Məhkəmə qərarları › İş №2-1(112)-8493/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8493/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8493/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh 7 nömrəli Şəhər Poliklinikasına qarşı “əlilliyi olan şəxs kimi minik avtomobili ilə təmin edilmə üçün göndərişin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh 7 nömrəli Şəhər Poliklinikasına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci qrup Qarabağ Müharibəsi əlili kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə güzəştli növbəlik qaydasında pulsuz avtomobil növbəsinə durmaq üçün tibbi rəy verilməsi ilə əlaqədar xüsusi nəqliyyat növbəsinə götürülməsi ilə bağlı elektron qaydada onlayn altsisteminə göndəriş verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1993-ci ildə Bakı şəhər Yasamal RHK tərəfindən Azərbaycan Respublikasının Ordu sıralarına təkrar hərbi xidmətə çağırılmışdır. 1993-cü il sentyabr ayında N saylı hərbi hissənin tərkibinə Yasamal batalyonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmışdır. ”Sağ çiyinin yuxarı 1/3-nin yumuşaq toxumalarının dəlib keçən odlu silahla güllə yaralanması” diaqnozu verilmişdir. Hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən, aldığı travma nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim komissiyası tərəfindən 546 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İ qrup əlillik təyin edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı “Şizofreniya paranoid forma. Şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi qüsur halı. Kənar şəxslərin köməyinə və nəzarətinə ehtiyacı var. Sağ çiynin yuxarı 1/3-nin yumuşaq toxumalarını dəlib keçən güllə yaralanmasından sonrakı hal. Hipertoniya xəstəliyi İİİ mərhələ ÜÇ-İ f/s.ÜlX qeyristabil stenokardiya, infarktdan sonrakı kardioskleroz” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İ qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına əsasən təsdiq edilmiş əlilliyin və sağlamlıq imkanlarının məhduddluğunun müəyyən olunması meyarlarına dair əsasnaməyə əsəsən əlillərə reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər siyahısında yuxarıda yazılan diaqnozlar göstərilməmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya “Paranoid şizofreniya, Şizofreniya paranoid forma. Şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi qüsur halı. Kənar şəxslərin köməyinə və nəzarətinə ehtiyacı var Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah zədəsi. Sağ çiynin yuxarı 1/3-nin yumuşaq toxumalarının dəlib keçən güllə yaralanmasından sonrakı hal. Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİİ dərəcə. ÜÇ 1 f/s. Paranoid şizofreniya, Şizofreniya paranoid forma. Şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi qüsur halı. Kənar şəxslərin köməyinə və nəzarətinə ehtiyacı var. Stenokardiyanın digər formaları, ÜİX qeyri stabil stenokardiya, infarktdan sonrakı kardioskleroz (2006)” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəbli əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu göstərilmişdir. İddiaçı reabilitasiya vasitəsi kimi minik avtomobili ilə təmin olunması üçün göndəriş verilməsi ilə bağlı hazırkı iddianı qaldırmış, cavabdeh qismində 7 nömrəli Şəhər Poliklinikasını göstərmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat”a əsasən: - bənd 1. Tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən növbə qaydasında həyata keçirilir. - bənd 2. Əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyası (TSEK) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər. - bənd 8. Əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-ə göndəriş verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə yuxarıda istinad olunan Təlimat ləğv olunmuş və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin qərar 24 dekabr 2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qaydaya əsasən: - Bənd 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. - Bənd 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - Bənd 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. - Bənd 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. - Qaydanın əlavəsinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:

1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;

2. ağciyər çatışmazlığı, İİ dərəcəli;

3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;

4. hemiplegiya, nəzərəçarpan hemiparez;

5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom;

6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;

7. hər iki aşağı ətrafın fillik xəstəliyi;

8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;

9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;

10. hər iki bud-çanaq oyna-ğının ankilozu;

11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ- İV dərəcəli əyilmələr;

12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə);

13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;

14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;

15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.5. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, sadalanan normalardan görünür ki, əvvəllər qüvvədə olan qanunvericiliyə əsasən xüsusi nəqliyyat vasitəsi almaq üçün müalicə müəssisəsi TSEK-ə göndəriş verir, TSEK də əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında rəy verir və buna müvafiq olaraq şəxs xüsusi nəqliyyat vasitəsi ilə təmin edilirdi. Qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra minik avtomobili əlillik təyin edilərkən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstəriş olduğu halda Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilir və Sosial Xidmətlər Agentliyi tərəfindən verilir. İşdən görünür ki, iddiaçı qanunvericiliyə edilmiş dəyişiklikdən sonra, xx.xx.2021-ci ildə göndəriş verilməsi üçün müalicə müəssisəsinə (hazırkı halda cavabdehə) müraciət etmişdir. Halbuki yuxarıda sadalanan normalardan görünür ki, əlilliyi olan şəxslərin minik avtomobili ilə təmin edilməsi üçün əlavə göndərişə ehtiyac yoxdur. Bu qərar şəxsə əlillik təyin edən Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən müvafiq tibbi göstəriş olduqda birbaşa qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi qüvvədə olan qanunvericiliyin tələbləri baxımından mümkün sayıla bilməz. İddiaçının müvafiq tələblə aidiyyəti quruma ilkin müraciəti olmadığından məhkəmə cavabdehin əvəz edilməsinə zərurət görmür. Bu zaman o da nəzərə alınır ki, iddiaçıya qoyulmuş diaqnoz Qaydanın əlavəsində göstərilən minik avtomobili üçün nəzərdə tutulan tibbi göstərişlərə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar