Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8487/2024 24.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlətin Təyinatı üzrə Mərkəz Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cl il tarixli 4(049)-290/2016 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 01 ay 15 gün vaxtından əvvəl azad olunmuş cə xx.xx.2020-ci il tarixdə cəzası bitmişdir. İddiaçı cəzadan azad olunduğu üçün birdəfəlik müavinətin təyin edilməsi ilə bağlı 2020-ci il tarixdə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixdən birdəfəlik müavinət təyin edilərək xx.xx.2020-ci il tarixədək ödənilmişdir. İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-142/2021 hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və narkomaniyadan məcburi müalicə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 55 nömrəli A formalı arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək azadlıqdan məhrum edilmiş və xx.xx.2022-ci il tarixdən cəza müddətinin bitməsilə əlaqədar cəza çəkməkdən azad olunmuşdur. İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 03 ay müddətinə azadlıqdan məhrum edilmiş (cəzasının əvvəli xx.xx.2022-ci il, cəzasının sonu xx.xx.2025-ci il) və hal-hazırda Penitensiar Xidmətin 1 saylı Cəzçəkmə müəssisəsində cəza çəkir. İddiaçı xx.xx.2023-cü il tarixdə 1 saylı Cəzçəkmə müəssisəsindən ərizə ilə cavabdehə müraciət edərək ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-44992/2024 nömrəli məktubla iddiaçıya birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə birdəfəlik müavinət təyin edilərək ödənildiyi üçün xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının çəkkməkdən azad edilməyiniz ilə bağlı (iki ildən çox müddət keçmədiyi üçün) həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik müavinətin hesablanması və ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. “Sosial Adaptasiya” Haqqında Qanunun heç bir maddəsində məhkumluğun ödənilməsi və ya götürülməsi ilə bağlı heç bir tələb nəzərdə tutulmamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri, imtina məktubunun dəlilləri eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən və məhkəmə iştirakı barədə hər hansı bir vəsatəti olmadığından məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cl il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzadan vaxtında əvvəl azad olunduğuna görə birdəfəlik müavinətin təyin edilməsi ilə bağlı 2020-ci il tarixdə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona xx.xx.2020ci il tarixdən birdəfəlik müavinət təyin edilərək xx.xx.2020-ci il tarixədək ödənilmişdir. İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdən cəza müddətinin bitməsilə əlaqədar cəza çəkməkdən azad olunmuşdur. İddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 03 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Penitensiar Xidmətin 1 saylı Cəzçəkmə müəssisəsində cəza çəkir. İddiaçı xx.xx.2023-cü il tarixdə 1 saylı Cəzçəkmə müəssisəsindən ərizə ilə cavabdehə müraciət edərək ona cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir, cavabdeh iddiaçıya birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh Qanunu 6.1.7-ci maddısinə istinad edərək hesab edir ki, xx.xx.2020-ci il tarixdə birdəfəlik müavinət təyin edilərək ödənildiyi üçün və həmin vaxtdan iki il müddət keçmədiyinə görə, həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, tələbin qanuni əsasını “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci və 14.1-ci maddələri təşkil edir. 3.1-ci maddəyə görə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına... birdəfəlik müavinət ödənilir. 14.1-ci maddəyə görə, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun dispozitiv şərtlərinin mövcud olması üçün iddiaçının cəza çəkməkdən azad edilmiş şəxs olması və sosial adaptasiyaya ehtiyacının olması müəyyən edilməlidir.. 1-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər dedikdə qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər başa düşülür. Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçının pentinseiar müssəsisədə cəza çəkən şəxs olması və cəzadan azad olunması (müavinət tələb etdiyi cəzaya görə) işin mübahisələndirilməyən halıdır. Lakin Qanunun dispozisiyasında göstərilən ikinci şərt (iddiaçının sosial adaptasiyaya ehtiyacının olması) iddiaçıya münasibətdə ödənilmir. Məhkəmə qeyd edir ki, şəxsin cəza çəkməkdən azad edilməsi hələ ona birdəfəlik pul müavinətinin verilməsi üçün əsas deyil. Belə ki, şəxsin tibbi və sosial yardıma ehtiyacının olması iş materialları ilə öz təsdiqini tapmalıdır. (a) “Sosial adaptasiya” anlayışı Sözügedən Qanunun sistematik təfsiri onu deməyə əsas verir ki, Qanunda “sosial adaptasiya” ilə “sosial adaptasiyaya ehtiyacı olma” anlayışları fərqləndirilir. Belə ki, dövlətin məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. “Sosial adaptasiya” ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Elə buna görədir ki, Cəzaların İcrası Məcəlləsində də məhkumların hələ cəzadan azad edilənədək cəmiyyətə yenidən inteqrasiya olunmasını asanlaşdırmaq üçün tədbirlər nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsində də qeyd olunduğu kimi “məhkumların islah edilməsi” adlandırılan bu tədbirlərin əsas vasitələrinə ictimai faydalı əmək, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı daxildir. Oxşar tədbirlər Qanunun 13-cü maddəsində cəza çəkməkdən azad edilmiş şəxslər üçün də müəyyən edilmiş və onların peşə təhsili və əlavə təhsil, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradılması öhdəliyi dövlətin üzərinə qoyulmuşdur. Həmçinin, (b) “Sosial adaptasiyaya ehtiyacı olma” anlayışı Qanun heç də cəza çəkməkdən azad edilmiş hər bir şəxsə deyil, onların arasından sosial adaptasiyaya ehtiyacı olan şəxslərə tətbiq edilir. Təsadüfi deyil ki, Qanunun 4-cü maddəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının ünvanlılıq prinsipinə əsaslandığı qeyd olunmuşdur. Məlumdur ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsində də qeyd olunduğu kimi, normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. Normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. xx.xx.2007-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin V sessiyası iclasında baş tutmuş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanun layihəsinin birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın 48 nömrəli iclas protokolundan da məlum olur ki, sözügedən layihə məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə imkan vermək məqsədilə hazırlanmışdır. “Azərbaycan Respublikası Milli X2 təsdiq edilməsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır. Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin Sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. Sözügedən Qanun layihəsinin üçüncü oxunuşu xx.xx.2007-ci ildə keçirilmişdir. Həmin iclasın 54 nömrəli protokolundan aydın olur ki, ikinci oxunuşun nəticələrinə əsasən Qanun layihəsinin 3.1-ci maddəsinə “cəza çəkməkdən azad edilmiş” sözlərindən sonra “və sosial adaptasiyaya ehtiyacı olan” sözləri əlavə edilmiş və layihə həmin redaksiyada səsə qoyularaq qəbul edilmişdir. Yəni dövlətin konkret iş üzrə sosial adaptasiya tədbirini tətbiq edə bilməsi üçün şəxsin bu tədbirə ehtiyacının olub-olmadığı və həmin ehtiyacın xarakteri müəyyən edilməlidir. Məsələn, Qanunun 11.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edımş şəxslərin peşə hazırlığı işinin təşkili o halda həyata keçirilir ki, həmin şəxsin sosial mudafiəyə xüsusi ehtiyacı olsun və işə düzəlməkdə çətinlik çəksin. Həmçinin Qanunun 12.1-cı maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin qanunvericiliklə müəyyən edilm qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları o zaman realizə oluna bilər ki, onların tibbi yardıma ehtiyacı olsun. Eyni qaydada cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi yalnız o halda mümkündür ki, həmin şəxslərin tibbi və sosial yardıma ehtiyacı olsun. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.58-ci yarımbəndinə əsasən Nazirliyin vəzifəsi öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehti acı olan əxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirməkdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı sosial yardıma ehtiyacı olan şəxs kimi qiymətləndirmək mümkün deyil. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adastasiya müddəti bir ildir. Müstəsna hallarda Nazirliyin qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 1.0.3-cü maddəsinə görə cəza əkməkdən azad edilmi şəxslərin sosial adaptasiyası sahəsində həyata keçirilən tədbirlərin məqsədi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin:
1. Sosial mühitə uyğunlaşdırılması,
2. Hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması,
3. Bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasıdır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı həmin birdəfəlik müavinəti cavabdehdən tələb edərkən artıq yeni bir cinayət əməlini (3-cü dəfə) törətmiş və birdəfəlik müavinət barədə ərizəni cəzaçəkmə müəssisəsindən yazmışdır. İddiaçı tərəfindən tələb edilən müavinət məbləği ilə törədilə biləcək yeni cinayətlərin və iddiaçıya təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasına yönəlmişdir və bu səbəbdən qanuni məqsəd daşıyır. İddiaçı isə artıq yeni bir cinayət əməlini törətməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Belə olan halda, iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qiymətləndirmək mümkün hesab eidlmir. Mövcud icraat materiallarına əsasən iddiaçıya münasibətdə qanunvericiliklə tələb olunan tibbi və sosial yardıma ehtiyac ilə bağlı şərtlər mövcud deyil. Qeyd olunan hallar iddiaçıya birdəfəlik müavinətin təyinatına imkan verməmişdir. Müvafiq norm anın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçibseçmədiyi müəyyən olunmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya müavinətin təyinatından imtina etməkdə haqlıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov