Məhkəmə qərarları › İş №2-1(112)-85/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-85/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-85/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X5 və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 87 saylı, 19 aprel 2010-cu il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə rəsmi nikahda olmuşdur. M.Məmmədovla birgə nikahda olduqları müddətdə, yəni 2005-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi 141 saylı evin yanında olan torpaq sahəsinin 18.000 ABŞ dollarına alqı-satqısına dair X1 ilə razılığa gəlmişlər. Həmin məbləğdən 12.000 ABŞ dollarının və hər biri 100-lük əskinaz olmaqla 16 sentyabr 2005-ci il tarixdə H.Şahverdiyevə vermişlər. Qalan 6.000 ABŞ dollarını isə 13 oktyabr 2005-ci il tarixdə H.Şahverdiyevə vermişlər. Həmçinin ünvan 1 ünvanda evi olan X5 həyat yoldaşına etibarnamə verərək özünə məxsus evlə bağlı bütün hüquqları həyata keçirmək səlahiyyəti vermişdir. O, həyat yoldaşı M.Məmmədovla birlikdə N.Qaffarovun etibar etdiyi evi sökərək həmin evin yerində bir ədəd iki mərtəbəli 3 otaqlı ev, habelə H.Şahverdiyevdən aldıqları torpaq sahəsində ayrıca bir ədəd iki mərtəbəli 4 otaqlı ev tikmişlər. Lakin Cavabdeh başçısının 87 saylı, 19 aprel 2010-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi 141 saylı evdə X5 tərəfindən özünə aid hissəni sökərək yerində ikimərtəbəli, ümumi sahəsi 133,27 kv.metr yaşayış sahəsi 91,54 kv.metr 7 otaqdan ibarət yaşayış evi tikməsi nəzərə alınaraq həmin ölçüdə sənədləşdirilməsi qərara alınmışdır. Göstərilən sərəncam həqiqəti əks etdirmir. Belə ki, X5 tərəfindən həmin ünvanda hər hansı sahə, o cümlədən sərəncamda göstərilən sahələr inşa edilməmişdir. Odur ki, həmin sərəncam ləğv olunmalıdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3507/2017 nömrəli, 10 iyul 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının Z.Kərimov küçəsi 141 saylı evdə aparılmış tikinti dəyişikliklərinin sənədləşdirilməsi haqqında qəbul etdiyi xx.xx.2010-cu il tarixli 87 saylı sərəncamı ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 254 nömrəli, xx.xx.2017-ci il tarixli “Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3507/2017 saylı qərarının icrası haqqında Sərəncamına əsasən qeyd olunan məhkəmə qərarında Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi 141 saylı evdə aparılmış tikinti dəyişikliklərinin sənədləşdirilməsi haqqında Cavabdeh başçısının qəbul etdiyi xx.xx.2010-cu il tarixli 87 saylı sərəncamı ləğv edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3507/2017 saylı işi üzrə "xxxx" ASC-nin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3507/2017 saylı qərarı qəbul edilərkən "xxxx" ASC-nin hüquq və vəzifələrinə toxunulmuşdur. Belə ki, sözügedən məhkəmə prosesi zamanı artıq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi 141a fərdi yaşayış evindən 54,7 kv.m-dən ibarət 4 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3507/2017 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3507/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" ASC hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü, prosessual müddətin ötürülməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyini bildirərək iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddianın mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxs X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. İddiaçı cavabdehin xx.xx.2010-cu il tarixli sərəncamını (inzibati aktını) mübahisələndirir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı cavabdehin Sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşlər. Belə ki, mübahisələndirilən Sərəncam 2010-cu il tarixlidir. Mübahisələndirilən Sərəncamın qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2148/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2783/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-478/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1044/2024, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1463/2024 nömrəli qərarı). Məhkəmə həmçinin qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mart 2017-ci il tarixli ərizədən görünür ki, o, sözügedən sərəncamın ləğv edilməsi barədə cavabdehə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qeyd olunan sərəncamın qəbul olunmasından 2017-ci ilin mart ayında məlumatlı olmuşdur. Lakin iddiaçı həmin tarixdə məhkəməyə deyil, mübahisəli Sərəncamın ləğv edilməsi ilə bağlı cavabdehə müariət etmişdir. Məhkəmə qeyd edir ki, bu hal iddiaçının hüquqlarının pozulmasının bildiyi (müddətin axımının başlanması) anı kimi qəbul edilsə belə, iddiaçı həmin vaxtdan da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdur. Belə ki, hazırda qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı cavabdehin xx.xx.2010-cu il tarixli 87 saylı Sərəncamından mart 2017-ci il tarixdən sonra məlumatlı olduğu halda, həmin Sərəncamdan 30 gün müddətində iddia verə bilərdi. Lakin iddiaçının iddia ərizəsi xx.xx.2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçı həmin Sərəncamın ona məlum olmasını bildiyi vaxtdan 2 ay sonra məhkəməyə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı X5 və "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar