Məhkəmə qərarları › İş №2-1(112)-8476/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8476/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8476/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilin üzərində mərhum X3 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı evin 68 saylı mənzilinə mülkiyyət hüququnun onun mərhum anası X4 məxsus olması barədə arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının atası X1 1990-cı ildə Bakı Baş Tikinti İdarəsinin «Aydın və Fəxrəddin Quliyev qardaşları» adına 4 saylı ETK tərəfindən hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzil verilmişdir. 1990-cı ildən başlayaraq iddiaçı və ailə üzvləri bugünədək həmin mənzildə yaşayırlar. Həmin mənzilin iddiaçının atasının istifadəsinə verilməsinə dair Bakı Baş Tikinti İdarəsinin «Aydın və Fəxrəddin Quliyev qardaşları» adına 4 saylı ETK tərəfindən atasının adına xx.xx.1994-cü ildə 58/10 saylı order verilmişdir. İddiaçının atası xx.xx.2004-cü ildə vəfat etmiş və bundan sonra Bakı şəhəri Biənəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 242 saylı sərəncamı ilə həmin mənzil iddiaçının anası X3 ərizəsi əsasında ona və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçının anası xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçının anasının vərəsələri kimi iddiaçı, bacısı X8 və qardaşı X11 notariusa müraciət edərək vərəsəlik işi açılmışdır. Notarius tərəfindən də cavabdehə həmin mənzilə dair mərhum X3 adına hüquqmüəyyənedici sənədin verilməsi üçün xx.xx.2021-ci il tarixdə məktub verilmişdir. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin ünvana dair mərhum anasının adına çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 izahatında bildirdi ki, iddiaçının ərizəsi əsasında İdarədə aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 242 saylı sərəncamı ilə qeyd olunan mənzil X3 daimi istifadəsinə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən həmin ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzildə rekonstruksiya işlərinin aparıldığı, blok sahəsinin 10.0 kv.m hissəsinin iddiaçının istifadəsində olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********98 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 10 saylı evin 68 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 242 saylı sərəncamı ilə qeyd olunan mənzil X3 daimi istifadəsinə verilmişdir. Əlavə olaraq bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman mənzildə rekonstruksiya işlərinin aparıldığı, blok sahəsinin 10.0 kv.m hissəsinin istifadənizdə olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Şamaxı rayonu X34 tərəfindən xx.xx.1980-ci ildə verilmiş İİ-JQ seriyalı 340382 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X12 xx.xx.1980-ci ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra kişiyə Kərimov, qadına Kərimova soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş AZ-İİ seriyalı 103506 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Salyan rayon Atbulaq kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1984-cü ildə verilmiş İX-JQ seriyalı 493869 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984cü ildə Salyan rayonunda doğulmuşdur, atası X5, milliyyəti azərbaycanlı, anası X13, milliyyəti azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İH MKD Binəqədi rayon MKTB-nin 107 saylı MKİSnin 429 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı evin 68 saylı mənzilində xx.xx.1995-ci ildən qeydiyyatdadır və yaşayır. Ailə tərkibi: X13 – anası, ölüb; X5 – atası, ölüb; X8 – bacısı; X11 – qardaşı. İş materiallarında olan 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisi tərəfindən DƏDRX-nin müvafiq ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1318 nömrəli məktubunda qeyd olunur: X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat kontoruna X8, İddiaçı və X11 tərəfindən müraciət olmuşdur. xx.xx.2020-ci il tarixdə X3 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olunmuşdur və vərəsələr qızı - X8, oğlu - İddiaçı və oğlu - X6r. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum X3 adına veriləcək hüquqmüəyyənedici sənədini oğlu İddiaçı verilməsi xahiş olunur. İş materiallarında olan orderdən görünür ki, 4 saylı ETK-nin 58/10 saylı 01 aprel 1994-cü il tarixli orderi ilə 6 nəfər ailə üzvü ilə Biləcəri qəsəbəsi, ev 10, mənzil 68 montajçı X1 ayrılmışdır. Ailə tərkibi – özü, həyat yoldaşı X13, qızı X9, qızı X10, oğlu X11 və oğlu İddiaçı. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 242 saylı 29 dekabr 2011-ci il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı binanın 5 otaqlı yaşayış sahəsi 67.03 kv.m olan 68-ci mənzili mərhum B.M.Kərimovun arvadı X3 ailə tərkibi 7 nəfərlə (özü, 2 oğlu, qızı, kürəkəni və 2 nəvəsi) daimi istifadəsinə verilmişdir. Ailə tərkibi: X13 – özü, 1957; X8 – qızı, 1978; X11 – oğlu, 1979; İddiaçı – oğlu, 1984; X28 – kürəkəni, 1970; X23 – nəvəsi, 1998; X15 – nəvəsi, 1999. Həmin sərəncamda qeyd olunur: 4 saylı ETK-nin rəhbərliyi və HİK-i tərəfindən 58/10 saylı 01 aprel 1994-cü il tarixli orderlə Biləcəri qəsəbəsi, 10 saylı binada yerləşən ailəvi yataqxananın 5 otaqlı yaşayış sahəsi 67.03 kv.m olan 68-ci mənzili həmin ETK-nin əməkdaşı X1 ayrılmışdır. Lakin xx.xx.2004-cü ildə X5 vəfat etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 254 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanaları yerləşdikləri ərazi üzrə rayon MKTB-nin balansına verilmişdir. Belə yataqxanalardan biri də BT i ŞİD-nin tabeliyində olan 7-ci mkr., Xarici Dairəvi küçəsi, 4 saylı binada yerləşən və Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı və 7 saylı binalarda yerləşən ailəvi yataqxanalardır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X14, X16, X28, İddiaçı, X8, X11, X18, X23 qeydiyyatda olduqları Bakı şəhəri, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı evin 68 saylı mənzilinin X3 adına özəlləşməsinə razıdırlar, etirazları yoxdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, 4 saylı ETK-nin 58/10 saylı 01 aprel 1994-cü il tarixli orderi ilə 6 nəfər ailə üzvü ilə Biləcəri qəsəbəsi, ev 10, mənzil 68 montajçı X1 ayrılmışdır, ailə tərkibi – özü, həyat yoldaşı X13, qızı X9, qızı X10, oğlu X11 və oğlu İddiaçı. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 242 saylı 29 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı binanın 5 otaqlı yaşayış sahəsi 67.03 kv.m olan 68ci mənzili mərhum B.M.Kərimovun arvadı X3 ailə tərkibi 7 nəfərlə (özü, 2 oğlu, qızı, kürəkəni və 2 nəvəsi) daimi istifadəsinə verilmişdir. Ailə tərkibi: X13 – özü, 1957; X8 – qızı, 1978; X11 – oğlu, 1979; İddiaçı – oğlu, 1984; X28 – kürəkəni, 1970; X23 – nəvəsi, 1998; X15 – nəvəsi, 1999. Həmin sərəncamdan görünür ki, 4 saylı ETK-nin rəhbərliyi və HİK-i tərəfindən 58/10 saylı 01 aprel 1994-cü il tarixli orderlə Biləcəri qəsəbəsi, 10 saylı binada yerləşən ailəvi yataqxananın 5 otaqlı yaşayış sahəsi 67.03 kv.m olan 68-ci mənzili həmin ETK-nin əməkdaşı X1 ayrılmışdır, lakin xx.xx.2004-cü ildə X5 vəfat etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 254 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanaları yerləşdikləri ərazi üzrə rayon MKTB-nin balansına verilmişdir, belə yataqxanalardan biri də Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı və 7 saylı binalarda yerləşən ailəvi yataqxanalardır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, X13 xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı və ailə üzvləri həmin ünvanda xx.xx.1995-ci ildən qeydiyyatdadır və yaşayır. 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat ofisi tərəfindən DƏDRX-nin müvafiq ərazi idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1318 nömrəli məktubundan görünür ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat kontoruna X8, İddiaçı və X11 tərəfindən müraciət olmuş, xx.xx.2020-ci il tarixdə X3 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olunmuş (vərəsələr qızı - X8, oğlu - İddiaçı və oğlu - X11) və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum X3 adına veriləcək hüquqmüəyyənedici sənədini oğlu İddiaçı verilməsi xahiş olunur. Hazırda həmin mənzildə qeydiyyatda olan şəxslər qeyd olunan mənzilin X3 adına özəlləşməsinə razıdırlar, etirazları yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam xx.xx.2011-ci il tarixdə imzalansa da, X3 mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək xx.xx.2009-cu ilədək yaranmışdır. Belə ki, 4 saylı ETK-nin 58/10 saylı 01 aprel 1994-cü il tarixli orderi ilə 6 nəfər ailə üzvü ilə Biləcəri qəsəbəsi, ev 10, mənzil 68 montajçı X1 ayrılmışdır, ailə üzvü kimi həyat yoldaşı X13 da qeyd olunmuşdur. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 242 saylı 29 dekabr 2011-ci il tarixli Sərəncamı imzalanmışdır və həmin sərəncama əsasən həmin mənzil mərhum B.M.Kərimovun arvadı X3 ailə tərkibi 7 nəfərlə (özü, 2 oğlu, qızı, kürəkəni və 2 nəvəsi) daimi istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İH MKD Binəqədi rayon MKTB-nin 107 saylı MKİS-nin 429 saylı xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, İddiaçı həmin mənzildə xx.xx.1995-ci ildən qeydiyyatdadır və yaşayır və ailə üzvü kimi X13 da qeyd olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı evin 68 saylı mənzilinə mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar