Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8498/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “avtomobilin tam mülkiyyət hüququ ilə qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “avtomobilin tam mülkiyyət hüququ ilə qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 03 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin tam mülkiyyət hüququ ilə onun adına sənədləşdirilməsi üçün cavabdehə etdiyi müraciət təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin tam mülkiyyət hüququ ilə İddiaçı adına sənədləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-6039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6039/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 (üçdə iki) hissəsinə İddiaçı və 1/3 (üçdə bir) hissəsinə X1 payı müəyyən edilmişdir. Tələbin yönəldiyi “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 20000 (iyirmi min) manat ilkin bazar qiyməti qoyulmuşdur. "xxxx" MMC-nin 104/23 saylı xx.xx.2023 tarixli hərracın baş tutmamasına dair yekun protokoluna əsasən hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin “üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif olunması barədə” 29 noyabr 2023-cü il tarixli qərarına əsasən tələbin yönəldiyi X1 1/3 (üçdə bir) hissəsinə payı olan “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil tələb əvəzində 1/3 (üçdə bir) hissəsinə 20000:3=6666 manata uyğun nisbətdə tələbkar İddiaçı təklif edilmişdir. İddiaçı “İcra haqqında” qanunun 53.3-cü maddəsinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin “üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif olunması barədə” 29 noyabr 2023-cü il tarixli qərarına əsasən tələbin yönəldiyi X1 1/3 (üçdə bir) hissəsinə payı olan “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələb əvəzində 1/3 (üçdə bir) hissəsinə 20000:3=6666 manata uyğun nisbətdə ona təklif olunmasını qeyd olunan icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə ilə qəbul etmişdir. Binəqədi Rayon İcra şöbəsinin AR DİN Baş X7 İdarəsinin Qeydiyyat-imtahan şəbəsinə ünvanladığı xx/xx-287322-3 saylı xx.xx.2024cü il tarixli məktubu ilə “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin “İcra haqqında” qanunun 53.3-cü maddəsinə əsasən İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunmuşdur, lakin həmin müraciət nəticəsiz qalmışdır. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 8(001)-1063/2023 saylı 19 dekabr 2023-cü il tarixli qərardadına əsasən qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən “X6” minik markalı, **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına sənədləşdirilməsi xahiş olunmuş, xəbərnaməyə əsasən həmin ərizə cavabdeh tərəfindən təhvil alınmış, lakin cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən onun xx.xx.2024-cü il tarixli ərizədəki tələbinin yerinə yetirilməsindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X1 mülkiyyətində olan “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Honda CRV” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil paylara bölünməklə, “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 (üçdə iki) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə cavabdeh X1, “Honda CRV” minik markalı, **-SV-*** dövləl qeydiyyat nişanlı avtomobilin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 2/3 (üçdə iki) hissəsinə cavabdeh X1 payı müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldildiyi borclu X2 məxsus X6 minik markalı **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə tələbkar İddiaçı oğluna təqdim edilməsi və X6 minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili iş üzrə tələbkar İddiaçı icra üsuluna uyğun adına sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədlər AR DİNnin Baş X7 İdarəsinə göndərilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-1063/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-644/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-301/2022 saylı icra vərəqəsinin icrasının təmin olunması məqsədilə borclu X2 məxsus X6 minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilmişdir. Tətbiq edilən hüquq: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. ... V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. … V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir... Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; ... dövlət qeydiyyatına alınırlar. 1.3…. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. … 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. “İcra hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunu: Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 53. Üzərinə həbs qoyulmuş əmlakın satılması 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. ... 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunu: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından aydın olur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6039/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 (üçdə iki) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə cavabdeh X1 payı müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin “üzərinə həbs qoyulmuş əmlakın tələbkara təklif olunması barədə” 29 noyabr 2023-cü il tarixli qərarına əsasən “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil tələb əvəzində 1/3 (üçdə bir) hissəsinə 20000:3=6666 manata uyğun nisbətdə tələbkar İddiaçı təklif edilmişdir. Təklif İddiaçı tərəfindən qəbul edilmiş və Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə üzərinə həbs qoyulmuş və tələbin yönəldildiyi borclu X2 məxsus X6 minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə tələbkar İddiaçı oğluna təqdim edilməsi və X6 minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili iş üzrə tələbkar İddiaçı icra üsuluna uyğun adına sənədləşdirilməsindən ötrü toplanmış zəruri sənədlər AR DİN-nin Baş X7 İdarəsinə göndərilməsi qərara alınmışdır. Eyni zamanda Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-1063/2023 saylı qərardadı ilə X6 minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilmişdir. İcra şöbəsinin və İddiaçı “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin tam mülkiyyət hüququ ilə İddiaçı adına sənədləşdirilməsi barədə müraciətinə baxmayaraq cavabdeh tərəfindən tələb təmin edilməmişdir. Məhkəmə hesab edir ki, avtomobilin qeydiyyata alınmasından imtina edilə bilməz. Belə ki, avtomobilə dair mülkiyyət hüququ ilə bağlı məsələ məhkəmə və icra qaydasında həll edilmişdir. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı və icra məmurunun qərarı vardır. Cavabdeh orqan hazırkı mübahisədə sadəcə qeydiyyat hərəkətlərini aparan inzibati orqan kimi çıxış edir. Lakin o, qeydiyyat hərəkətlərinin aparılmasından əsassız olaraq imtina etmişdir. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni olaraq mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmamasını iddiaçının mülkiyyət hüququnu reallaşdırmasına maneə kimi qiymətləndirir. Qanunvericilik inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “X6” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8498/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8498/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver