Məhkəmə qərarları › İş №2-1(112)-8491/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8491/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8491/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Həyat X1 üzrə polis alayında polis nəfəri vəzifəsində işləmiş, işlədiyi dövrdə alay komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə 10 gün müddətinə 1994-cü ilin aprel ayının 16dan 25-dək Ağdam döyüş bölgəsində ezam edilmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin ona bu günə qədər “müharibə veteranı adı və müvafiq vəsiqə” verilməmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə bağlı ərizə ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 024-2112-1222 nömrəli iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, İddiaçı ata adı “Ələkbər” olduğundan, şəxsi işdə və müvafiq əmrdə isə Ağdam rayonuna 10 gün müddətinə ezam olunmuş sabiq əməkdaş İddiaçı ata adı “Əkbər” kimi qeyd edildiyindən, yaranmış uyğunsuzluğa aydınlıq gətirə biləcək əsasverici sənədlərin, qeydiyyat qurumunun müvafiq arayışının və s. təqdim ediləcəyi təqdirdə qaldırılan məsələyə təkrar baxıla biləcəyi barədə müraciət müəllifi vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixli 024-31757Q-3221 nömrəli məktubla müvafiq məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair yazılı mülahizədə göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş: 5 avqust 1969-cu ildə 26 Bakı komissarları rayonu VVAQ şöbəsi tərəfindən verilmiş АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı, atası kimi X3 qeyd olunmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuşdur. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 10 iyun 1987-ci il tarixdən 14 iyun 1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Xətai rayon daxili işlər şöbəsinin nəzdində mühafizə bölməsinin gözətçi vəzifəsində işləmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Həyat X1 üzrə polis alayının kadr üzrə mülki inspektoru vəzifəsində işləmişdir (Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 04 il, 00 ay 28 gün, imtiyazlı hesablama ilə 06 il, 00 ay, 17 gün təşkil edir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Həyat X1 üzrə Polis Alayının xx.xx.2013-cü il tarixli, 250/727 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Həyat X1 üzrə Polis Alayında polis nəfəri vəzifəsində işləmiş və Alay komandirinin 16 aprel 1994-cü il tarixli 64 nömrəli əmri ilə Ağdam rayonuna ezam edilməklə 1994-cü ilin aprel ayının 16-dan 25-dək döyüş bölgəsində iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, M714 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1969-cu ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş İddiaçı məhkumluğu yoxdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 024-2112-1222 nömrəli iddia tələbinə dair yazılı mülahizəyə qoşma kimi əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Bakı su kəmərləri və obyektlərinin (hazırda X2) Mühafizəsi üzrə Polis Alayının komandirinin “Polis əməkdaşlarının Ağdam rayonuna ezam olunmaları barədə” xx.xx.1994-cü il tarixli, 62 nömrəli əmrinin surətindən görünür ki, digər polis əməkdaşları ilə yanaşı hazırki iz üzrə iddiaçı sıravi İddiaçı da (əmrdə ata adı Əkbər kimi qeyd edilmişdir) 10 gün müddətinə yəni, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixdək Ağdam rayonuna ezam olunmaları əmr edilmişdir. İddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana etdiyi müraciətinə, sonuncunun (iddiaya dair yazılı etirazda) bildirdiyinə görə, İddiaçı ata adı “Ələkbər” olduğundan, şəxsi işdə və müvafiq əmrdə isə Ağdam rayonuna 10 gün müddətinə ezam olunmuş sabiq əməkdaş İddiaçı ata adı “Əkbər” kimi qeyd edildiyindən, yaranmış uyğunsuzluğa aydınlıq gətirə biləcək əsasverici sənədlərin, qeydiyyat qurumunun müvafiq arayışının və s. təqdim ediləcəyi təqdirdə qaldırılan məsələyə təkrar baxıla biləcəyi barədə xx.xx.2021-ci il tarixli 024-31757Q-3221 nömrəli məktubla cavab verilmişdir. İddiaçının müvafiq əmrdə ata adında olan uyğunsuzluqla bağlı müvafiq araşdırma aparılmasına dair xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə olunmuş müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və iddiaçının tələbini təmin etməməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Beləliklə şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”mədə nəzərdə tutulan, iş materiallarında olan arxiv sənədlərindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin (hazırda X2) Mühafizəsi üzrə Polis Alayında polis nəfəri vəzifəsində işləmiş və Alay komandirinin 16 aprel 1994-cü il tarixli 64 nömrəli əmri ilə Ağdam rayonuna ezam edilməklə 1994-cü ilin aprel ayının 16-dan 25-dək döyüş bölgəsində iştirak etmiş şəxslərin siyahısında xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (əmrdə ata adı Əkbər yazılmışdır) adı qeyd olunmuşdur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almaqla onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Bakı su kəmərləri və obyektlərinin (hazırda X2) Mühafizəsi üzrə Polis Alayının komandirinin “Polis əməkdaşlarının Ağdam rayonuna ezam olunmaları barədə” xx.xx.1994-cü il tarixli, 62 nömrəli əmrində olan 10 günlük Ağdam rayonuna ezam olunan siravi İddiaçı ata adının səhvən “Əkbər” kimi qeyd olunması iddiaçının hazırki tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə iddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar