Məhkəmə qərarları › İş №2-1(112)-850/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-850/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-850/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı «avtomobilə qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə qarşı «avtomobilə qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC tərəfindən Böyük Britaniyadan alınmış “Mersedes Smart” markalı, WME4514331K648204 şassi nömrəli, istehsal buraxılışı 2012-ci il olan avtomobil 19 noyabr 2012-ci il tarixdə gömrük orqanı tərəfindən **********7790 saylı gömrük bəyannaməsi tərtib edilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilmişdir. MMc-nin nümayəndələri həmin avtomobilin gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərini itirmişlər. Bu səbəbdən də avtomobilin dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmamışdır. 2021-ci ilin mart ayında iddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə ərizə ilə müraciət olunmuşdur. Avtomobilin gömrük rəsmiləşdirilməsi üzrə sənədlərin alınması ilə bağlı gömrük orqanına sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq gömrük orqanından bildirilmişdir ki, idxal-ixrac əməliyyatları haqqında sənədlərin saxlanma müddəti bitdiyi üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli 6 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydası»nın 11-ci bəndinə əsasən məhv edilmişdir. O səbəbdən həmin avtonəqliyyat vasitəsinə aid sənədlərin təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsi Gömrük Komitəsinin cavabına istinad edərək 12 mart 2021-ci il tarixdə məsələnin həllindən imtina etmiş və avtomobilin dövlət qeydiyyatına alaınması üçün göstərilənləri, eləcə də məhkəmədə həmin nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət olunmasını tövsiyə etmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1, 61-ci maddələrinə, İPM-in 2.2.2, 33, 73-cü maddələrinə əsaslanaraq, “Mersedes Smart” markalı, WME4514331K648204 şassi nömrəli, istehsal buraxılışı 2012-ci il olan qara rəngli avtomobilin İddiaçı MMC-nin adına (mülkiyyəti kimi) qeydə alınaraq bu barədə müvafiq şəhadətnamənin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdehn üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə göndərilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 5.1-ci bəndində inzibati orqan qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə iddia ərizəsində cavabdeh olaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsi”nin göstərilməsini formal xəta qismində qiymətləndirmiş və cavabdeh kimi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi”ni qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi nəzərdə tutulmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Dövlət Gömtük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin DİN Baş X1 İdarəsinə ünvanlanmış 10 mart 2021-ci il tarixli məktubunda bildirilir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı şirkəti tərəfindən Böyük Britaniyadan alınmış 1 ədəd “Mersedes Smart” markalı, WME4514331K648204 şassi/ban nömrəli, 2012-ci il buraxılışlı minik avtomobili 19 noyabr 2012-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən **********7790 saylı gömrük bəyannaməsi tərtib edilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilmişdir. İxdal-ixrac əməliyyatları haqqında saxlanma müddəti bitmiş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 bömrəli 6 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydaları»nın 11-ci bəndinə əsasən məhv edilmişdir. Bu səbəbdən həmin avtonəqliyyat vastəsinə aid sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin İddiaçı MMC-yə ünvanlanmış 12 mart 2021-ci il tarixli məktubunda bildirilir ki, “Mersedes Smart” markalı, 2012-ci il buraxılışlı, WME4514331K648204 şassi nömrəli avtonəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnu təsdiq edən, dövlət qeydiyyatına alınma üçün əsas olan sənədlərin (yük gömrük bəyannaməsi, gömrük vəsiqəsi və nəqliyyat vasitəsinə aid sənədləri) itirilməsi ilə əlaqədar həmin nəqliyyat vasitəsinin DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınması qeyri-mümkündür. Odur ki, avtomobilin dövlət qeydiyyatına alınması üçün göstərilənlərə, eləcə də məhkəmədə həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Dövlət Gömtük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, “Mersedes Smart” markalı, WME4514331K648204 şassi/ban nömrəli, 2012-ci il buraxılışlı avtonəqliyyat vasitəsi 19 noyabr 2012-ci il tarixdə **********7790 saylı gömrük bəyannaməsi əsasında İddiaçı MMC-nin (VÖEN **********) adına rəsmiləşdirilmişdir. İxdal-ixrac əməliyyatları haqqında saxlanma müddəti bitmiş sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 bömrəli 6 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydaları»nın 11-ci bəndinə əsasən məhv edilmişdir. Bu səbəbdən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən həmin nəqliyyat vasitəsinə aid sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada Nazirlik aşağıdakı vəzifələri yerinə yetirir: - (3.1.18) avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edilməsini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edir, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə qeydiyyatın, təhqiqatın və istintaqın aparılmasını təmin edir, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edir və hesabatını aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 1.2-ci bəndinə görə mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi inzibati orqan kimi İddiaçı MMC-nin müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin (iddia ərizəsi məhkəməyə 1 oktyabr 2021-ci il tarixdən əvvəl daxil olmuşdur) tələblərinə uyğun olaraq cavabdehin olduğu Bakı şəhərinin Binəqədi rayonu üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 2.8-ci bəndinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə, 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Göründüyü kimi, mövcud qanunvericilik normaları hüquqi və fiziki şəxslər tərəfindən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün gömrük orqanlarının verdiyi gömrük bəyannaməsi və icazə (vəsiqə) sənədinin qeydiyyat orqanına təqdim olunmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə İddiaçı MMC tərəfindən Böyük Britaniyadan idxal olunmuş və “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru alıtında “Mersedes Smart” markalı (2012-ci il buraxılışlı, WME4514331K648204 şassi nömrəli) minik avtomobilinə dair gömrük bəyannaməsi və digər sənədlər cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə itirilməsi səbəbindən təqdim olunmasa da, həmin sənədlərin surəti və dublikatı deyil, sözügedən nəqliyyat vasitəsi barədə 19 noyabr 2012-ci il tarixdə gömrük rəsmiləşdirilməsinin aparılmasını təsdiq edən aidiyyəti səlahiyyətli orqanın arayışı (məktubu) mövcuddur və həmin arayış həm inzibati icraatda cavabdeh inzibati orqana təqdim olunmuş, həm də məhkəmə icraatında başqa məktubla təsdiqlənmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın İddiaçı MMC-yə məxsus olan “Mersedes Smart” markalı (2012-ci il buraxılışlı, WME4514331K648204 şassi nömrəli) minik avtomobilinin qeydiyyata alınması və ona dövlət nömrə nişanının verilməsindən imtinası formal dəlillərə söykənmiş sayılmalı və qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasaına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 7 fevral 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - “Mersedes Smart” markalı WME4514331K648204 şassi nömrəli avtonəqliyyat vasitəsinin “İnterpol” tərəfindən axtarışda və ya üzərində hər hansı məhdudiyyətin olması barədə DİN Baş X1 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Mersedes Smart” markalı, WME4514331K648204 şassi nömrəli, istehsal buraxılışı 2012-ci il olan qara rəngli avtonəqliyyat vasitəsinin İddiaçı MMC-nin adına (mülkiyyəti kimi) qeydə alınaraq bu barədə müvafiq şəhadətnamənin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “Mersedes Smart” markalı, WME4514331K648204 şassi nömrəli, istehsal buraxılışı 2012-ci il olan qara rəngli avtonəqliyyat vasitəsinin İddiaçı MMC-nin adına (mülkiyyəti kimi) qeydə alınaraq bu barədə müvafiq şəhadətnamənin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar