Məhkəmə qərarları › İş №2-1(112)-848/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-848/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-848/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə qarşı sosial ödəniş borcunun iddiaçıya aid olmamasının müəyyən edilməsi və bu əsasla ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti.

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq İddiaçı 26 iyun 2011-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi nəzərə alınıb 3185 manat sosial ödəniş borcunun iddiaçıya aid olmamasının müəyyən edilməsi və bu əsasla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsi ilə əvəz edilmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının "xxxx" MMC-nin rəhbəri kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsilə "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.Bildirmək istəyir ki, o 26 iyun 2011-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu faktı əmək kitabçasında qeyd təsdiq edir və həmin vaxtlarda işçi kimi işləmiş şahidlər də həmin faktı təsdiq edirlər. Zərurət olarsa, şahidlər X2 və X8 ifadə verə bilərlər. İddiaçıda olan məlumata əsasən "xxxx" MMC fəaliyyətini dayandırmışdır. Lakin iddiaçının adını icra orqanının rəhbəri kimi reyestrdən çıxarmamışdır. İddiaçı işdən çıxarıldığı tarixdən həmin müəssisə ilə hər hansı hüquqi və faktiki bağlılığı qalmamışdır.Cavadehə müraciət etdikdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən də ona bildirilmişdir ki, işdən azad olunmağı hüquqi faktı həmin tarixdən çıxarılmasının müəyyən olunması baxımından tanınmalıdır. Ona görə də, qeyd edilən hüquqi faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qaradağ rayon məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina olunmuşdur. Bakı Apellyasiya məhkəməsi tərəfindən həmin qərardad qüvvədə saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdır.İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş və ərizəyə 25 yanvar 2023-cü il tarixdə cavab verilmişdir.Cavab məktubunda araşdırma aparılmadan Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsindən şikayət hüququ izah olunmuşdur. Halbuki şikayət hüququ ona bəllidir, həmin qətnamədən şikayətlə borcun iddiaçının üzərindən götürülməsi baş verməyəcəkdir. Belə ki, daha əvvəl də iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və onun şikayəti əsasında götürülmüşdür. Yəni eyni hərəkətlərlə fərqli nəticə əldə etmək mümkün deyildir. Burada həmin borcun iddiaçıya aid olmaması müəyyən olunmalıdır ki, məhdudlaşma gələcəkdə ümumiyyətlə tətbiq oluna bilməsin. Hazırda hüquqi müdafiə vasitəsi tükənməklə yalnız inzibati məhkəməyə müraciət etmək imkanı qalmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, vergi orqanının uçot-baza məlumatlarına əsasən “Azbet İnşaat" MMC-nin icra orqanının rəhbəri İddiaçıdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Bundan əlavə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə nəzər saldıqda sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə ödəyicinin 3185 manat borcunun olduğu aydın görünür. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən “Azbet İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

7.İddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilən məzmunda məhkəmə iclasında çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraza uyğun məzmunda məhkəmə iclasında çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Üçüncü şəxsin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək göstərmişdir ki, məhkəmə qərarı qüvvədə olduğu halda iddiaçının iddiası əsassızdır və göstərilənə əsasən iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10.İş materiallarında olan: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə daxil olmuş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə əlaqədar müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır.Bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir, vergi orqanı tərəfindən məhkəməyə edilmiş müraciət nəticəsində Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3895/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir, iddiaçıya e-2-2(113)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlığına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə 3285 manat borcunun, o cümlədən vergilər üzrə 100 manat, məcburi dövlət sığorta haqqı üzrə 3185,0 manat borcunun olması barədə xəbərdarlıq edilmiş, borcun ödənilməsi tələb olunmuş, qeyd edilən borc ödənilmədiyi halda iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi iddiaçının nəzərinə çatdırılmışdır; 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2010-cu il tarixdə qəbul etdiyi qiyabi qətnaməyə əsasən "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixə dövlət büdcəsinə olan 17907.16 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialının xx.xx.2009-cu il tarixli, **********0 nömrəli qərarına əsasən 24 dekabr 2009-cu il tarixli, **********0 nömrəli protokolunun əlavəsində göstərilmiş 20000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2iqt(81)-2614/2012 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X15 Deparlamentinin cavabdeh "xxxx" MMC-yə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması haqqında iddiası təmin edilmiş, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 1242,13 manat məbləğində borcunun cavabdeh "Azbet İnşaat’' MMC-nin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X15 Departamentinin xeyrinə tutulması qət edilmiş, qətnamə xx.xx.2012-cı il tarixdə qanuni qüvvəsini almışdır; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən vergi orqanına bildirilmişdir ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialının cavabdeh “AzBET" MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi 1 saylı yerli İqtisad Məhkəməsinin 2-(81)-752/2010 nömrəli, 29 mart 2010-cu il tarixli qiyabi qətnaməsi ilə təmin edilmişdir.Qətnamə 10 may 2010-cu il tarixdə qanuni qüvvəsini almış və 10 iyun 2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəmə icraçıları şöbəsinə icra vərəqəsi göndərilmişdir. Sonra iş aidiyyəti üzrə icra edilməsi üçün Səbail rayon icra şöbəsinə göndərilmişdir.xx.xx.2010-cu il tarixdə məhkəməyə Səbail rayon icra şöbəsinin icraata başlamaq haqqında qərarı daxil olmuşdur; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3895/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 3185 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AA 2991438) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; "xxxx" MMC-nin şəxsi hesabına əsasən 3185 manat sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc ödənilməmişdir; "xxxx" MMC-nin 31 №li, xx.xx.2011-ci il tarixli əmrinə əsasən iddiaçı xx.xx.2011-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir; Bakı Kommersiya Məhkəməsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin maraqlı şəxs İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi təmin olunmuş, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 3185 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AA 2991438) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmşdır və qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin rəhbəri İddiaçıdur.

İV. Məhkəmənin mövqeyi 11.Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;9.3.5-1. müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda – çağırış üzrə qərar qəbul edilənədək;9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. 12.“İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. 13.Avropa İnsan Hüquqları Məhkəməsi "Vintervert Niderlanda qarşı" işində göstərmişdir ki, Konvensiyanın «qanunla müəyyən edilmiş qaydada (şərtlərlə)» (o cümlədən "qanunla nəzərdə tutulmuş") ifadəsi bir başa daxili hüquqa yönəldən normadır. Onun mənasına görə şəxsin һər hansı hüquqdan məhrum edilməsi yalnız dövlət daxili qanunlarla əsaslanmalı və bu qanunlar Konvensiyaya zidd olmamalıdırlar. 14.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır:.. 23.1.15-3. 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Həmin Məcəllənin 24.0-ci maddəsində göstərilir: vergi orqanları:.. 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə;...borcludurlar. 15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 17.İşin faktiki hallarına əsasən iddiaçının icra orqanının rəhbəri (qanuni təmsilçisi) olduğu hüquqi şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır, vergi orqanının məlumatına əsasən həmin hüquqi şəxsin icra orqanının rəhbəri (qanuni təmsilçisi) dəyişməmiş, iddiaçı "xxxx" MMC-nin rəhbəri kimi göstərilir, eyni zamanda "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu ödənilməmiş qalmışdır, hal-hazırda iddiaçının ölkədən getmək hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırılmışdır, həmin məhkəmə qərarı ləğv edilmədiyi, hüquqi şəxsin borcu ödənilmədiyi, iddiaçı hüquqi şəxsin rəhbəri kimi qalmaqda davam etdiyi üçün məhkəmə, cavabdeh tərəfindən aparılmış inzibati icraatı zamanı qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir. Beləliklə vergi orqanı iddiaçının müraciətinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, qeyd edilən hallara əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə qarşı İddiaçı 26 iyun 2011-ci il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi nəzərə alınıb 3185 manat sosial ödəniş borcunun iddiaçıya aid olmamasının müəyyən edilməsi və bu əsasla ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

NƏTİCƏVİ HİSSƏ

21.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar