Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8483/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı4 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “tikilinin sökülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı4, X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 (bundan sonra mətndə - iddiaçılar) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 nömrəli sərəncamı ilə X1 məxsus olan S.Ə.ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə 842 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu fakt icarə müqaviləsinin 1.1-ci bəndi və Əmlak Məsələləri Dövlət Komitəsinin məktubları ilə müəyyən edilir. Müqaviləyə əlavə edilmiş plan-cizgidən görünür ki, X2 tərəfindən mübahisəli ərazidə 519,3 kv.m. torpaq sahəsində qeyri-yaşayış binasının layihələndirilməsi nəzərdə tutulub. 842 kv.m. torpaq sahəsinin 304,7 kv.m. hissəsinə əvvəllər “Qərənfil” şadlıq sarayı kimi fəaliyyət göstərən qeyri-yaşayış binası yerləşib, həmin bina Həsən Hacısoyun mülkiyyətindədir, onun altında yerləşən 304,7 kv.m. ölçüdə olan torpaq sahəsi və qanunusuz şəkildə Həsən Hacısoy tərəfindən tikinti işləri aparılan 519,3 kv.m. hissədə olan torpaq sahəsi hüquqa zidd şəkildə qəbul edilmiş sərəncamla ayrılmışdır. Bundan başqa digər cavabdeh Xətai Rayon İcra Hakimiyyəti 18.03.2018-ci il tarixdə sözügedən layihələndirilmiş sahədə tikinti aparılması üçün qanunvericiliyə zidd olan 69 nömrəli sərəncam verilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 15 mart 2021-ci il tarixli qərardadı ilə, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə və üçüncü şəxsə təqdim olunmuş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 02 iyul 2021-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı4, X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “sərəmcamların, icarə müqaviləsinin etibarsız hesab edilməsi və tikilinin sökülməsi” tələbinə dair işin - iddiaçılar İddiaçı4, X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının və Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraat e-2-1(112)-4939/2021 nömrə ilə; - iddiaçılar İddiaçı4, X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının etibarsız hesab edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə; - iddiaçılar İddiaçı4, X3, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə X2 üçüncü şəxs qismində cəlb edilməklə “ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan tikilinin sökülməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır. İddiaçı4 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “tikilinin sökülməsi” tələbinə dair inzibati iş 2-1(112)-8483/2021 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs və cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin və cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə predmeti tikililər üçüncü şəxs tərəfindən tikilsə də, həmin tikililər cavabdehlər tərəfindən verilmiş sərəncamların nəticəsində tikilimişdir. Ona görə də cavabdehlər tərəfindən sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, təmsil etdiyi qurum tərəfindən sərəncam qanunauyğun olaraq verilmiş, o cümlədən sərəncamın verilməsi həmin tikililərin sökülməsi tələbi üzrə cavabdeh olması anlamına gəlmir. Həmin tikililər üçüncü şəxs tərəfindən inşa edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçıların iddia ərizəsindən və onların nümayəndəsi və vəkilinin məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçıların etirazı, narazılığı və şikayəti Əmlak Məsələləri Dövlət Komitəsinin 09.10.2017-ci il tarixli, 231 saylı sərəncamının, Əmlak Məsələləri Dövlət Komitəsi ilə X2 arasında bağlanmış 09.10.2017-ci il tarixli, 377 saylı icarə müqaviləsinin və mübahisəli ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi barədə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 18.03.2018-ci il tarixli, 69 nömrəli sərəncamının əsasında üçüncü şəxs X2 tərəfindən aparılmış tikintinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyət qaytarılması ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürsə də, iddiaçıların özlərinin də iddia ərizəsində bildirdiyi kimi, mübahisə predmeti tikili üçüncü şəxs tərəfindən inşa edilmişdir. Məhkəmə vurğulayır ki, tikilinin sökülməsi tələbi həmin tikilini inşa etmiş şəxsə qarşı irəli sürülə bilər. Üçüncü şəxsin sözügedən tikintini cavabdehlərin inzibati aktlarının əsasında aparması, hətta həmin inzibati aktların ləğv edilməsi (etibarsız sayılması) də vəziyyəti iddiaçıların xeyrinə dəyişmir, yəni qeyd olunan halda belə hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə vurğulayır ki, iddiaçıların qaldırdığı məsələnin publik hüquq münasibətlərinə aid olmaması ilə yanaşı, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olan orqan deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçılar üçüncü şəxsə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı4 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8483/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8483/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver