Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8489/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “yaralanma faktının təsdiq edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 10 may 1991-ci ildən 1992-ci ilin avqust ayına kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni düşmənlərinə qarşı müharibədə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, 1992-ci ilin avqust ayında həmin döyüşlər zamanı ağır yaralanmağı faktının təsdiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR, Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mənfur erməni quldurlarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 10 may 1991-ci ildə könüllü olaraq Azərbaycan Respublikasında döyüşən Əfqan batalyonuna qoşularaq döyüşmüşdür. Həmin ərəfələrdə iddiaçı könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əlil olmuşdur. İddiaçı vətən qarşısında borcunu yerinə yetirmək üçün əlinə silah götürüb, müharibədə iştirak etsə də bu gün həmin döyüşlərdə iştirakının təsdiq olunması zərurəti yaransa da müharibə zamanı döyüşlərdə yaralanmağı kimi danılmaz faktlar olsa da Azərbaycan Respublikasının müxtəlif aidiyyəti qurumlarına (Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və sairə) müraciətlər etsə də bu faktların təsdiqi ilə bağlı ümumiyyətlə cavab ala bilmir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdikdə onlar döyüş bölgələrinə gedən könüllü döyüşçülərin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməli olduğu bilmirmişlər. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, eyni ilə müraciətinə imtina aldıqdan sonra, Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib ağır yaralanmağı faktının təsdiq edilməsi ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. İddiaçı ən azından vətən qarşısında borcunu yerinə yetirərkən ölümü belə gözünün qarşısına alsa da bu gün həmin müharibədə iştirakını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib ağır yaralanmağını təsdiq edə bilməməyi ona müharibə iştirakçısı kimi böyük sarsıntı yaşadır. İddiaçının həmin ərəfələrdə həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etməyini və gedən döyüşlər zamanı ağır yaralanmağını şahid qismində həmin zamanlar müharibədə iştirak etmiş hazırda həyatda sağ qalmış bir çox döyüş yoldaşları və onunla birgə döyüşlərdə iştirak etmiş həqiqi vətənpərvər müharibə veteranları da gəlib məhkəmə iclası zamanı təsdiq edə bilərlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının 10 may 1991-ci ildən başlayaraq 1992-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına və işğalçılarına qarşı gedən döyüşlərdə könüllü olaraq Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə imtina xarakterli cavablar ilə bərabər, həmçinin Qarabağ uğrunda döyüşlərdə iştirak edib, sonradan ağır yaralanmağı barədə məlumatların aşkar olunmaması kimi cavab yazması bəhanədən başqa bir şey deyil. İddiaçının 10 may 1991-ci ildən başlayaraq 1992-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı Əfqan Batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, yaralandığını çoxsaylı müharibə iştirakçıları öz ifadələri ilə təsdiq edəcəklər. Həmçinin müharibə zamanı ağır yaralandığı bədənində olan qəlpə yaraları və həkim epikrizləri ilə də bir daha sübut olunur. Bu barədə sübut olaraq müharibədə yaralanmağını və bədən üzvlərində qəlpələrin bu günədək bədən nahiyyələrində yadigar qaldığını təsdiq edən AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» Publik Hüquqi şəxs 25 nömrəli Şəhər Poliklinikasından verilmiş epikrizlər də mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin: -2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati məhkəmə icraatında qaldırılan iddialar öz növünə görə İPM-nin 2.2-ci maddəsində sadalanan iddia növlərindən birinə uyğun olmalıdır. Hazırkı iddia üzrə cavabdeh inzibati orqan olsa da irəli sürülən yaralanma faktının təsdiq edilməsi tələbi öz hüquqi təbiətinə görə inzibati məhkəmə icraatında müstəqil iddia növü olaraq çıxış etmir. İnzibati məhkəmə icraatında iddiaçının qeyd etdiyi “faktın təsdiq edilməsi”nə uyğun gələn iddia növü yoxdur. Belə olan halda hesab edilir ki, iddiaçının tələb etdiyi qaydada - hüquqi faktın təsdiq edilməsi tələbinin inzibati məhkəmə icraatında hüquqi müdafiə imkanı təmin edilmir. Bu əsasdan məhkəmə iddianın mümkün olmaması nəticəsinə gəlir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “yaralanma faktının təsdiq edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8489/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8489/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver