Məhkəmə qərarları › İş №2-1(112)-8490/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8490/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8490/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Xətai rayon İcra Hakimiyyətinə qarşı “pozulmuş hüquqların bərpası və mənzillə təmin olunma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək adları qeyd olunan qurumların birinin, yəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və ya Xətai Rayon icra Hakimiyyəti tərəfindən mənim dövlət hesabına mənzillə təmin edilməsi ilə təmin olunmağım haqqında pozulmuş hüququmun bərpasına və mənzillə təmin edilməyimə və ya mənzillə təmin edilə bilmədiyim halda şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata əsasən mənzilin dəyərinin pul vahidi ilə kompensasiya edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan polkovnikdir. 1991-ci ildən 1992-ci ilədək SSRİ-də, 1992-ci il tarixdən 1997-ci il tarixədək AR Müdafiə Nazirliyində, 1997-ci il tarixdən 2018-ci il tarixədək AR Dövlət Sərhəd Xidmətində xidmət edib. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 29 may 2018-ci il tarixli 1220 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında AR-nın Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə)” Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 1022 ş/h li əmri ilə Silahlı Qüvvələrin veteranı kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. Xidmətdə əldə etdiyi bu və digər nailiyyətlərini və fəaliyyətini nəzərə alaraq DSX rəisinin xx.xx.2004-cü il tarixli 1259 saylı əmri ilə “AR Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, xx.xx.2007-ci il tarixli 0116 saylı əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, xx.xx.2008-ci il tarixli 0129 saylı əmri ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, xx.xx.2009-cu il tarixli 0129 saylı əmri ilə “AR Sərhəd Mühafizəsinin 90 illiyi” yubiley medalı, xx.xx.2011-ci il tarixli 136 saylı əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, xx.xx.2013-cü il tarixli 0177 saylı əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, xx.xx.2013-cü il tarixli 0298 saylı əmri ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, xx.xx.2014-cü il tarixli 0300 saylı əmri ilə “AR Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, xx.xx.2016-cı il tarixli 0238 saylı əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, xx.xx.2017-ci il tarixli 0407 saylı əmri ilə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin veteranı medalı ilə və həmçinin dəfələrlə fəxri fərmanlarla təltif olunub. Ehtiyata və ya istefaya buraxılmış, təqaüddə olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikasının Konstitutsiyasının 43-cü maddəsinin 2-ci bəndinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin 5-ci abzasına və 2-ci, 3-cü, 5-ci, 6-cı bəndlərinə, həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 4-cü, 6-cı, 8-ci abzaslarına, eləcədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən tənzimlənir. Göründüyü kimi fərman və qanunlar ehtiyata və ya istefaya buraxılmış, mənzillə təmin olunmayan hərbi qulluqçunun, yəni onun lehinədir. Lakin o və ailə üzvlərinin sosial-məişət təminatı yuxarıda göstərilən qanunlarla qorunmur və qanunun tələbləri ciddi şəkildə pozulur. Məsələnin həll olunması üçün fərdi (və ya kollektiv) şəkildə bütün strukturlara, Nazirliklərə müraciət edib. Belə ki, Azərbaycan Respublikasının Prezidentinə 5, Azərbaycan Respublikasının 1-ci vitse Prezidentinə 4, Azərbaycan Respublikası Prezidentinin Hərbi Məsələlər üzrə köməkçisinə 3, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən yaradılmış Komissiyaya - Maliyyə Nazirliyinə 3 dəfə müraciət edib. Bütün qurumlara ünvanlanan məktublar baxılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə göndərilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti isə cavabda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12- ci maddəsinin 2-ci hissəsini əsas gətirərək Silahlı Qüvvələrin ehtiyatında olan zabitlərin mənzillə təminatının Dövlət Sərhəd Xidmətinin səlahiyyətləri çərçivəsində olmaması, mənzillə təmin edilməsi üçün yaşayış yeri üzrə qeydiyyata əsasən Rayon İcra Hakimiyyətinə və ya fərdi yaşayış evinin tikintisi üçün yerli Bələdiyyə nümayəndələrinə müraciət edilməsini, mənzil və ya torpaq sahəsi alınanadək Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğ və qaydaya əsasən kirayə haqqının dövlət hesabına ödənilməsini göstərir. Qeydiyyat üzrə rayon İcra Hakimiyyəti rayonda mənzil tikilməsi üçün dövlət tərəfindən vəsaitin ayrılmamasını, mənzil fondunun olmamasını, həmçinin şəxsi vəsaitinin hesabına məcbur qalaraq ipoteka ilə aldığı mənzilin olmasını bildirərək, dövlət hesabına yaşayış sahəsi ilə təmin olunmağının təmin edilməyəcəyini qeyd edir. Maliyə Nazirliyi cavab məktublarında Dövlət Sərhəd Xidmətinin 2002-ci ildən ayrıca qurum kimi fəaliyyətə başlamasını əsas gətirərək onun Silahlı Qüvvələrə daxil olmamasını, Azərbaycan Respublikası Prezidentinin 2002-ci ilin 31 iyul tarixli 740 nömrəli Fərmanına əsasən yaradıldığı üçün həmin xidmətin hərbi qulluqçularının 2002-ci ilin 31 iyul tarixədək olan xidmət illərinin sözügedən Fərmanın əhatə dairəsinə daxil olmadığını, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına, 21 noyabr 2021-ci il AR Prezidentinin Fərmanı ilə sözügedən Fərmanda “AZƏRBAYCAN SİLAHLİ QÜVVƏLƏRİ” sözünün “AZƏRBAYCAN ORDUSU” sözü ilə əvəz edilməsi barədə yeni Fərmanına əsasən DSX-dən ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara aid olmadığı üçün dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməyəcəklərini bildirmişdir. Həmçinin İ, İİ, İİİ dərəcəli qüsursuz medalların üçünün də olmasına baxmayaraq, müxtəlif bəhanələr gətirməklə mənzillə təmin edilməkdən imtina edili. Beləliklə də o, yuxarıda qeyd edilən qanunlar və fərmanın tələblərindən yararlanmır, dövlətin dəstək, qayğı, hörmət və ehtiramından kənarda qalaraq, sosial problemlərlə üzləşir. Belə olan halda mənzillə təmin olunması məqsədilə kimə müraciət etməli olduğunu bilmir.

3. Ehtiyatda olan zabit kimi 4 nəfər ailə tərkibində (özü, h/yoldaşı, 2 övladı) yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağı barədə müraciətinə cavab olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi müvafiq arayışa əsasən, onun ünvan 1 ünvanında 2 otaqlı yaşayış sahəsi 47.4 kv.m, olan ipotekada mənzili vardır. Odur ki, qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən sizin xahişinizi yerinə yetirmək imkan xaricindədir.

4. Mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmağınıza müvafiq köməklik göstərilməsi barədə müraciətinə cavab olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “X1” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə 29 dekabr 2000-ci il tarixli Qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli İcra Hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir, bu sahələr üzrə verilən sərəncamlar isə qeyri-qanuni hesab edilir. Eyni zamanda bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamımızda boş mənzil fondu olmadığından, onun mənzil məsələnizin həllinə köməklik göstərilməsi barəsindəki xahişinizi yerinə yetirmək imkan xaricindədir.

5. İddiaçının müraciətinə cavab olaraq Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Xətai rayon Xətai bələdiyyəsinə ehtiyat torpaq fondu ayrılmamış, bələdiyyə torpaqlarına dair xəritə verilməmişdir.

6. İddiaçının növbəti müraciətinə cavab olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Sadıqcan küçəsində yerləşən 101 saylı evin yaşayış sahəsi 41,4 kv.m olan 2 otaqlı 101 saylı mənzili ipoteka yolu ilə almısınız və hal-hazırda göstərilən mənzildə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşayır. Müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsinə bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 saylı qərarının 1-ci hissəsinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) və xüsusi təyinatlı təhsil müssisələrinin ailəvi kursantlarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən məbləğlərdə kompensasiya ödənilir. Yuxarıda qeyd edilənləri və Hərbi Qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsini nəzərə alaraq o, əlavə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyinə görə xahişinin təmin edilməsi mümkün deyildir.

7. Azərbaycan Respublikasının Prezidentinə, habelə müvafiq dövlət orqanlarına ünvanlanmış və 2020-ci il 22 iyun tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən baxılması üçün Nazirliyə göndərilmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən mənzillə təmin edilmə barədə iddiaçı da daxil olmaqla kollektiv müraciətə cavab olaraq Maliyyə Nazirliyi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli 740 nömrəli Fərmanına əsasən yaradılmış və həmin Xidmətin hərbi qulluqçularının xidmət illəri isə sözügedən Fərmanın əhatə dairəsinə daxil deyildir.

8. Cavabdehlərdən Dövlət Sərhəd Xidməti tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Hərbi quluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinin (“Hərbi qulluqçuların mənzillə və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması hüququ”) 2-ci bəndinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli, 569 №-li Fərmanına əsasən, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qeyd olunmuşdur. Yuxarıda adıçəkilən Fərmana dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli, 1476 №-li Fərmanına əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri” sözləri “Azərbaycan Ordusu” sözləri ilə əvəz olunmuşdur. Eyni zamanda Maliyyə Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 11/05-110-330 №-li cavab məktubunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 740 №-li Fərmanına əsasən yaradıldığını və həmin Xidmətin hərbi qulluqçularının xidmət illərinin sözügedən Fərmanın əhatə dairəsinə daxil olmağını qeyd etmişdir. Digər tərəfdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş üzrə iddia cavabdehlər qismində iddiaya cavab verməli olmayan şəxsə, yəni Dövlət Sərhəd Xidmətinə qarşı verilmişdir. Hesab edilir ki, iddianın iddiaya cavab verməli olmayan Dövlət Sərhəd Xidmətinə verilməsi hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur və buna görə görə Dövlət Sərhəd Xidməti yuxarıda qeyd olunan əsaslı faktlar nəzərə alınaraq, cavabdehlər siyahısından çıxarılmalıdır.

9. İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsinə dair ayrıca iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə (iş № 2-1(112)-3241/2022) müraciət etmiş və məhkəmənin həmin iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə (iş nömrə 2-1(103)-2060/2022) təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin həmin iş üzrə qərarı dəyişdirilmədən saxlanmışdır.

10. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi təklif edilmiş, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməməsinin onun mümkünsüzlüyünə səbəb olması izah edilmişdir.

11. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin dəqiqləşdirilməsinə dair məhkəmənin hüquqi yardımına münasibətdə isə bildirmişdir ki, pozulmuş hüquqlarının bərpa olunması üçün iddiaya cavab verməli olan şəxs müvafiq dəqiqləşdirmə aparılmadan məhkəmə tərəfindən müəyyən edilməlidir.

12. İddianın və cavabdehin dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iddiaçıya ağlabatan vaxt verilmiş, növbəti iclasda iddiaçı məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

14. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

16. İddia tələbi aydın deyil.

17. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə cavabdeh qismində göstərilən şəxslər mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik deyil, eləcə də hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir və məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı hər bir cavabdehə qarşı olan konkret tələbini ayrılıqda ifadə etməmiş, iddia tələbini dəqiqləşdirməmişdir.

19. Hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, o, bir tərəfdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından (prosessual müddətlər imkan verdiyi halda) şikayət verilməsinə dair hüquqi müdafiə vasitələrini tükəndirməmiş (qeyd edilməlidir ki, hazırkı iş üzrə tələbin bir hissəsi həmin iş üzrə eynilik təşkil edir), digər tərəfdən pozulmuş hüquqlarını əsaslandıran hallara istinad etməklə tələbini konkret cavabdehə və ya prosessual həmiştirakçılıq yol verildiyi halda birgə cavabdehlərə qarşı yönəltməklə (qeyd edilən halda hər bir cavabdehə qarşı olan tələbini ayrılıqda göstərməklə) ayrıca iddia qaldıra bilər.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar