Məhkəmə qərarları › İş №2-1(112)-849/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-849/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-849/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası musiqişünas, pensiyaçı), cavabdehin nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “84,04 manat tutulmuş məbləğin geri qaytarılması, iş stajının 26 il 2 ay 11 gün və 5 il ali təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2017ci ildən yenidən hesablanması, yaranmış fərqin ödənilməsi və cavabdehin vəzifəli şəxsləri Mail Məmmədov və digərləri barədə xüsusi qərardad çıxarılması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda göstərilən faktı, yəni “İrşad” firmasının xx.xx.2018-ci il tarixə borcunun olmaması və əyani təhsil illərinin 4 il deyil, 5 il olması əsas hesab edilməklə ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********7 nömrəli və xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubları əsassız və qeyri-obyektiv olduqları üçün həmin inzibati aktların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci ildə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsində qeyd edilən məktubların ləğv olunması, əyani təhsil müddəti 5 il nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci ildə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 5 il ali məktəbdəki təhsil illərinin iş stajına əlavə olunaraq pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı tarixdən, yəni xx.xx.2017-ci ildən bu fərqin ödənilməsinin təmin edilməsi, pensiyasının 2017-ci ildə ilkin hesablanması zamanı iş stajının əsassız olaraq 24 il 11 ay götürülməsi, əmək kitabçasında göstərilən 26 il 2 ay 11 gün ilə əvəz edilərək yenidən hesablanması və pensiya hüququnun yarandığı tarixdən, yəni xx.xx.2017-ci ildən bu fərqin iddiaçıya ödənilməsinin təmin edilməsi, 2021-ci ildən aprel ayının pensiyasından əsassız olaraq tutulmuş 84,04 manat pulun geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci ildə iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 2899 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı qanunsuz olduğu üçün onun ləğv edilməsi və 84,04 manat pulun ona geri qaytarılması, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 2899 nömrəli xx.xx.2020-ci il tarixli Qərarını imzalayan Teymur Mustafayevin, Təranə Quliyevanın, Vüqar Abdullayevin və Filialın direktoru Mail Məmmədovun izahatları alınaraq işin araşdırılması üçün xüsusi qərardad çıxarıb prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, ali məktəbdəki 5 il əyani təhsil illərinin sığorta stajına əlavə olunması və pensiyasının yenidən hesablanması üçün xx.xx.2020-ci ildə 1 saylı DOST Mərkəzinə ərizə ilə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, 1999-2002-ci illər üçün pensiya kapitalı nəzərə alınmadan, lakin təhsil dövrü nəzərə alınaraq pensiyası yenidən hesablandıqda əmək pensiyasının məbləği dəyişməyərək 389,03 manat məbləğində saxlanılmışdır. İddiaçı DOST Mərkəzinə təkrar müraciət edərək 4 ilin (1999-2002) nəzərə alınaraq pensiya məbləğinin dəyişilmədən 389,03 manat məbləğində saxlanıldığı halda iddiaçının 5 il təhsil almasının nəzərə alınmasını xahiş etmişdir. Bu dəfə də Mail Məmmədovun imzaladığı xx.xx.2020-ci il tarixli məktubda bir daha heç bir əsas göstərilmədən 1999-2002-ci illər üzrə “İrşad” firması tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin illərin sığorta stajına əlavə olunmasının mümkün hesab olunmadığı, yəni borcun olması göstərilmişdir. İddiaçı xx.xx.2020-ci ildə qeyd edilən məsələlərin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə yazılı müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmişdir. Bundan əlavə onun pensiyasından 84,04 manatın tutulması 2021-ci ilin may ayında icra olunmuşdur. Cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda 2899 nömrəli xx.xx.2020-ci il tarixli qərar barədə heç bir söz deyilməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, 1999-2002ci illər üzrə pensiya kapitalı nəzərə alınmadan, lakin təhsil dövrünü nəzərə alaraq pensiyası yenidən hesablandıqda əmək pensiyasının məbləği dəyişməyərək 389,03 manat məbləğində saxlanılır. Lakin, xx.xx.2020-ci il tarixli Qərarın 11-ci bəndində yenidən hesablanmış pensiyanın məbləği 386,47 manat müəyyən edilmiş, bu da xx.xx.2020-ci il tarixli məktubda göstərilən yenidən hesablanmış pensiyanın 389,03 manat məbləğindən fərqlidir. Nəzərə alınsa ki, 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün iddiaçıya pensiya 389,03 manat məbləğində ödənilmişdir o zaman 2899 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın geri tarixlə meydana gəldiyi və saxta olması sübuta yetirilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik huquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması zamanı 2006-cı ilin 1 yanvar tarixinədək 24 il 11 ay 20 gün iş stajı və fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən sonra toplanmış 26603,21 manat pensiya kapitalı nəzərə alınmışdır. Eyni zamanda İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı dövrün iş stajına daxil edilməsi məlum olmuşdur. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək “İrşad” firmasında işlədiyi dövrdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilərək onun pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Filialın xx.xx.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən iddiaçının əmək pensiyasının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən artıq ödənilmiş 84,04 manat əmək pensiyasından tutulmuşdur. İddiaçının pensiya hüququ yaranan tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24103,79 manat pensiya kapitalına əsasən pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən 598,60 manat müəyyən edilmişdir. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik aylıq tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2021ci il tarixdən 666,84 manata çatdırılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Nümayəndə iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı, qismən əsassızdır. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə iddia tələbini və iddia tələbinə etirazı təsdiq edən sübut qismində pensiya kapitalı haqqında məlumat, iddiaçının cavabdehə müraciəti, cavabdehin imtina məktubları, iddiaçının ali təhsil haqqında diplomu, DSMF-nin Bakı şəhəri üzrə X1 İdarəsinin məktubu, iddiaçının əmək kitabçasının surəti, iddiaçının pensiya işində olan sənədlərin (qərarların, ərizələrin, iddiaçının hərbi biletinin surəti və digər) surətləri təqdim edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi hər kəsə şamil edilən sosial təminat hüququ insanın əsas sosial-iqtisadi hüquqlarından biridir və sosial təminatın səviyyəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddəalara əsasən hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirməklə getdikcə daha da yüksəlməsi nəzərdə tutulur. İşin faktiki hallarına əsasən isə iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş yaşa çatdığı üçün ona əmək pensiyasının məbləği cavabdeh tərəfindən müəyyən edilməklə yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan isə cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2020-ci il tarixli qərarı ilə əmək pensiyasının məbləği azaldılmışdır, həmçinin cavabdeh tərəfindən iddiaçının pensiyasından 84,04 manat məbləği tutulmuşdur ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında “ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın;n müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının qanunvericiliyində cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın məbləğinin cavabdeh inzibati orqanın özü tərəfindən azaldılması, pensiya təyin edilən zaman sığorta stajı kimi qəbul edilmiş və sənədlərlə təsdiq edilmiş iş stajlarının sonradan nəzərə alınmaması kimi norma nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Faktiki olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən daha az məbləğdə pensiya təyin edilməsi barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki vəziyyətdə iddiaçıya münasibətdə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma icra etmişdir ki, bu yuxarıda qeyd edilən normaya, habelə “İnzibati icraat haqqında” Qanunun normalarını pozmuşdir. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının mübahisələndirdiyi qərar iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasından müəyyən məbləğin, mahiyyəti üzrə cavabdehin artıq ödənilmiş hesab etdiyi məbləğin tutulması barədə qəbul edilmişdir. Cavabdehin iddiaçıya artıq pensiya ödənilməsini hesab etməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır:37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Beləliklə, yuxarıda qeyd edilən hallar baş verdikdə (məsələn əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı yeni nikah bağladıqda, əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, əlilliyi olan şəxslərin əlillik müddəti bitmiş olduqda) həmin halların baş verdiyi andan sonra ödənilmiş pensiya məblləğləri artıq ödənilmiş pensiya hesab edilirlər. Lakin iddiaçıya münasibətdə qeyd edilən halların baş verməsi –yəni cavabdeh tərəfindən iddiaçıya artıq pensiya ödəməsi halları hazırki işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən qərarı inzibati icraat haqqında hüquq normaları və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmaqla qəbul edildiyi üçün qanunsuz hesab edilməlidir, həmin qərar əsasında cavabdehdən tutulmuş 84,04 manat məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Bundan başqa işin faktiki hallarına əsasən iddiaçının əmək kitabçasına görə iddiaçının ümumi sığorta stajı xx.xx.2006-cı il tarixə 26 il 2 ay 11 gün təşkil edir, cavabdeh tərəfindən isə ona pensiya təyin edilərkən 24 il 11 ay sığorta stajı əsas götürülmüşdür, iddiaçının “İrşad” firmasında işlədiyi müddət nəzərə alınmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun “İrşad” firmasında xx.xx.1991-xx.xx.1993-cü illərdə və xx.xx.1999-xx.xx.2022-ci illərdə işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə də göstərilmişdir: Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;.. Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən “İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının “İrşad” firmasında işləməməsi, həmin müəssisədə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi barədə heş bir sübut məhkəməyə təqdim edilməmidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır, sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:..sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;.. Həmin Qanunun 2018-ci ilin noyabr ayına qədər qüvvədə olmuş 18-ci maddəsinin redaksiyasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq səlahiyyətiin olması nəzərdə tutulmuşdu. Belə olan halda iddiaçının işlədiyi “İrşad” firması tərəfindən məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təmin etmək iddiaçının deyil,məhz cavabdehin vəzifəsi və səlahiyyəti olduğuna görə həmin müəssisə tərəfindən məcburi dövlət sosial sığortalarını ödəmədiyi halda bunun məsuliyyəti cavabdehin üzərinə düşür və heç bir halda iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 16 may 2000-ci il tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən kolxozların, sovxozların, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələrinin və kənd təsərrüfatı məhsullarının istehsalı ilə, o cümlədən quşçuluqla məşğul olan digər hüquqi və fiziki şəxslərin (emal müəssisələrindən başqa) 2000-ci il 1 yanvar tarixə ödənilməmiş məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcları və bu borclara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir, 3-cü maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən təşkilatların və müəssisələrin 2000-ci il 1 yanvar tarixə məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcları və bu borclara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir, 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir. Habelə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli Qanunuun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə hesab edir ki, qeyd edilən qanunların tələbləri nəzərə alınmaqla qanunvericiliklə qeyd edilən borclar ləğv edildiyi halda iddiaçının 2002-ci ilə qədər olan dövrdə işlədiyi müəssisənin sosial sığorta haqlarını ödəyib-ödəməməsi artıq iddiaçıya pensiya təyin edilərək hesablanması üçün əhəmiyyət kəsb etmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; İşin faktiki hallarına əsasən iddiaçı 5 il müddətində 1973-1978-ci illərdə) Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almışdır. “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Odur ki, iddiaçıya pensiya təyin edilən zaman iddiaçının ali təhsil müəssisəsində təhsil aldğı müddət də qanunvericiliyin tələbinə əsasən sığorta stajı kimi nəzərə alınmalı olduğu halda cavabdeh tərəfindən nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Belə olan halda iddiaçı ilk dəfə iddia ərizəsində göstərilən tələblə cavabdehə xx.xx.2020-ci ildə müraciət etdiyinə görə onun ali təhsil aldığı 5 il müddəti və 26 il 2 ay 11 gün sığorta stajı müddəti nəzərə alınmaqla pensiyasının xx.xx.2017-ci ildən yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı hazırki mübahisə ilə bağlı cavabdehə xx.xx.2017-ci ildən əvvəl müraciət etmədiyinə görə onun iddiası 26 il 2 ay 11 gün iş stajı və 5 il ali təhsil müddəti nəzərə alınmaqla iddiaçının əmək pensiyasının xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, 2899 nömrəli qərarı ləğv edilməli, həmin qərar əsas götürülməklə iddiaçıdan tutulmuş 84,04 manat məbləğinin iddiaçıya qaytarılması, 26 il 2 ay 11 gün iş stajı və 5 il ali təhsil müddəti nəzərə alınmaqla iddiaçının əmək pensiyasının xx.xx.2017-ci ildən yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi 26 il 2 ay 11 gün iş stajı və 5 il ali təhsil müddəti nəzərə alınmaqla iddiaçının əmək pensiyasının xx.xx.2017ci ildən xx.xx.2017-ci ilədək yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının iddiası hazırki iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadla cavabdehin vəzifəli şəxsləri Teymur Mustafayevin, Təranə Quliyevanın, Vüqar Abdullayevin və Mail Məmmədovun izahatlarının alınaraq işin araşdırılması üçün xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi hissəsində mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflrər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli, 2899 nömrəli qərarı ləğv edilsin, həmin qərar əsas götürülməklə İddiaçı tutulmuş 84,04 manat məbləğinin İddiaçı qaytarılması, 26 il 2 ay 11 gün iş stajı və 5 il ali təhsil müddəti nəzərə alınmaqla İddiaçı əmək pensiyasının xx.xx.2017-ci ildən yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi 26 il 2 ay 11 gün iş stajı və 5 il ali təhsil müddəti nəzərə alınmaqla İddiaçı əmək pensiyasının xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində iddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar