Məhkəmə qərarları › İş №2-1(112)-8496/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8496/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8496/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə “soyadın dəyişdirilməsi və doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun soyadının “Karacov”-dan “Eminov”-a, ata adının isə “İsmayıloviç”dən “İsmayıl” oğluna dəyişdirilməsi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsaslanaraq soyadının “Karacov”dan yenidən “Eminov” a qaytarılmasının mümkün olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8496/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ata adının dəyişdirilməsi” hissəsində iddia mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi -əvvəlki formanın bərpa edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı məhkəmə aşağıdakiları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: . 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır; 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi (o cümlədən növbəti dəfə) hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq aşağıdakılar nəzərə alınmalıdır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi Mülki Məcəllə soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçiriləcəyi müəyyən edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarını nəzərdə tutur. Sözügedən Qaydalar isə soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər nəzərdə tutur. Başqa sözlə, soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Gürcüstan şəhərində anada olmuş, onun soyadı “Eminov” göstərilmiş, lakin “Eminov” soyadı üstündə xətt çəkilərək onun soyadı “Kacarov” soyadına dəyişdirilmişdir. Doğum haqqında akt qeydində düzəlişin edilməsi iddiaçının öz şəxsi iradə ifadəsi ilə həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı öz şəxsi arzusuna əsasən soyadını dəyişdirmiş, beləliklə də o, mülki qanunvericiliklə ona verilmiş potensial hüququndan bir dəfə istifadə etmiş, bundan bir neçə il ötdükdən sonra isə təkrarən soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqana müraciət etmişdir ki, cavabdeh iddiaçının soyadının dəyişdirilməsindən imtina etmişdir. İş materiallarını nəzərdən keçirdikdə görünür ki, iddiaçı soyadının təkrarən dəyişdirilməsi ilə bağlı mötəbər və tutarlı əsas gətirə bilməmiş, bundan başqa onun soyadının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş halların mövcudluğu da müəyyən olunmamışdır. Beləliklə, iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanundan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olubolmadığının müəyyənləşdirilməsidir. Bununla bağlı olaraq məhkəmə Avropa Məhkəməsinin yerləşmiş presedent hüququnu bir daha xatırladır ki, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu mənada, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsinə gətirilən məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim marağını təmin etməyə xidmət edir. Məhkəmə hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyad daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləyişi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləyişi baxımından problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolveriləndir. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirilmə aparılan zaman iddiaçının soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı belə səbəblər kimi o hala istinad edir ki, o, soyadını dəyişdirərkən onun valideyinləri arasına ailə münaqişələri yaranmış, lakin hazırda aralarında barışıq əldə olunduğundan, onun hazırki soyadı, yəni “Kacarov” soyadını daşımaq üçün hər hansı bir səbəbi qalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının göstərdikləri kifayət qədər ağlabatan, tutarlı və inandırıcı səbəblər kimi qəbul edilə bilməzlər. Belə ki, iddiaçının gətirdiyi bu dəlil onun soyadının təkrarən əvvəlki soyada dəyişdirilməsi üçün əsas vermir. İddiaçının hazırki soyadının daşıması isə demokratik cəmiyyətdə də hər hansı məhdudiyyət xarakterinə səbəb olmur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ad və soyadının ikinci dəfə dəyişdirilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur. Sözügedən imtina həm qanunla nəzərdə tutulmuş, həm legitim məqsədə yönəlmiş və həm də demokratik cəmiyyətdə zəruri olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 29/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yuxarıda qeyd edilən “Qaydalar”ın 6.3-cü bəndinin tələbindən göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Hazırkı işdə “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallar mövcud deyil. Həmin müddəalar məhkəmələr tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilmişdir.” Həmçinin kassasiya instansiya məhkəməsinin eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-479/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)- 2535/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarlarında da əks olunmuşdur. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar