aktda müştəriyə xidmət göstərildikdən sonra xidmətə görə ödənişin ödənilməsi ilə bağlı çekin dərhal verilmədiyini, daha sonra onlar tərəfindən NKA-ya bərpa edildiyi göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Qanunla nəzərdə tutulan, üzərilərinə düşən heç bir öhdəlikdən yayınmayaraq, vəzifələri layiqincə yerinə yetirmişlər. Fəaliyyətə başlamazdan əvvəl qanunvericilikdə göstərildiyi kimi qeydiyyat məsələlərinin hər birini həll etməkləri də bunun göstəricisidir. Təsərrüfat subyektində quraşdırılan və qeydiyyatdan keçirilən nəzarət-kassa aparatları müştərilərə xidmət göstərilən zaman daima işlək vəziyyətdə olaraq, istifadə olunur. Salonda çalışan işçi də sadə insan olaraq fikir dağınıqlığı yaşaya bilər və ya hər hansı vəzifəni yerinə yetirmək, müəyyən hərəkətlər etmək nəzərindən qaça bilər. Vergi xidməti müşavirləri tərtib etdikləri aktda qeyd ediblər ki, müştəri tərəfindən göstərilən xidmətə görə ödənilən məbləğ NKA-da qeydə alınmadı və çek verilmədi. Ola bilər ki, işçinin dərhal bu hərəkətləri etmək nəzərindən yayına bilər, amma bu o demək deyil qısa müddət ərzində həmin ödənilən məbləğ NKA-da qeyd edilməyəcək. Həmçinin Vergi xidməti müşavirləri aktda yalnız bir müştəri tərəfindən ödənilən məbləğin NKA-da qeyd edilmədiyini göstəriblər. Əgər qanunvericiliklə üzərilərinə düşən öhdəlikdən yayınmağa çalışsaydılar, bu cür haldan bir neçəsi aşkarlanardı. Aktda yalnız bir halın qeyd olunmağı açıq-aşkar qanunla nəzərdə tutulan heç bir vəzifədən yayınmadıqlarının, üzərilərinə düşən öhdəlikdən boyun qaçırmadıqları və işçinin bir anlıq fikir dağınıqlığının təzahürüdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli **********1101 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 27.05.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 27.05.2021-ci il tarixli DVX seriyalı 006019 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 07.06.2021-ci il tarixli **********2281 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 07.06.2021-ci il tarixli **********659300 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 18.06.2021-ci il tarixdə saat 11:20:33-də oxunduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, nəzarət kassa aparatına məsul olan işçi fikir dağınıqlığı yaşayaraq xidmətə görə ödənilən məbləği NKA-da qeydiyyata almamışdır. Vergi orqanının əməkdaşları isə bunları nəzərə almadan, xəbərdarlıq etmədən akt tərtib edərək qərar qəbul etmişlər. Bununla bağlı qeyd edilir ki, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin göstərilən xidmət müqabilində qəbul etdiyi məbləği kassaya mədaxil etməməsi bu kimi halların gün ərzində təkrarlanmasına əsaslı şübhələr yaratdığından vergi orqanı tərəfindən OVN tədbiri həyata keçirilmiş və kassa çekinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Hüququn ümumi prinsiplərindən çıxış edərək bildirilir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir və gün ərzində hər bir vergi ödəyicisi tərəfindən belə hallara yol verilməsi dövlət büdcəsinə ödəniləcək xeyli miqdarda vergilərin yayındırılmasına səbəb olur. Həmçinin bildirilir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7ci maddəsində müəyyən olunmuş maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. Qeyd olunan halda isə operativ vergi nəzarəti 2021-ci ildə həyata keçirildiyindən xəbərdarlıq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçının məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 07.06.2021-ci il tarixli, **********2281 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi İddiaçı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi aşağıda göstərilən faktları əsas gətirərək iddia ərizəsinə etiraz etmişdir. Belə ki, etiraz ərizəsində qeyd edilmişdir ki, cavabdehin 27.05.2021-ci il tarixli, **********1101 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması hallarının aşkar edilməsi” ilə bağlı operativ vergi nəzarəti keçirilmişdir. Qeyd olunmuşdur ki, keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2453 ünvanında yerləşən “FACE STUDİO” gözəllik salonu obyektində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, DVX seriyalı, 006019 nömrəli, 27.05.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi 07.06.2021-ci il tarixli, **********2281 nömrəli qərarı əsasında 1000 manat maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi etiraz ərizəsində bildirir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar həqiqətə uyğun deyil və operativ vergi nəzarəti zamanı İddiaçı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması müəyyən edilmişdir. Belə ki, 27.05.2021-ci il tarixdə saat 13:50-də vətəndaşa göstərilən “saç ukladkası” xidmətinə görə məbləğ NKA-ya vurulmamış, yayındırılmış məbləğ 13:52-də NKA-ya bərpa edilmişdir. Bununla bağlı olaraq iddiaçı bildirir ki, onun salonunda işləyən kassir də hamı kimi adi insandır, hamıda ola bildiyi kimi onun da fikri dağınıq ola bilər və buna görə o, məlumatları NKA-da qeydə almamışdır. Lakin müəyyən müddət sonra həmin məlumatlar NKA-da qeydə alınmışdır. Əgər bu pozuntu bilərəkdən, vergidən yanınmaq üçün edilsəydi, onda bir neçə belə fakt aşkar edilərdi. Lakin bununla bağlı olan təckə bir fakt aşkar edilmişdir. Vergi orqanının əməkdaşları bunları nəzərə almadan, xəbərdarlıq etmədən akt tərtib etmişlər. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Bildirilir ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya təqdim olunan çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatlar öz əksini tapmışdır. İddiaçı 25.10.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə yazılı icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli, **********1101 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus Bakı şəhəri, Nizami rayonu, X2 2453 ünvanında yerləşən “Face studio”da nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə 27.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək (10.06.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27.05.2021-ci il tarixli, KY211582234 nömrəli çıxarışdan görünür ki, İddiaçı Füzuli qızına məxsus (VÖEN: **********) Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2453 ünvanında yerləşən “Face studio”da plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti 27.05.2021-10.06.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (Azərbaycan Respublikası Vergi Məcəlləsi maddə 50.1.7), əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (Azərbaycan Respublikası Vergi Məcəlləsi, maddə 50.1.3) olmaqla keçirilir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 27.05.2021-ci il tarixli, **********1128 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnaməsi ilə operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri tədqim etməsi tələb edilmişdir: əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicəsinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri. Sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ1029, ünvan 4 ünvanında təqdim olunmalıdır. Operaliv vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu taləbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödayicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operaliv vergi nəzarətmin müddəti bərpa edilir. Fərdi sahibkar İddiaçı tələbnamə ilə tanış olmuş, lakin heç bir səbəb göstərmədən, izahat verməkdən tələbnaməni imza etməkdən və biri nüsxəsini almaqdan imtina etmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 27.05.2021-ci il tarixli, **********1111 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN: **********) mühasibat kitabları, əməliyyatların uçot-qeydiyyat kitabları, dövriyyə cədvəlləri, proqram təminatında olan uçot məlumatları, sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr) malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələr, icarə müqavilələri, bank, NKA, POS-terminal, çek və xəzinə sənədləri, digər və sair xərclərin çəkilməsinə dair sənədlər, xüsusi razılıq (lisenziya), hesab fakturalar, xidmət müqavilələri, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri həmin sənədlərin elektron daşıyıcılarda surətlərinin və elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 27.05.2021-ci il tarixli, DVX seriyalı 001019 nömrəli protokoldan görünür ki, İddiaçı 02 ədəd 96 vərəqli dəftəri (qara mühasibatlıq və gündəlik dövriyyəyə aid) könüllü təqdim etmişdir. Protokol İddiaçı tərəfindən 27.05.2021-ci tarixdə imzalanmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 27.05.2021-ci il tarixli, DVX seriyalı, 006019 nömrəli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli, **********1101 nömrəli Qərarına əsasən Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən İddiaçı məxsus olan Nizami rayonu, Qara Qarayev prospekti 2453 ünvanında yerləşən “Face studio”da fərdi sahibkar İddiaçı iştirakı ilə yoxlama aparılarkən müəyyən olunmuşdur ki, quraşdırılmış ********** nömrəli verifone X 990 markalı nəzarət-kassa aparatı 17.03.2021-ci il tarixli, **********6 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. 27.05.2021-ci il tarixdə saat 13:50-də keçirilən OPV tədbiri zamanı müştəriyə göstərilmiş xidmətə görə 15 manat pul ödənilmiş lakin məbləğin NKA-ya vurulmadığı aşkar olunmuşdur. Yayındırılmış məbləğ vergi əməkdaşları tərəfindən saat 14:52-də 136 nömrəli NKA çeki ilə NKA-ya bərpa edilmiş və x-hesabatı çıxarılmışdır. Bununla da əhali ilə nağd pul hesablaşmaları Qaydalarının tələbləri pozulmuşdur. NKA çeki və x-hesabatları akta əlavə olunmuşdur. Nəticədə fərdi sahibkar İddiaçı Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 388 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarətkassa aparatının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də onun barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı vergi qanunvericiliyinnin tələblərinə riayət olunması tövsiyə edilmişdir. Akt İddiaçı tərəfindən imzalanmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 07.06.2021-ci il tarixli, **********2281 nömrəli Qərarına əsasən İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Bakı, xx.xx.1987, Yaşayış yeri: AZ1093, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq dayanacağı, ev 324 A, FİN: xxxxxxx, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 17.06.2021 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, vergi orqanının 27.05.2021-ci il tarixli **********1101 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2453 ünvanında yerləşən obyektdə (Face Studio gözəllik salonu) keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş, bu barədə 27.05.2021-ci il tarixli, DVX seriyalı, 006019 nömrəli akt tərtib edilmiş, 07.06.2021-ci il tarixli, **********2281 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən 07.06.2021-ci il tarixli, **********2281 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 07.06.2021-ci il tarixli qərarını 18.06.2021-ci il tarixdə elektron kabinetdə oxumuş (bu halı cavabdeh mübahisələndirmir), həmin qərarın ləğvinə dair iddia ərizəsini 07.07.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. -2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi -7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X6), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə görə işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə görə əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Göründüyü kimi Qanunun 2022-ci ilin 01 yanvar tarixinədək dayandırdığı yoxlamalar içərisində vergi yoxlamaları istisna təşkil edir. Bu baxımdan 27.05.2021-10.06.2021-ci il tarixədək keçirilməsi nəzərdə tutulmuş operativ vergi nəzarəti yoxlamasının keçirilməsi qanunun tələbinə uyğun olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27.05.2021-ci il tarixli, KY211582234 nömrə ilə qeydiyyata alınmışdır. Yuxarıda adıçəkilən inzibati icraat materiallarından o da görünür ki, operativ vergi nəzarətinin keçirilməsi barədə 27.05.2021-ci il tarixli, DVX seriyalı, 006019 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, akt İddiaçı tərəfindən imzalanmışdır. Vergi ödəyicisi olan iddiaçı həmin aktda yoxlama ilə bağlı öz qeydlərini etməmişdir. İddiaçı iddia ərizəsində və məhkəməyə təqdim etdiyi mülahizəsində bilavasitə operativ yoxlamanın keçirildiyi gün əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktını etiraf etmişdir. Eyni zamanda iddiaçı nəzarət-kassa aparatına məsul olan işçinin fikir dağınıqlığı səbəbindən ödənilən məbləği NKA-da qeydiyyata almaması, bununla bağlı cəmi bir faktın aşkar edilməsi, vergi orqanının əməkdaşlarının bunları nəzərə almadan, xəbərdarlıq etmədən akt tərtib etdiyini bildirmişdir. Məhkəmə iddiaçının qeyd etdiyi dəlillərin hazırkı mübahisələndirilən qərarın ləğvinə əsas vermədiyi qənaətindədir. Belə ki, Vergi Məcəlləsinin: -16.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçının işçisinin fikir dağınıqlığı səbəbi ilə NKA-ya çekin vurulmaması hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, yuxarıda qeyd edilən normalardan da görünür ki, qanunverici vergi ödəyicisinin qeydiyyata alındığı tarixdən qanunla müəyyən edilmiş vergi qanunvericiliyinə riayət etmək öhdəliyini nəzərdə tutur. İddiaçının qeyd etdiyi əsas vergi qanunvericiliyində vergi ödəyicisini məsuliyyətdən azad edən hal kimi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 58.17-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən bu Qanuna əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.3-cü, 58.7-ci – 58.10-cu, 58.13-cü – 58.16-cı, 60.3.1-ci, 60.3.2-ci və 60.3.4-cü maddələrində müəyyən olunmuş yeni maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. Göründüyü kimi qanunverici Vergi Məcəlləsinin 58.7-ci maddəsində müəyyən olunmuş maliyyə sanksiyaların 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edildiyini nəzərdə tutmuşdur. Hazırkı iş üzrə operativ vergi nəzarəti 2021-ci ildə həyata keçirildiyindən iddiaçıya münasibətdə vergi orqanının xəbərdarlıq etməsi qanunla tələb olunmamışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 07.06.2021-ci il tarixli, **********2281 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “07 iyun 2021-ci il tarixli, **********2281 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8471/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8471/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver