Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8490/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbinə dair iş üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 05 noyabr 2024-cii il tarixində cavabdehə müvafiq sənədlərlə birlikdə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.3-cü maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə imtina cavabı verilib. İmtina səbəbi kimi Rusiya Federasiyasının “Sibir” Aviaşirkətində xx.xx.2018-xx.xx.2021 dövr ərzində işlədiyi müddətdə qazanılmış sığorta kapitalının Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi olmadığı, həmçinin bunun mümkün olmadığı, ümumiyyətlə həmin dövrdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna hər hansı sosial sığorta haqlarının köçürülməsi olmadığı göstərilmişdir. Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.3-cü maddəyə əsasən pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına Rusiya Federasiyasının “Sibir” Aviaşirkətində xx.xx.2018-xx.xx.2021 dövr ərzində işlədiyim müddəti daxii etməkdən imtina etmişdir. Nəticədə iddiaçıya pensiya təyin edilməsi imtina edilib. Buna görə də iddiaçının pensiya təminatı hüququ pozulmuşdur.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçı müraciəti üzrə araşdırma aparılmış, inzibati icraatın nəticəsi olaraq iddiaçıya 28.11,2024-cü il tarixli 3-17-1/2-Ə-292978/2025 nömrəli məktub ünvanlanmışdır. Həmin məktubda Qanunun 9.3-cü maddəsinin 29.06 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmiş, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilən uçuş saatının tələb olunan minumum uçuş saatından (5400 saat) az təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunan səbəbdən iddiaçıya Qanunun 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona Qanunun 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.3-cü maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçıya Qanunun 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən staj həddi (25 il) tamamlanmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları’Yıın 3-cü bəndinə əsasən Qanunun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünməsi ilə (25x12x18=5400 saat) hesablanır. Həmin Qaydaların 6-cı mədəsinin 6.2-ci bəndinə əsasən uçuş heyəti işçilərinin sığorta stajına xarici mülki aviasiyanın uçuş heyəti vəzifələrində xaricdəki iş müddəti (müvafiq uçuş işləri üçün bu qərarın 3-cü bəndi ilə müəyyən edilmiş qaydada), məcburi dövlət sosial sığorta ödəmələrini köçürmək şərtilə (iş müddəti ərzində) daxil edilir. Bildiririk ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “X2 Aviaşirkəti” MMC-nin arayışlarında qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.2009-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilən uçuş saatı tələb olunan minumum uçuş saatından (5400 saat) azdır. Bundan başqa, “S7 Airlines”-in iddiaçıya dair xx.xx.2023-cü il tarixli arayışında isə xx.xx.2018- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Sibir” Aviakompaniyasında işlədiyiniz qeyd olunub. Lakin, xx.xx.2018-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr üzrə həmin müəssisə tərəfindən iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində öz əksini tapmayıb. Bu səbəbdən, 09. 04.2018- xx.xx.2021-ci il tarixləri arasındakı dövrü İddiaçı sığorta stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa, İddiaçı iddia ərizəsində "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişə istinad edərək həmin Sazişin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qanunla ləğv edilənədək qüvvədə olduğunu, bu səbəbdən xx.xx.2018-xx.xx.2021-ci il tarixlərində “S7 Airlines”-də işlədiyi dövrün Sazişə uyğun olaraq onun iş stajına əlavə edilməli olduğunu qeyd etmişdir. "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş Azərbaycan Respublikası tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli Qanunla təsdiqlənsə də, Rusiya Federasiyası tərəfindən təsdiqlənməmişdir və hüquqi qüvvəyə minməmişdir. Həmçinin, oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(1020-524/2024 nömrəli qərarında da müvafiq Sazişin qüvvəyə minməməsi və hüquqi qüvvəsinin olmadığı öz əksini tapmışdır. Belə ki, məhkəmə kollegiyası nəzərə almışdır ki, 1999- cu il noyabrın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə etdiyi qeyd edilmişdir. Əlavə olaraq, Qanunun hazırda qüvvədə olan 9.3-cü maddəsinə əsasən kişilərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi 50 yaş (Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla) müəyyən edildiyi halda xx.xx.1981 -ci il təvəllüdlü İddiaçı 50 yaşı tamam olmadığından ona Qanunun hazırda qüvvədə olan 9.3-cü maddəsi ilə də müvafiq pensiyanın təyin edilməsi mümkün deyildir. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının və işin hallarının qarşılıqlı təhlilindən bir daha aydın olur ki, iddiaçıya Qanunun 9.3-cü maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunauyğun deyil, cavabdehin imtinası əsaslı olmuşdur və iddia tələbi əsassızdır.
4. İddiaçı məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. II. İddianın geri götürülmüş sayılması
5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Məhkəmə iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçı tərəfindən geri götürüldüyü üçün vəsatətə münasibət bildirilməyi zərurəti hesab etmir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva