Məhkəmə qərarları › İş №2-1(112)-8498/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8498/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8498/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə İddiaçı Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozda 1973-cü ildən 05.05.1974-cü ilədək kolxozçu, 1974-cü 05.05 il tarixindən 05.06.1976-cı illəri hərbi xidmətdə, 1976-cı il 05.06 tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illəri (faktiki müddəti nəzərə alınmaqla) hüquqların yarandığı yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən 22.04.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü ildən 05.05.1974-cü ilədək Zaqatala rayonu Yengiyan kəndi “1 may” adına kolxozunda kolxozçu, 1974-cü 05.05 il tarixindən 05.06.1976-cı illəri hərbi xidmətdə, 1976-cı il 05.06 tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci ilədək naxırçı işində işləmişdir. Həmin iş stajını Azəbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivindən 19.04.2021-ci il tarixli 4509 №-li Arxiv arayışı ilə də təsdiq edə bilər. Zaqatala Rayon Dövlət Arxivindən aldığı arayışı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon Sahəsinə müraciət etmişdir. Lakin ona ********** №-li 27 may 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında imtina məktubu gəlmişdir. İmtina məktubundan görünür ki, “1 may” adına kolxozunda işlədiyi dövrləri yalnız məhkəmə qərarı ilə təsdiq etdikdən sonra onun pensiya işinə yenidən baxıla bilər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin 1973-1997-ci illərdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən “1 May adına kolxoz”da olan əmək fəaliyyəti əmək kitabçasında qeyd edilmədiyindən filial yaşa görə pensiyasını təyin etməkdən əsaslı olaraq imtina etmişdir. Bundan sonra İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, o, qeyd olunan illərdə Zaqatala rayonu Yengiyan kəndi “1 May adına kolxoz”da işləmiş, həmin illər arxiv arayışlarında qeyd edilmiş, bu səbəbdən sosial sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Belə ki, İddiaçı 1973-1997-ci illərdə Zaqatala rayonu Yengiyan kəndində yerləşən “1 May adına kolxoz”da işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəməyə ünvanladığı 05.10.2021-ci il tarixli müraciətində uzun illərdir infakt xəstəsi olduğu, həkimlərin ona uzaq yola çıxmağa icazə vermədiyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının müraciətini nəzərə alaraq şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Zaqatala rayonu, Yengiyan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 05 iyul 2021-ci il tarixli, 151 nömrəli arayışında göstərilmişdir ki, verilir Zaqatala RİHB-nın Yengiyan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən İddiaçı ondan ötrü ki, o, həqiqətən Yengiyan kənd sakinidir və hal-hazırda Yengiyan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 29.05.1974-cü ildə hərbi ximətə çağırılmış, 03.06.1976-cı ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Dövlət Arxivinin 19.04.2021-ci il tarixli, 4509 nömrəli arxiv arayışına əsasən Zaqatala rayon Yengiyan kəndi “1 may” adına kolxozun şəxsi hesab kitabları yoxlanıldıqda İddiaçı aşağıdakı illər üzrə işləməsi və ona əmək haqqı və sairə hesablanması qeyd edilmişdir: Kolxozçu vəzifəsi üzrə işlənmiş əmək günü miqdarı 1973-cü ildə 194 gün, 1974-cü ildə 110 gün, 1976-cı ildə 171 gün, 1977-ci ildə 256 gün, 1978-ci ildə 235 gün, 1979-cu ildə 245 gün, traktorist vəzifəsi üzrə 1980-ci ildə 174 gün, 1981-ci ildə 256 gün, 1982-ci ildə 232 gün, 1983-cü ildə 234 gün, naxırçı vəzifəsi üzrə 1984-cü ildə 365 gün, 1985-ci ildə 364 gün, 1986-cı ildə 365 gün, 1987-ci ildə 292 gün, 1988-ci ildə 347 gün, 1989-cu ildə 285 gün, 1990-cı ildə 318 gün, 1991-ci ildə 291 gün, 1992-ci ildə 365 gün, 1993-cü ildə 274 gün, 1994-cü ildə 246 gün, 1995-ci ildə 236 gün, 1996-cı ildə 309 gün, 1997-ci ildə 289 gün. Məhkəmənin sorğusuna cavab olaraq Zaqatala Rayon Dövlət Arxivinin 11 avqust 2021-ci il tarixli, 31 nömrəli məktubu ilə Zaqatala rayonu Yenigiyan kənd 1 May kolxozunda işləmiş İddiaçı işləməsinə dair kolxozçulara iş stajının hesablanması kitabından 1980- 1997-ci illərin staj kitabı və şəxsi hesab kitablarından 1973/1974/1976/1977/1978/1979-cu illərin vətəndaşa aid hissəsinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Eyni zamanda arxiv idarəsinin adıçəkilən məktubunda qeyd olunmuşdur ki, Yengiyan kənd 1 May kolxozunda kişilər üçün minimum adam günü norması 1973-1979-cu illərdə 180 adam günü, 1980-1984-cü illərdə 220 adam günü, 1985-1997-ci illərdə 200 adam günü müəyyən edilmişdir (Əsas: Həmin kolxozun staj kitabları). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 27 may 2021-ci il tarixli, **********4 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialından daxil olmuş 23.04.2021ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərə əsasən sizin 01.01.2006-cı il tarixədək ümumi sığorta stajınız 2 il 1 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildirilir ki, təqdim etdiyiniz arxiv arayışında göstərilən “1 May” adına kolxozunda işlədiyiniz dövrləri məhkəmə qərarı ilə təsdiq etdikdən sonra pensiya işinizə yenidən baxıla bilər. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixədək stajı tələb olunan 25 ildən azdır, yəni 02 il 01 aydır və 01.01.2006-cı il tarixdən 01.07.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və onun kolxozda işlədiyi müddətin nəzərə alınaraq 22.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını 21.04.2021-ci il tarixdə tamamlamışdır. İddiaçı kolxozda işlədiyi müddətin və hərbi xidmət illərinin sığorta stajına hesablanmalı olduğunu iddia edir və bununla bağlı arxiv arayışına istinad edir. Cavabdeh orqan sosial sığorta stajını təsdiq edən sənədlər qismində arxiv arayışlarının nəzərdə tutulmadığını, iş stajını təsdiq edən sənədin əmək kitabçası olduğunu, arxiv arayışı üzrə iş stajının yalnız əmək kitabçasında öz əksini tapdığı halda həmin dövrün sığorta stajına hesablana bildiyini qeyd edərək iddiaya etiraz edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı “1 May” adına kolxozda işləmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş, həmin arayışla yanaşı məhkəməyə kolxozda staj kitabı və şəxsi hesab kitablarından iddiaçıya aid olan hissə ilə bağlı sənədlər təqdim edilmişdir. Dövlət arxivindən verilmiş həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının kolxozda işlədiyi müddət onun iş stajına hesablanmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Zaqatala Rayon Dövlət Arxivinin arxiv arayışından görünür ki, “1 May” adına kolxozda kişilər üçün 1973-1979-cu illərdə minimum adam günü norması 180 adam günü olmuş, iddiaçı 1973-cü ildə 194 gün, 1977-ci ildə 256 gün, 1978-ci ildə 235 gün, 1979-cu ildə 245 gün işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. Lakin 1974-cü ildə 110 gün və 1976cı ildə 171 gün işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin illər iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının 1974-cü ildə faktiki işlədiyi müddət 07 ay 04 gün (110x12/180=7,33), 1976-cı ildə faktiki işlədiyi müddət 11 ay 04 gün (171x12/180=11,4) müəyyən edilir. Həmçinin adıçəkilən kolxozda kişilər üçün 1980-1984-cü illərdə minimum adam günü norması 220 adam günü olmuş, iddiaçı 1980-ci ildə 174 gün işləməklə minimum əmək iştirakı norması ödənilmədiyindən həmin il iş stajına tam il kimi deyil, yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Belə olan halda 1980-ci ildə faktiki işlədiyi müddət 09 ay 05 gün (174x12/220=9.49) müəyyən edilir. İddiaçı 1981-ci ildə 256 gün, 1982-ci ildə 232 gün, 1983-cü ildə 234 gün, naxırçı vəzifəsi üzrə 1984-cü ildə 365 gün işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. Eyni zamanda adıçəkilən kolxozda kişilər üçün 1985-1997-ci ilərdə minimum adam günü norması 200 adam günü olmuş, iddiaçı 1985-ci ildə 364 gün, 1986-cı ildə 365 gün, 1987-ci ildə 292 gün, 1988-ci ildə 347 gün, 1989-cu ildə 285 gün, 1990-cı ildə 318 gün, 1991-ci ildə 291 gün, 1992-ci ildə 365 gün, 1993-cü ildə 274 gün, 1994-cü ildə 246 gün, 1995-ci ildə 236 gün, 1996-cı ildə 309 gün, 1997-ci ildə 289 gün işləməklə tələb olunan minimum adam günü normasını işlədiyindən həmin illər iddiaçının iş stajına tam il olaraq hesablanmalıdır. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də hərbi xidmət dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanunverici hərbi xidmət və əmək fəaliyyəti dövrlərinin üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmətdə olmasının nəticəsidir ki, iddiaçı hərbi xidmətə çağırıldığı 29.05.1974-cü ilədək kolxozda həmin il üçün müəyyən edilmiş minimum adam günü normasını tam ödəməmiş, cəmi 110 əmək günü işləmiş, hərbi xidmətdə olduğu 1975-ci ildə ümumiyyətlə kolxozda işləməmiş, eyni zamanda hərbi xidmətdən qayıtdıqdan sonra 03.06.1976-cı il tarixdən sonra həmin il üçün müəyyən edilmiş minimum adam günü normasını tam ödəməmiş, cəmi 171 əmək günü işləmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qanunla əmək fəaliyyəti və hərbi xidmət dövrünün ümumi iş stajına daxil edildiyini nəzərə alaraq iddiaçının hərbi xidmət dövrünü tam, yəni 02 il 06 gün olmaqla, eyni zamanda hərbi xidmət dövrü ilə üst-üstə düşməyən 1974-cü ildə 110 əmək günü və 1976-cı ildə 171 əmək gününü yuxarıda qeyd edilmiş faktiki işləmə müddəti nəzərə almaqla ümumi iş stajına hesablayır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövr 21 tam il (1973, 1977-1979, 1981-1997 daxil olmaqla) + kolxozda faktiki işlədiyi müddət 02 il 03 ay 13 gün (07 ay 04 gün+11 ay 04 gün+09 ay 05 gün) 23 il 03 ay 13 gün edir. Eyni zamanda iddiaçının 29.05.1974-cü ildən 03.06.1976-cı ilədək olan hərbi xidmət dövrü 02 il 06 gün olmaqla nəzərə alındıqda cəmi iş stajının 25 il 03 ay 19 gün olduğu müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia tələbində hərbi xidmət dövrünün nəzərə alınmaqla pensiya təyin edilməsini xahiş etsə də, tələbin nəticə hissəsində hərbi xidmət dövrünü 05.05.1974- 05.06.1976-cı illər olaraq qeyd etmişdir. Məhkəmə İPM-nin 52-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığını əsas götürüb və iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi biletdə hərbi xidmət dövrünün 29.05.1974-cü ildən 03.06.1976-cı illər olduğunu nəzərə alıb iddiaçının tələbində qeyd etdiyi 05.05.1974-05.06.1976-cı illəri texniki səhv olaraq qəbul edir. İnzibati Prosessual Məcəllənin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozda 1973-cü ildən 29.05.1974-cü ilədək kolxozçu, 29.05.1974-cü il tarixindən 03.06.1976-cı illərdə hərbi xidmət, 03.06.1976cı il tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüquqların yarandığı yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən 22.04.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Zaqatala rayonu Yengiyan kəndi “1 May” adına kolxozda 1973-cü ildən 29.05.1974-cü ilədək kolxozçu, 29.05.1974-cü il tarixindən 03.06.1976-cı illərdə hərbi xidmət, 03.06.1976-cı il tarixdən 1979-cu ilədək kolxozçu, 1980-ci ildən 1983-cü ilədək traktorist, 1984-cü ildən 1997-ci il tarixədək naxırçı işlədiyi illər (faktiki müddət) nəzərə alınmaqla hüquqların yarandığı yaşa görə əmək pensiyası təyin edilərək cavabdehə müraciət etdiyi tarixdən 22.04.2021-ci ildən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar