Məhkəmə qərarları › İş №2-1(112)-8489/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8489/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8489/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bağ evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman bağ evinin yaşayışa yararsız olduğu müəyyən edilmişdir. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Bundan başqa, göstərilən bağ evi və yerləşdiyi torpaq sahəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Xaşa-Xuna qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan, 179 nömrəli torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Xaşa-Xuna qəsəbəsində yerləşən sahəsi 480 kv.metr olan 179 nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsində yerləşən, sahəsi 1200 kv.m. olan, 179 saylı bağ sahəsi verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2011-ci il tarixli 04/32153 nömrəli məktubla bildirilmişdir ki, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi bildirilmişdir. Təkrar olaraq o, yenidən cavabdehə müraciət edilmişdir, müraciətinə xx.xx.2024-cü il tarixində cavab verilmişdir, bu dəfə uyğunsuzluq və yüksək gərginlik məsələsinə toxunulmuşdur. Cavabdeh 3-cü dəfə müraciət etmiş, ancaq həmin müraciətə rəsmi cavab verilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istnad etmiş və əlavə olaraq qeyd etmişdir ki, ümumi ərazidə hasarlanma sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Bundan başqa, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsi (720 kv.m) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin “179a” saylı bağ sahəsi ilə ümumi hasar daxilində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - X1 və istismarı Birliyinin Xaşa-Xuna ərazisindəki 179 nömrəli bağın istifadəyə verilməsi haqqında 16135 saylı, xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, X1 və istismarı Birliyi Əzizbəyov rayonu, Xaşa-Xuna ərazisində 0.25 ha torpaq sahəsi olan 179 nömrəli bağ sahəsini yaşayış sahəsi 16.32 kv.m olanevlə birlikdə X2 istifadəsinə vermişdir. İddiaçının xx.xx.2004-cü il tarixli ərizəsindən görünür ki, Xaşa-Xuna sahəsində 16135 nömrəli müqavilə üzrə 179 nömrəli bağın icarədarı X2 özünün və ailə üzvlərinin razılığı ilə ev ilə birlikdə 0,12 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. - “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X1 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 86 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.155. Xaşa-Xunadakı 179 saylı bağ – İddiaçı. - “X1 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 138 nömrəli sərəncamından çıxarışdan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X1 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 86 nömrəli protokolu təsdiq edilmişdir. - X1 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış 16135 saylı, xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 138 nömrəli Sərəncamı əsasında Əzizbəyov rayonu, Xaşa-Xuna ərazisində 0.12 ha torpaq sahəsi olan 179 nömrəli bağ yaşayış sahəsi 16.32 kv.m olan evlə birlikdə İddiaçı istifadəsinə verilmişdir. - xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, İddiaçı Xaşa-Xuna sahəsində yerləşən 179 nömrəli bağ sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki olaraq 1200.0 kv.m şərti, ümumi sahəsi 2775.0 kv.m müəyyən olunmuşdur. A-1 mərtəbəli evin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 1 yaşayış otağı – 16.32 kv.m, faktiki olaraq isə yararsızdır. Göstərilən baş sahəsi 179 a saylı bağ sahəsi ilə bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. Qeyd: Ümumi sahədən şərti olaraq 179 saylı bağ sahəsi kimi göstərilən 1200.0 kv.m sahədə icarə müqavilədində və arxiv cizgisində göstərilən sahəyə uyğun 1 otaqdan ibarət 1 mərtəbəli tikili (ev) istifadəyə yararsız vəziyyətdədir. Bağ sahəsinin üstündən 110000 vt,, 8.0 m aralı məsafədən isə yoldan 6000 vt y/elektrik xətti keçir. Ümumi sahənin və ümumi sahədən şərti olaraq 179 saylı bağ sahəsi kimi göstərilən 1200.0 kv.m sahənin və elektrik xəttinin mühafizə xətti çıxıldıqdan sonra 480.0 kv.m qalır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, istifadəsində olan və elektrik xəttinin mühafizə xətti çıxıldıqdan sonra qalan 480 kv.metr sahəsi olan 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ayrılması barədə sərəncamı və icarə müqaviləsini təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 179 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Bakı şəhər icra Hakimiyyəti tərəfindən iddiaçıya bağ sahəsinin ayrılması barədə protokol və sərəncamdan çıxarışı, cavabdeh isə icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 1-ci hissəsində qeyd olunmuşdur ki, icarəyə, bağ-tikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X1 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə tədqim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokolda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırkı Əsasnamə ilə həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya idarəyə, ya da bağtikinti koorperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Qeyd edilən Əsasnamənin 4-cü hissəsinə əsasən rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində bağ sahəsi götürüb abadlaşdıran vətəndaşların sənədlərinə Bakı şəhər İcra Hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq sərəncam qəbul edilir. Sərəncama əsasən ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda həmin bağ sahəsi (yaxud artıq olduqda 0, 12 hektarlıq hissəsi) aidiyyəti vətəndaşın adına təhkim edilir. Bunun üçün Bağlar Təsərrüfat birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: - Bağ sahəsini abadlaşdıran vətəndaşın ərizəsi; - Yaşayış yerindən 2№-li forma arayışı; - İş yerindən arayış, - Üç bağ qonşusunun təsdiq olunmuş qaydada ərizəsi; - Bağlar təsərrüfatı birliyinin mühəndisləri tərəfindən tərtib edilmiş yoxlama aktı; - Bağ sahəsinin planı Göründüyü kimi, 1997-ci ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən bağ sahəsinin rəsmi sənədi olmadan 10 ildən artıq müddət ərzində istifadə edən şəxsin ərizəsi və bağ qonşularının ərizəsi əsasında həmin şəxsin adına rəsmiləşdirilməsi mümkün olmuş və bu rəsmiləşmənin sərəncam vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, 179 saylı bağ sahəsi iddiaçının və bağın əvvəlki sahibinin ərizəsi və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçının adına rəsmiləşdirilmişdir və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:

1. ümumi ərazidə hasarlanma sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluğa;

2. bağ evi və yerləşdiyi torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında olmasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda özü göstərmişdir ki, torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq digər bağ sahəsi ilə bir hasar daxilində olmaqla 2775.0 kv.m təşkil edir. Sahə üzərində yaşayışa yararsız tikili və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmamışdır. Bu səbəbdən torpaq sahəsinin yerləşməsində uyğunsuzluq mövcuddur. Bundan başqa, göstərilən tikili və yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Sözügedən ərazi 178 saylı bağ sahəsinin indeksləri və 179 saylı bağ sahələrinin əraziləri olsa da, dəqiq döngə nöqtələrini təyin etmək mümkün olmadı. Göündüyü kimi, cavabdeh həm torpaq sahəsinin yerləşməsində uyğunsuzluq olduğunu, həm də sözügedən ərazinin 179 saylı bağ sahələrinin ərazisi olduğunu bldirmişdir. Məhkəmə hesab edir ki, mübahisəli ərazidə hasarlanma işlərinin sxematik xəritə və arxiv cizgisinə uyğun aparılmaması iddiaçının məsuliyyətində deyil və nə qədər ki, cavabdeh özü də həmin ərazinin 179 saylı bağların ərazisinə uyğun gəldiyini bildirir, deməli, bu əsasla iddiaçının mülkiyyət hüququnun qeydə alınmaması əsasız olmuşdur. Torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında olmasına gəldikdə, iddiaçı məhkəmə icraatı gedişində iddia tələbini dəqiqləşdirmiş və mühafizə zonasından kənarda yerləşən torpağa hüququnun qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində elektrik xəttinin mühafizə zonasından kənarda yerləşən 480 kv.metr sahəsi olan 179 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar