Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-849/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Zülfinin, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər Qaradağ rayonu Qobustan Bələdiyyəsi və Qobustan Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən 250 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən 250 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 07 may 2007- ci il tarixli 109/04 saylı qərarına əsasən Qobustan qəsəbəsi, 4-cü massivində Qaradağ rayon icra hakimiyyəti aparatının memarı ilə razılaşdırılmış situasiya planı əsasında 600 kv.m torpaq sahəsi mülkiyyət hüquqi əsasında iddiaçıya verilmişdir. İddiaçı torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaqların alqı-satqısına dair akt üzrə 768 manat ödəniş etmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikməklə hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilir. Evə qanuni olaraq işıq, qaz və su çəkilmiş və fərdi yaşayış evi kimi iddiaçının istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinin onun adına Dövlət Reyestr Xidmətində qeydə alınması barədə müraciət etsə də, müraciəti əsassız olaraq müsbət həll olunmamışdır.
5. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqısatqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.
6. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. Bildiririk ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Qobustan əməliyyat şirkəti) yerləşir. Həmçinin, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən təqdim olunan sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş və bələdiyyə qərarına istinad olunmamışdır. Eyni zamanda təqdim edilən alqı-satqı müqaviləsinin tarixi qeyd edilməmişdir. Əlavə olaraq, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 250 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********92 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
8. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 109/04 saylı “Qobustan qəsəbəsi Salyan yolu ev 5A mənzil 1-da yaşayan İddiaçı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” Qərarda qeyd olunmuşdur ki, “X2 edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 4-cü massivində Qaradağ rayon İcra hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 m2 torpaq sahəsi mülkiyyət hüququ əsasında Qobustan qəsəbəsi, Salyan yolu, ev 5A, mənzil 10-da yaşayan İddiaçı adına sənədləşdirilmişdir.
9. “Bələdiyyə torpaqlarının verilməsi haqqında” 07 may 2007-ci il tarixli, 109/04 nömrəli alqısatqı müqavilədə qeyd olunmuşdur ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Qobustan bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 109/04 saylı qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Salyan yolu, 4-cü massiv ünvanda yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsi alıcı İddiaçı satılmışdır.
10. Torpaqların alqı-satqısına dair Aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Qaradağ rayonu ərazisində ünvan 2 ünvanında yaşayan İddiaçı tərəfindən Qobustan qəsəbə Bələdiyyə orqanına 01 may 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və Qobustan qəsəbə Bələdiyyə ərazisində 600 m2 torpaq sahəsinin satılması barədə 07 may 2007-ci il tarixli, 109/04 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Qaradağ rayon X4 fililanın ********** saylı hesabına əvvəlcədən 768,0 manat haqq ödənilmişdir.
11. Bakı şəhəri Qaradağ rayon Qobustan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 11051xxxxxxx nömrəli Şəhadətnaməyə əsasən yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan İddiaçı uçota alınmışdır.
12. Qobustan Bələdiyyəsinin 2007-ci il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsinin cizgisi və torpaq sahəsinə dair ortofoto çıxarışı iş materiallarına əlavə olunmuşdur.
13. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd olunmuşdur ki, inzibati iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 3-cü şəxs qismində cəlb edilməsi zərurəti yaranmışdır. Elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan əməliyyat şirkəti) istifadəsinə verilmiş ərazilərə aiddir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilmişdir.
14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Qaradağ rayonu Qobustan Bələdiyyəsi və Qobustan Əməliyyat Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.
15. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki hasardaxili 0,02507 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi (1 mərtəbəli+yarım/zirzəmili) mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (“Qobustan Əməliyyat” şirkətinin ərazisidir). Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Göstərilən sahə 223 saylı məktəblə həmsərhəddir. Torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən ətraflı qeyd aparmaq mümkün olmamışdır.
16. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsi hasar daxilindədir, 2 tərəf qonşu, 1 tərəf yol, 1 tərəf orta məktəbin ərazisidir.
17. Üçüncü şəxs Qaradağ rayonu Qobustan Bələdiyyəsinin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə, yəni İddiaçı ilə “Bələdiyyə torpaqlarının verilməsi haqqında” 07 may 2007-ci il tarixli, 109/04 nömrəli alqısatqı müqaviləsi bağlanarkən Qaradağ rayon Qobustan Bələdiyyəsinin sədr müavini vəzifəsində işləmişdir və torpaqların alqı-satqı müqaviləsini sədr müavini olaraq o imzalamışdır. Həmin dövrdə İddiaçı ilə yanaşı digər fiziki şəxslərə də bələdiyyə torpaqlarının verilməsi ilə müqavilələr bağlanmışdır.
18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
24. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.
25. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - İddiaçı ayrılmış torpaq sahəsinin mövqeyi müvafiq ərazinin xəritəsindən çıxarışda təsdiqlənmişdir (Qaradağ rayon Qobustan Bələdiyyəsi tərəfindən tərtib olunmuş vətəndaş İddiaçı ayrılmış olan torpaq sahəsinin cizgisi məhkəmə iclasında tədqiq edilmişdir); - 07 may 2007-ci il tarixli, 109/04 saylı “Qobustan qəsəbəsi Salyan yolu ev 5A mənzil 1-da yaşayan İddiaçı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında” qərar və “Bələdiyyə torpaqlarının verilməsi haqqında” alqı-satqı müqaviləsi əsasında 600 m2 torpaq sahəsinin Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqısatqısına dair akt bağlanmış və torpaq sahəsinin müəyyən edilmiş dəyəri əvvəlcədən ödənilmişdir (sərəncamın, aktın və qəbzin əsli məhkəmə iclasında tədqiq edilmiş və surətləri iş materiallarına əlavə edilmişdir);
26. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “X2 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir...
27. Cavabdeh imtinanın dəlili olaraq qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Qobustan əməliyyat şirkəti) yerləşir.
28. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisi (“Qobustan Əməliyyat” şirkətinin ərazisidir) olduğunu bildirsə də, eyni zamanda məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda həmin sahənin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu faktını təsdiqləmişdir.
29. Məhkəmə eyni zamanda nəzərə alır ki, mübahisələndirilən torpaq sahəsinə dair Qobustan Bələdiyyəsi tərəfindən 2007-ci il tarixdə tərtib edilmiş cizgi və torpaq sahəsinin hazırki vəziyyətinə uyğun ortofoto çıxarışı tam uyğunluq təşkil etməklə hər hansı ziddiyyət aşkar edilməmişdir və torpaq sahəsinə dair hər iki sənəddə mübahisələndirilən torpaq sahəsinin həmin ərazidəki 223 saylı məktəblə həmsərhəd olduğu aydın görünür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında da mübahisələndirilən torpaq sahəsinin 2 tərəf qonşu, 1 tərəf yol, 1 tərəf orta məktəbin ərazisidir. Odur ki, məhkəmə hesab edir ki, məktəbin və digər yaşayış sahələrinin yerləşdiyi bir ərazinin sənaye təyinatlı torpaq sahəsi olması ağlabatan deyil.
30. Torpaq Məcəlləsindən: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
31. Məhkəmə nəzərə alır ki, iş materiallarında qeyd edilən ərazidəki (yaşayış məntəqələri) torpaq sahələrinin təyinatının sənaye təyinatına keçirilməsinə dair hər hansı məlumat yoxdur və torpaq sahəsinin “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olması işin mübahisəsiz halıdır.
32. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
33. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. X7 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
36. X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
38. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki sahibliyində və istifadəsində olan 250 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
39. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Qaradağ rayon Qobustan Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 250 kv.m. torpaq sahəsi Qaradağ rayon Qobustan Bələdiyyəsi ərazisində yerləşməklə yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və hazırda iddiaçının qanuni sahibliyindədir.
40. Qaradağ rayon Qobustan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 109/04 saylı “Qobustan qəsəbəsi Salyan yolu ev 5A mənzil 1-da yaşayan İddiaçı torpaq sahəsinin mülkiyytə verilməsi haqqında” Qərarın əsli məhkəmə iclasında tədqiq edilmiş və surəti iş materiallarına əlavə edilmişdir. Eyni zamanda Qaradağ rayon Qobustan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə (iddiaçıya münasibətdə bələdiyyə qərarı qəbul edilərkən) sədr müavini olmuş X3 məhkəmə iclasında iştirak edərək qərarın mötəbərliliyini təsdiq etmiş, bələdiyyənin nümayəndəsi olaraq torpaqların alqı-satqısına dair aktı şəxsən imzaladığını bildirmişdir.
41. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
42. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
43. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
44. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının digər dəlili olaraq yerləşmə sxemində dəqiq istinadların qeyd olunmamasının bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən işlər inzibati orqan tərəfindən bilavasitə torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparılması işləri çərçivəsində aparılaraq müəyyən edilməlidir.
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsinin 07 may 2007-ci il tarixli 109/04 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri Qobustan qəsəbəsində yerləşən 250 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva