Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8477/2022 19.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün ona torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışdır. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır, ailənin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün ailəyə torpaq sahəsinin ayrılması lazımdır. Hazırda yaşadığı ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən ona torpaq ayrılması və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitini yaxşılaşdırmaq mümkündür. Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı-Məmmədli avtomobil yolunun sol kənarında yerləşən 0.05 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ona ayrılması üçün Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətində ilkin sənədlər hazırlanmış və rəy bildirilməsi üçün Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin 30 avqust 2018-ci il tarixli H-15/108- 038/33 nömrəli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların X1 üzrə Dövlət Agentliyinə göndərilmiş və həmin Agentlikdən də Sabunçu Rayon İcra Hakimiyyətinə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin ayrılması üçün sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Deməli, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların X1 üzrə Dövlət Agentliyi tərəfindən də İddiaçı torpaq ayrılmasına imtina olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Sabunçu Rayon İcra Hakimiyyəti bundan sonra öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edilsə də, məhkəmə qərar qəbul etmişdir ki, məsələ Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İş materiallarından görünür ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən iddiaçıya verilən xx.xx.2022-ci il tarixli, 692 nömrəli arayışına əsasən İddiaçı Pirşağı qəsəbəsi Yeni yaşayış massivi, 14 saylı evdə Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. İşdə olan iddiaçının müxtəlif inzibati orqanlara olan müraciətindən müəyyən olunur ki, o, Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş edir. İşdən görünür ki, iddiaçının məsələ ilə bağlı cavabdehə müraciəti aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.. Məcəllənin 46.1-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Məcəllənin 50.4-cü maddəyə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyələr tərəfindən verilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları (öz səlahiyyəti hüdudlarında dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları), bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü yarımbəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: dağ-mədən sənayesinin, ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının, magistral boru kəmərlərinin, sənaye, nəqliyyat, rabitə, energetika, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; meşə fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla su fondu torpaqları; yay və qış otlaqlarının torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq, toxumçuluq və damazlıq müəssisələrinin torpaqları; sağlamlaşdırma və istirahət təyinatlı torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan məqsədlərlə bağlı ona torpaq ayrılmasını tələb etmir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları" na əsasən: - 1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir. - 3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir... Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üzdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Məhkəmə istinad olunan normaların tələblərini nəzərə alaraq qeyd edir ki, sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehin iddiaçıya torpaq sahəsi ayrımaq kimi öhdəliyi mövcud deyil. Qanunvericiliyə əsasən iddiaçı dövlət torpaqlarını bununla bağlı keçirilən müvafiq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə əldə edə bilər. Məhkəmə qeyd edir ki, İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçının tələbi ilə bağlı qanunvericiliklə cavabdehin öhdəliyi müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilməmişdir. Buna görə də hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8477/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8477/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver