Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8492/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı “məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh inzibati orqanın imtinası qanunsuz sayılmaqla Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu günədək xidmət illəri və təminat xərcliyi (sonrakı artımlar da nəzərə alınmaqla) nəzərə alınmaqla məlumat vərəqinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 saylı Qərarına uyğun formada hazırlanaraq Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh orqana həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin göstərilməsini məhkəmə formal xəta hesab etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 22 oktyabr 2001-ci ildən 27 avqust 2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müxtəlif qurumlarında işləyib. 27.08.2018-ci ildə Dövlət Gömrük Komitəsində xidmətdən azad olunub. Gömrük orqanlarında ümumi xidmət illəri 16 il 10 ay 4 gün təşkil etmişdir. Bununla yanaşı, Dövlət Gömrük Komitəsində xidmətə qəbul olunmazdan əvvəl: 1990-1995-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda (Azərbaycan Texnologiya İnstitutu) 5 il müddətində əyani təhsil alıb. 10.07.1995-15.07.1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib (2 il, 0 ay, 5 gün). Hesab edir ki, 27.08.2018-ci ildə Dövlət Gömrük Komitəsində xidmətdən azad olunan günədək “xüsusi rütbəli şəxs” kimi güzəştli şərtlərlə pensiya hüququ qazanıb. Lakin cavabdeh orqan onun güzəştli şərtlərlə pensiyamın hesablanması və ödənilməsi üçün üzərinə düşən vəzifəni icra etməmişdir. Cavabdeh orqana müraciəti və ona verilmiş imtina barədə bildirir ki, Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu günədək xidmət illəri və təminat xərcliyim (sonrakı artımlar da nəzərə alınmaqla) nəzərə alınmaqla məlumat vərəqinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 saylı Qərarına uyğun formada hazırlanaraq Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. X4 Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Fərhad Babayevin imzası ilə 09.06.2021-ci il tarixli 1000- 180/180-26/009289 №-li cavab verilmiş, xahişinin yerinə yetirilməsinin “imkan xaricində olduğu” göstərilmişdir. Hesab edir ki, bununla cavabdeh orqan onun müraciətinin icrasından faktiki imtina etmişdir. İmtinanın əsası kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 9.5.3-cü maddələrinə istinad olunmuş və mənim gömrük orqanında xidmət ilimin 16 il 10 ay 4 gün, həqiqi hərbi xidmət illərimin 2 il, 0 ay, 5 gün (cəmi xidmət illərinin 18 il 10 ay 5 gün) təşkil etməsi göstərilmişdir. Hesab edir ki, cavabdeh orqanın yuxarıda göstərilən qaydada müraciətinin icrasından imtinası əsassız və qanunsuz olmaqla, onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh orqana müraciətində istinad etdiyi və hazırki iddia da da sadalanan maddi hüquq normalarının tələbinə görə, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş xüsusi rütbəli şəxs olaraq, o pensiya hüququ qazanmışam. Cavabdeh orqan isə məlumat vərəqinin aidiyyəti orqana təqdim etməməklə mənim pensiya hüququmdan faydalanmağıma qanunsuz maneə yaratmışdır. Cavabdeh orqanın imtinasının qanunsuz, tələbimin əsaslı olmasına dair dəlillərini təqdim edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1.-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında Qanunun” 1.0.3-cü maddəsində “Hərbi qulluqçular”, 1.0.4-cü maddəsində isə “Xüsusi rütbəli şəxslər” nəzərdə tutulmuşdur. Qanunun З.З.-cü maddəsində göstərilir ki, “Bu qanunun 1.0.3.-CÜ maddəsində (hərbi qulluqçular) nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində (xüsusi rütbəli şəxslər) nəzərdə tutulan şəxslərə də şamil edilir. Qanunun 1.0.4.-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında 22.12.2006-cı il tarixli 499 №-li Fərmanının 2.4-cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə - digər icra hakimiyyəti orqanları ilə yanaşı - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 №-li 23.11.1992-ci il tarixli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarının 1-ci bəndində müyyən edilir ki, zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. İstinad olunan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, onun 1990-95ci illərdə ali məktəbdə təhsil aldığı 5 illik müddətin hər ili 6 ay hesablanmaqla 2 il 6 aylıq müddət, hərbi xidmətdə olduğum 2 il 05 gün müddət də nəzərə alınmaqla, Dövlət Gömrük Komitəsində xidmət etdiyi 16 il 10 ay 4 gün müddətin üzərinə toplandıqda, 27.08.2018-ci ildə DGK-də xidmətdən azad olunduğum günədək - xidmət illərim (2 il 6 ay (ali təhsil dövrü) + 2 il 05 gün (hərbi xidmət dövrü) + 16 il 10 ay 4 gün (gömrük orqanında xidmət dövrü = 21 il 4 ay 09 gün)) 20 ildən artıq təşkil edir ki, bu da mənim “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən xüsusi rütbəli şəxs kimi pensiya almaq hüququmun yarandığını təsdiq edir. Nəzərə alınmalıdır ki, o məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə və Nazirlər Kabinetinin 631 №-li qərarına istinad edərək 20 ildən artıq xidmət illərinə görə DGK-dan xidmətdən azad olunduğu günədək pensiya hüququ qazandığını qeyd edib. Cavabdeh orqan isə Qanunun 9.5.1-ci və 9.5.3-cü maddələrinin mənə şamil olunmadığına dair əsassız imtina vermişdir. Nəzərə alınmalıdır ki, Qanunun 9.5.1-ci və 9.5.3-cü maddələrinin şərtləri pensiya hüququ qazanmış şəxslərə münasibətdə hər biri ayrılıqda müstəqil əsas yaradır və 9.5.1-ci maddəsinin tələbinə uyğun olaraq onun pensiya hüququnun yaranması kifayət edir ki, bu hüququnu reallaşdırmaq üçün növbəti hərəkətin edilməsini cavabdeh orqandan tələb etsin. “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə əsasən bu qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavələrdən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından, hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə “Əmək pensiyaları haqqında qanunun” 1.0.3.-cü və 1.0.4.-cü maddələrində nəzərdə tutulmuş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların pensiya hüququ yaranmış işçinin işlədiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması Qaydaları müəyyən edilir. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan üzərinə düşən vəzifəni yerinə yetirməkdən əsassız imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərti ilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununda təhsil müddətinin əmək stajına hesablanması nəzərdə tutulmamış, həmçinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarının tələbinə də ziddir. Qeyd edilənlərdən də müəyyən olunur ki, iddiaçının gömrük orqanlarında xidmət illəri (həqiqi hərbi xidmət daxil olmaqla) 18 il, 10 ay 5 gün təşkil etdiyindən onun pensiya hüququ yaranmır. Göründüyü kimi İddiaçı əmək pensiyası hüququ yaranmadığından ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi qeyri-mümkündür. Bu səbəbdən də İddiaçı iddia tələbi rədd edilməlidir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı cavabdehin nümayəndəsi iştirak etmir.
7. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, iddiaçının təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu müddət onun xidmət illərinə daxil edilməklə məlumat vərəqi verilməlidir. Müvafiq məlumat vərəqi Filiala təqdim olunduğu təqdirdə iddiaçıya müvafiq pensiya təyin olunacaqdır.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
18. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
19. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
22. Məhkəmə müəyyən edir ki, iddiaçının gömrük orqanlarında ümumi xidmət illəri 16 il 10 ay 4 gün təşkil etmişdir. Bununla yanaşı, Dövlət Gömrük Komitəsində xidmətə qəbul olunmazdan əvvəl 1990-1995-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda (Azərbaycan Texnologiya İnstitutu) 5 il müddətində əyani təhsil alıb. 10.07.1995- 15.07.1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib (2 il, 0 ay, 5 gün).
23. Qeyd edilən normaların təhlilindən məhkəmə iddiaçının mülki ali təhsil müəssisələrində təhsil alma formasında keçirdiyi təlim vaxtını bir ili altı ay sayılmaqla və hərbi xidmətdə olduğu müddətin uzun müddət xidmətə daxil edilməsinə dair “qanuni gözləntisi” olduğunu müəyyən edir.
24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”na uyğun formada İddiaçı hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva