Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8481/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “şəhid statusunun verilməsi üçün rəyin verilməsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra mətndə DİN) qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi (BPQMİ) göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olan qızı - polis kiçik inspektoru X6 şəhid statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə (eyni tələbli) ərizələrdə məhkəmədən xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olan qızı - polis kiçik inspektoru X6 “Şəhid” statusunun verilməsi ilə bağlı rəyin verilməsi vəzifəsinin cavabdeh DİN-ə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə yenidən təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdiriməsi) barədə ərizələrdə məhkəmədən, BPQMİ-nin sabiq əməkdaşı mərhum X2 xx.xx.2020-ci il tarixində xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olmasını nəzərə alaraq X7 “Şəhid statusu”nun verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizələrində göstərmişdir ki, qızı X17 Dövlət Universitetinin xarici dillər fakultəsini bitirmişdir. 09 avqust 2019-cu il tarixindən BPQMİ-nə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru vəzifəsində xidmətə başlamışdır. 16 avqust 2020-ci il tarixinədək daxili işlər orqanlarında (bundan sonra DİO) xidmət etmişdir. Xidmət dövründə intizam məsuliyyətinə cəlb olunmamışdır. Gəncə “ASAN xidmət” mərkəzində çalışdığı dövlərdə bir çox sertifikatlar alaraq, göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən onun şəxsi keyfiyyətlərini, iş bacırığını yüksək səciyyələndirən 10698 nömrəli xasiyyətnamə verilmişdir. 16 avqust 2020-ci il tarixində xidməti vəzifəsini yerinə yetirən zaman faciəli şəkildə həlak olmuşdur. Daxili işlər nazirinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə X3 xidməti vəzifəsinin icrası zamanı həlak olduğu öz təsdiqini tapmışdır. Xidməti vəzifəsinin icrası zamanı həlak olmuş qızı L.Süleymanzadə “Şəhid” statusunun verilməsi ilə bağlı rəsmi qaydada DİN-ə müraciət etmişdir. Lakin müraciətinə müsbət cavab verilməmişdir. X9 “məcburi köçkün” statusu daşıyır. X19 xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixi bitməmiş Qarabağ müharibəsi dövründə olmuşdur. X19 xidməti vəzifəsinin icrası zamanı faciəli şəkildə həlak olduğu xx.xx.2020-ci il tarixi sərt hərbi karantin rejiminin tətbiq olunduğu, hətta ictimai nəqliyyatın işləmədiyi istirahət günü olan bazar günü olmuşdur. Bazar günü qeyri-iş günü sayılır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununa əsasən “Şəhid statusu ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərkən həlak olmuş əməkdaşlara və hərbi qulluqçulara şamil olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddia ərizəsində üçüncü şəxs qismində göstərilmiş BPQMİ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; “Asan-Gəncə” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1968-ci ildə Kəlbəcər şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi (bundan sonra mətndə Komitə) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA seriyalı, 465515 №-li məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1968-ci ildə Kəlbəcər rayonunda doğulmuş İddiaçı 1993-cü il tarixdən Kəlbəcər rayonundan məcburi köçkündür. Komitənin Səbail rayon üzrə sektoru tərəfindən verilmiş 144 №-li, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Kəlbəcər rayonundan məcburi kökün olan İddiaçı ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Komitə tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AA seriyalı, 341448 №-li məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1998-ci ildə Gəncə şəhərində doğulmuş X9 (1993-cü ildən) Kəlbəcər rayonundan məcburi köçkün olmuşdur. Gəncə Dövlət Universiteti tərəfindən verilmiş C seriyalı 053080 №-li, xx.xx.2019-cu il tarixli Bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 Dövlət Attestasiya Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Xarici dil müəllimliyi “Alman dili” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. BPQMİ-nin Ə168 s/h-018-19 №-li, xx.xx.2019-cu il tarixli əmrinin surətindən müəyyən olunur ki, X9 29 avqust 2019-cu il tarixdən DİO-da xidmətə qəbul olunaraq, BPQMİ-yə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru (ümumvətəndaş pasport üzrə) vəzifəsinə təyin edilmiş və ona “polis sıravisi” xüsusi rütbəsi verilmişdir. Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 155136 №-li, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində açıq küt kəllə-beyin travması nəticəsində baş beyinə qansızma və kəllə sümüklərinin sınması nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 08-ci ayının 21-ci günündə 129 №-li qeyd edilmişdir. DİN-nin Xidməti təhqiqatın nəticəsinə dair 27 aprel 2021-ci il tarixli rəyin surətindən müəyyən olunur ki, Nizami RPİ-nin İTB-nin sabiq polis sahə rəisi Elnur Çağırqanov xx.xx.2020-ci il tarixdə "Mercedes" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişini, Gəncə “ASAN xidmət" mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru (ümümvətəndaş pasportu üzrə) Ləman Süleymanzadə ilə Gəncə-Samux yolunun Çobanabadlı kəndindən keçən hissəsində hərəkətdə olarkən sürücü Allahverdi Behbudovun əks istiqamətdə idarə etdiyi "NY Holland TJ5050" markalı 90 L 009 dövlət qeydiyyat nişanlı kombaynla toqquşmuş, nəticədə hər iki polis əməkdaşı aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Faktla bağlı xx.xx.2020-ci il tarixdə Samux rayon prokurorluğunda CM-nin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır. Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 8/2375 nömrəli rəyində “Mercedes" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Elnur Çağırqanovun və "NY Holland TJ5050” markalı 90 L 009 dövlət qeydiyyat nişanlı kombaynın sürücüsü Allahverdi Behbudovun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti OçQn təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi İlə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin onların həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olduğu göstərilmişdir. Cinayət işinin polis əməkdaşı olan Elnur Çağırqanov barəsində olan hissəsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və sözügedən cinayət işi İbtidai İstintaqın davam etdirilməsi üçün Samux RPŞ-nin İstintaq qrupuna göndərilmişdir. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Məhkemə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 52 nömrəli rəyində polis kiçik serjantı L.Süleymanzadənin ölümünə səbəb kimi yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan açıq küt-kəllə beyin travması nəticəsində baş bəyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması göstərilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 53 nömrəli rəyində polis leytenantı E.Çağırqanovun ölümünə səbəb kimi yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan, həyatla bir araya sığmayan, başın gövdədən, tam, küt, travmatik amputasiyası göstərilmişdir.xx.xx.2020-ci il tarixdə BPQMİ-yə bilavasitə tabe olan Qərb bölgəsinin regional şöbəsində çap edilmiş ümumvətəndaş pasportlarının Mərkəzə gətirilməsi polis kiçik serjantı Ləman Süleymanzadəyə həvalə edildiyindən və qeyd olunan tarixdə ölkədə tətbiq ədilən xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından sonuncu polis leytenantı Elnur Çağırqanovun avtomobilindən istifadə etmişdir. Eyni zamanda həmin gün polis leytenantı E.Çağırqanovun icraatında olan borclu fiziki şəxslərin və cavabdehlərin axtarış işləri ilə əlaqədar Samux rayonuna getməsinə zərurət yaranmışdır. DİN-in Tibb İdarəsinin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, polis kiçik serjantı L.Süleymanzadənin və polis leytenantı E.Çağırqanovun ölümünə səbəb kimi müvafiq olaraq yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan açıq küt-kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması və yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkün olan, həyatla bir araya sığmayan, başın gövdədən, tam, küt, travmatik amputasiyası göstərilmişdir. DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2021-cl İİ tarixli 027-1828-1221 nömrəli məktubunda sabiq polis leytenantı X11 və sabiq polis kiçik serjantı X4 vəfat etmələrinin xidməti vəzifəsinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin Dövlət Kommersiya Şirkətinə təqdim edilməsi üçün sabiq əməkdaşlann ailə üzvlərinə təqdim olunmasının məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. DİN-in Baş Təşkilat İnspeksiya İdarəsinin xx.xx.2021-cl İİ tarixli 002-347- 1221 nömrəli məktubunda toplanmış materialların sabiq polis leytenantı X11 və sabiq polis kiçik serjantı X3 vəfat etmələri faktının xlməti vəzifələrin icrası ilə bağlı olmasını deməyə əsas verdiyi göstərilmişdir. Rəylə BPQMİ-yə bilavasitə tabe olan Gəncə “ASAN xidmət” mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahəsi rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəsinin olmasının nəzərə alınması, Xidməti təhqiqatın nəticəsinin DİN-nin rəhbərliyinə məruzə edilməsi, bu barədə aidiyyəti xidmətlərə bildirilməklə toplanmış materialın Daxili Təhqiqatlar İdarəsinin arxivinə verilməsi təklif olunmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsəsi İddiaçı müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş xx-xx-0164 nömrəli məktuba əsasən miras qoyan X3 ölümü ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətində adına qalmış 30.240 (otuz min iki yüz qırx) manat məbləğində sığorta pulundan ibarətdir. İddiaçı hazırki tələblə bağlı DİN X21 İdarəsinə ərizə ilə müraciət etmiş, onun müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 024-14791S-3122 məktubda qeyd olunmuşdur ki, "Şəhid” statusunun verilməsinə köməklik göstərilməsi barədə DİN-ə ünvanlanmış eyni məzmunlu təkrar müraciətlərinə baxılmışdır. xx.xx.2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş qızı – BPQMİ-yə bilavasitə tabe olan Gəncə "ASAN xidmət" mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin ölüm faktı ilə bağlı xidməti araşdırma aparılmış, qanunvericiliyə müvafiq qərar qəbul edilmiş və bu barədə ona ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən "Şəhid statusu yalnız ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərkən həlak olmuş əməkdaşlara və hərbi qulluqçulara şamil edilir. Göstərilənlər, eləcə də mərhum qızı sabiq polis əməkdaşı L.Süleymanzadəyə "Şəhid” statusunun verilməsi qüvvədə olan qanunvericiliyə görə mümkün olmadığının nəzərə alınaraq, müraciətlərinə baxılmasının dayandırıldığı bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” əsasənamənin 1-ci maddəsinə əsasən Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. - Daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Polis haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir (maddə 2). - Daxili işlər orqanlarında işləyən şəxslər arasında xidməti münasibətlərin tənzimlənməsi, onların xidmət müddətinin və ixtisas keyfiyyətlərinin müəyyən olunması məqsədi ilə bu orqanlarda sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələri və xüsusi rütbələr müəyyən olunur (maddə 3). Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş daxili işlər orqanları əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir (maddə 93). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Aşağıdakılar şəhid hesab edilirlər: - 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; - 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; - Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cavabdeh, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X5 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə iddiaçının mərhum qızı X3 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslər sırasına aid olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Belə iş materiallarından da göründüyü kimi, X3 vəfat etməsi avtoqəza nəticəsində baş verdiyindən yuxarıda qeyd olunan Qanun və Qərarın tələbləri ona şamil oluna bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8481/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8481/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver